Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1541/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC Şərab zavoduna, üçüncü şəxslər X2, X5, Əkbərov Radim Eyub oğlu və X3 qarşı “pul” tələbinə dair iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)-32/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan və Ağsu rayonunun Muradlı kəndində yerləşən Ağsu rayon aqrar İslahat Komissiyasının 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş pay torpağından keçən kanalizasiya sisteminin çıxarılması və onunla əlaqədar ona dəymiş 6.000 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ona ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(016)-32/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(016)-32/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ərizə təqdim edərək Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(016)-32/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(016)-32/2021 saylı qərardadı ilə, İddiaçı cavabdeh "xxxx" MMC Şərab zavoduna, üçüncü şəxslər X2, X5, Əkbərov Radim Eyub oğlu və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(016)-32/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən verilmiş buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun hüquqi savadının olmaması ucbatından apellyasiya şikayəti vermək üçün lazım olan prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. xx.xx.2022-ci il tarixli prosesual müddətin buraxılmamış hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin baxılması vaxtı barədə dəfələrlə məhkəmənin dəftərxanası ilə əlaqə saxlayaraq məhkəmə iclasının vaxtını öyrənmək istədiyinə baxmayaraq məhkəmədən iclas barədə ona məlumat veriləcəyi bildirilmişdir. Ərizəsində göstərdiyi telefon nömrəsinə və ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş almamışdır. Ərizənin baxılması vaxtı barədə məlumat alması üçün məhkəməyə növbəti gedişi zamanı xx.xx.2022-ci il tarixdə ona xx.xx.2022 tarixli qərardad təqdim edilmişdir. Məhkəmə qərardadda göstərmişdir ki, tərəflər məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasını keçirərək ərizəsini təmin etməmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, 18 noyabr 2021-ci il tarixli 2(016)-32/2021 saylı qətnamədən apellyasiya şikayəti verməsi üçün lazım olan prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(016)-32/2021 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)-32/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(016)- 32/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Məhkəmə Kollegiyası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası şikayətdə sadalanan hallara əsasən hesab edir ki, cavabdeh qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməmiş və qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürmüşdür. İddiaçı verdiyi şikayətdə onun hüquqi savadının olmaması ucbatından Apellyasiya şikayəti vermək üçün lazım olan prosessual müddəti üzürlü səbəbdən ötürdüyünü bildirsə də, məhkəmə kollegiyası şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, mülki iş materiallarında olan 18 noyabr 2021-ci il tarixli məhkəmə qəbzindən məlum olmuşdur ki, iddia ərizəsinə məhkəmədə baxılarkən iddiaçı məhkəmə iclasında iştirak etmiş, qətnamənin surəti 18 noyabr 2021-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə iddiaçıya təqdim edilmişdir. Bundan başqa iddiaçı məhkəməyə verdiyi müddətin bərpa edilməsinə dair ərizədə müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir sübut əlavə etməmişdir. Belə olan halda kollegiya Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(016)-32/2021 saylı qərardadının əsaslı olduğunu və həmin qərardaddaki hüquqi mövqeni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(016)-32/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(016)-32/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(016)-32/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1541/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1541/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver