Məhkəmə qərarları › İş №2(107)-153/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-153/2022

08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-153/2022 08.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər, delikt, əsassız varlanma, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-353/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32450 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2000-ci ildə Mingəçevir şəhərində yaşayan Cavabdeh mülkiyyətində olan, yaşadıqları kənddə yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satdığı barədə məlumat alaraq mərhum qardaşı Şirvan Rəsulovla birlikdə həmin torpaq sahəsinin alqı-satqısı barədə cavabdehlə razılaşmış və 1.000.000 AZN, mərhum qardaşı isə 200.000 AZN ödəməklə torpaq sahəsini cavabdehdən qeyri-rəsmi almışlar. Cavabdehdən aldıqları torpaq sahəsinin 0.90 ha hissəsini özü, 0,27 ha hissəsini mərhum qardaşı Şirvan Rəsulov istifadə etmişdir. Torpaq sahəsini aldıqdan 1 il yarım sonra qardaşı Şirvan Rəsulov vəfat etmişdir. İstifadəsində olan torpaq sahəsinin çox hissəsindən yonca sahəsi kimi istifadə etmiş, bir hissəsində isə istixana quraşdırmışdır. Aldığı torpaq sahəsinin yarısı şoran olmuş və mən xeyli məbləğdə vəsait xərcləyərək yararsız olan torpaq sahəsini təmizlədib yararlı hala salmışdır. 2010-cu ildə yaşamaq üçün kəndə qayıdan cavabdeh onunla torpaq sahəsinə görə heç bir mübahisə etmədiyi halda ona satdığı torpaq sahəsini 2020-ci ilin aprel ayında ondan məcburi şəkildə almış və əkdiyi yoncanı cavabdeh biçmişdir. Cavabdeh torpaq sahəsini geri almasının səbəbi kimi 20 il əvvəl torpaq sahəsinə ehtiyacı olmadığını, indi isə torpaq sahəsinə ehtiyacı olmasını bildirmişdir. Halbuki, cavabdehin torpaq sahəsindən qanunsuz istifadə etməmiş, əksinə pulu ödəyib torpaq sahəsini qeyri- rəsmi almışdır. Torpaq sahəsindən istifadə etdiyi 20 il ərzində cavabdeh ondan nə torpaq sahəsini geri istəməmiş, nə də istifadə etməyinə mane olmamışdır. Torpaq sahəsini geri alan cavabdeh onun maddi vəsait çəkərək 2019-cu ildə əkdiyi yoncanı artıq 5 dəfə çalıb satmış və bundan sonra da ən azı 5 il ərzində yoncadan qazanc əldə edəcəkdir. Lakin tələb etməyinə baxmayaraq onun torpaq sahəsini yararlı hala salmağı üçün xərclədiyi vəsaiti cavabdeh ona qaytarmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-353/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı 32.450 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X4 Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayonu, Mırtı kəndində yerləşən torpaq sahəsindən istifadə edərək, həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşqul olur, həmin torpaq sahəsində istixana quraşdırmışdır. İddiaçı qeyd edilən torpaq sahəsində onun tərəfindən əkilmiş yonca bitkisinin cavabdeh tərəfindən 2019-cu ildən 5 dəfə çalıb satdığını və bundan sonra da ən azı 5 il ərzində yoncadan qazanc əldə edəcəyini göstərərək onun 32.450 manat qazanc əldə edəcəyini iddia edir, həmin məbləği cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşin faktiki hallarından görünür ki, Göyçay rayon Mırtı kəndində yerləşən 1.17 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Məhkəmə baxışı zamanı İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh 32450 manat məbləğində dəymiş ziyanın tutulmasına əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası MPMin 77.1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarı, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, onun cavabdehdən 32450 manat məbləğində dəymiş ziyanın tutulmasına əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməməyi ilə əsaslandırmışdır. Halbuki onun iddia ərizəsinə əlavə etdiyi, Göyçay rayonu Mırtı bələdiyyəsinin vəkilinin sorğusuna verdiyi 18 avqust 2020-ci il tarixli 30 saylı cavab məktubundan görünür ki, cavabdehə və ailəsinə məxsus 1,17 ha pay torpağı sahəsi islahatdan 1-2 il sonra ona və mərhum qardaşı X3 qeyri-rəsmi satılması barədə kənd adamlarında məlumat var, pay torpağı Mırtı yeri adlanan sahədə yerləşməklə oradan istilikxana-tərəvəz məhsulları yetişdirmək üçün və yonca əkilməsi üçün istifadə olunmuşdur. Hazırda həmin sahədə iki ədəd istilikxana Şirvan Rasulovun ailəsinin, bir ədəd istilikxana onunla qardaşı, 1 ədəd istilikxana isə cavabdehin istifadəsində olmaqla pomidor, xiyar, lobya yetişdirilir, qalan sahədən biçənək kimi istifadə olunur. Lakin hakim onun qeyd etdiyi sübuta nəinki qiymət verməmiş, hətta sübut növü kimi qətnamədə belə göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Torpaq sahəsinin qanunsuz istifadə etməməyi Mırtı bələdiyyəsinin məktubu və eyni zamanda cavabdehin və ailə üzvlərinin 20 il ərzində torpaq sahəsini geri istəməmələri ilə sübuta yetirilsə də hakim ona dəymiş maddi zərərin hesablanması üçün iş üzrə ekspertiza təyin etməmiş və prosessual normaların tələblərini pozaraq tədqiqat aparmadan iddianı təmin edilməməsi barədə yekun qərar qəbul etmişdir. Cavabdeh torpaq sahəsinin əvvəlki yararsız vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsa da, onun üzərində onun öz xərci, gəliri və zəhməti hesabına əkdiyi yoncaya münasibətdə heç bir subyektiv hüququn sahibi deyil. Öz xərci hesabına yararlı hala saldığı torpaq sahəsindən bəhər, gəlir götürmədiyi bir halda, həmin torpaq sahəsinin onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdehin ixtiyarına verilməsi sonuncunun əsassız varlanması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, maddi və prosessual hüquq normalarını pozduğundan Göyçay rayon məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)- 353/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə iclasında göstərdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-353/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında göstərdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-353/2021 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-353/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, hər hansı bir maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)- 353/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Birincisi, torpaq sahəsində yerləşən istixananın tikilməsi üçün iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, cavabdeh bildirir ki, iddiaçı ilə torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. Torpaq sahəsinin bir hissəsini iddiaçının qardaşına 200 dollara istifadəyə vermişdir. Bu gün də həmin torpaq sahəsinin iddiaçının mərhum qardaşının uşaqları tərəfindən istifadə edilməsinə etiraz etmir. Göründüyü kimi iddiaçı özü tərəfindən torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini müəyyən edə bilməz. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh əsassız varlanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf özü tərəfindən torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da iddianın təmin edilməsi üçün əsas deyildir. Kollegiya hesab edir ki, şikayətin dəlili də əsassızdır. Şikayətin birinci dəlili ondan ibarətdir ki, Göyçay rayonu Mırtı bələdiyyəsinin verdiyi 18 avqust 2020-ci il tarixli 30 saylı cavab məktubundan görünür ki, cavabdehə və ailəsinə məxsus 1,17 ha pay torpağı sahəsi islahatdan 1-2 il sonra ona və mərhum qardaşı X3 qeyri-rəsmi satılması barədə kənd adamlarında məlumat var, pay torpağı Mırtı yeri adlanan sahədə yerləşməklə oradan istilikxana-tərəvəz məhsulları yetişdirmək üçün və yonca əkilməsi üçün istifadə olunmuşdur. Hazırda həmin sahədə iki ədəd istilikxana Şirvan Rasulovun ailəsinin, bir ədəd istilikxana onunla qardaşı, 1 ədəd istilikxana isə cavabdehin istifadəsində olmaqla pomidor, xiyar, lobya yetişdirilir, qalan sahədən biçənək kimi istifadə olunur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, adı keçən məktub rəsmi sənəd hesab edilə bilməz. Göyçay rayonu Mırtı bələdiyyəsinin rəsmi şəxsləri Bələdiyyə mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahələri ilə bağlı məlumat verə bilərlər. Hazırkı məktubun məzmunundan görünür ki, mübahisəli torpaq sahəsinin qeyri-rəsmi satılması barədə kənd adamlarında məlumat var kimi qeyd edilmişdir. Ona görə də kollegiya hesab edir ki, bələdiyyənin vermiş olduğu qeyri-müəyyən arayış sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa qanunvericiliyə əsasən daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilməlidir. Belə bir müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir. Şikayətin cavabdehin və ailə üzvlərinin 20 il ərzində torpaq sahəsini geri istəməmələri ilə bağlı dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayətin bu hissəsi də əsassızdır. Belə ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsini 20 il müddətində istifadə etməsinə dair hər hansı sübut növü məhkəmələrə təqdim etməmişdir. Bundan başqa kollegiyanın iclasında iştirak edən cavabdeh torpaq sahəsinin bir hissəsini iddiaçının mərhum qardaşı X3 istifadə üçün verdiyini qeyd etmişdir. Hazırda isə mərhumun uşaqları həmin torpaq sahəsindən istifadə edirlər. O, isə buna etiraz etmir. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, cavabdeh tərəf əsassız varlanmışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Cavabdeh əsassız varlanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırkı halda isə cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə təkzib edilir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, hər hansı bir maddi hüquq normasına istinad etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)- 353/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-353/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçı X1 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ **********0000003944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. İddiaçı X2 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar