Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1547/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-pul tələbi, ev üçün verilmiş pul, evin yaxşılaşdırılması üçün çəkilmiş xərc) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 Yunus oğlunun, onun vəkili və digər Cavabdeh2 nümayəndəsi (vəkili) X8 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Yunus oğlundan və Cavabdeh2 25000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun və həyat yoldaşı Cavabdeh1 birgə nikahı dövründə, yəni 2014-cü ildə X11 mülkiyyətində olmuş, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0,10 ha torpaq sahəsinin pulunu ödəyərək almışlar. Həmin torpaq sahəsinin rəsmi çıxarışı olmadığı üçün torpaq sahəsini öz adlarına rəsmiləşdirə bilməmişlər. Bu torpağı alandan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmişlər. Həmin fərdi yaşayış evi onun və həyat yoldaşının əziyyəti və zəhməti hesabına tikilmişdir. Həyat yoldaşı başında olan ciddi problemlərlə əlaqədar özünü fiziki cəhətdən idarə edə bilmirdi. Bu səbəbdən də o, çox ağır və çətinliklərlə yaşayırdı. Həmin evi tikdirməkdə heç kəs onlara kömək etməmişdir. Bu günə kimi cehiz əşyaları həmin evdədir. Torpaq sahəsinin sənədləri qaydasına düşdükdən sonra 2017-ci ildə torpaq sahəsinin alqı-satqısı qaynanası Cavabdeh2 adına rəsmiləşdirilmiş və nəticədə torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi qaynansı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Beləliklə onun birgə nikah dövründə əldə etdiyi torpaq sahəsi və yaşayış evi qanunsuz olaraq Cavabdeh2 mülkiyyətinə keçmişdir. O, Cavabdeh1 ilə birgə nikah dövründə tikdirmiş olduğu fərdi yaşayış evinə xeyli miqdarda pul xərcləmişdir. Valideynləri hər daşın daş üstünə qoyulmasında həm maddi cəhətdən, həm də mənəvi cəhətdən əziyyət çəkmişdir. Bu evin torpaq sahəsini onun ata və anası, kəndliləri Osman adlı şəxsdən alıblar. Əvvəl torpağı almış sonra isə evi tikmişlər. Uşaqları bu evdə doğulub, məktəbə gedib. Əmlakı bu günə qədər həmin evdədir. Evin ümumi dəyəri satılarsa 50000 manatdan artıqdır. Valideynləri bütün qazanclarını bu evə sərf etmişlər. Evin tikilməsində atası Musax Kərimov və Solmaz Kərimova mütamadi olaraq iştirak etmişlər. Tikintinin sementi, daşı qapıları, şiferi, pəncərə və lambirini, dikləri, taxtasının alınması üçün böyük bir kamaz gətirilən yükə 9000 manat pul xərclənmiş, həmin pul anasının satmış olduğu 15 baş mal-qaranın hesabına ödənmişdir. Anası torpağı aldıqdan sonra 15 baş malqaranı sataraq, 13000 manat pulun 9000 manatını həmin evin tikilməsi üçün Ağdaşdan alınmış bir kamaz materialların alınmasına sərf etmişdir. Onlar bundan sonra torpaq üzərində tikdirdiyi daş bina üzərində tikili işini başlamışlar. Evin tikintisi üçün 6000 min ədəd daş alınmış və 3000 manat ödəniş edilmişdir. Qeyd olunan 3000 manatı da onun valideyinləri vermişdir. Bundan sonra onun valideyinləri binanı hissə-hissə tikdirmiş, ayrıayrılıqda evin tikilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etmişdir. Evin sementi və qum qatı Qoşqar tərəfindən alınmışdır. Torpağın alınması üçün 3000 manat evin tikilməsi üçün 8000 ədəd kubik daşına 4500 manat, evin suvanması üçün qum və sement materiallına 1200 manat, hörgü üçün ustaya 2000 manat, evin tavanı, döşəməsi üçün 2900 manat, binanın suvaq hissəsi və binanın həyətinin hasarlanması üçün 750 manat, Ağdaş şəhərindən iki kamaz maşını ilə döşəmə, tavan, şifer, şifer altı taxtaların və reykaların, mismarın, sifer üstünün materiallarının, qapı və pəncərələrin, evin alt döşəməsinin və sütunlarının, taxta altı dirəklərin, dik və lambirinin alınması üçün 9000 manat, evin fundametinin tökülməsi üçün cınqıl və qum, sement materialı, həmçinin ustaya cəmi 1000 manat, damın şiferinin vurulması üçün ustaya 650 manat, cəmi 25000 manat pul mən və ailəm tərəfindən xərclənmişdir. Qeyd olunan pul məbləğinin 14000 manatı ana və atasının satmış olduğu 15 baş yanı balalı iri buynuzlu heyvanlardan əldə edilən vəsait hesabına, 11000 manatı isə ayrı-ayrılıqda zaman çərçivəsində valideyinlərinin hissə-hissə ustalara və materiallara ödədiyi pul məbləğləridir. O, cavabdehlərdən həmin pul məbləğlərini tələb edir Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsi ilə (hakim G.Cavadova) İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 (on) manat dövlət rüsumunın iddiaçının özünə aid edilməsi, dövlət rüsumunun kəsiri olan 20 (iyirmi) manatın iddiaçıdan dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 2002-ci ildən 2016-cı ilədək faktiki nikah münasibətlərində olmuşlar. 2010-cu ildə Yevlax rayonu Malbinəsi kəndində Cavabdeh2 Osman Osmanlıdan 0,10 ha torpaq sahəsi almış və həmin torpaq sahəsinin üzərində ev tikdirmişdir. İddiaçı həmin evin onun və Cavabdeh1 gəlirləri və valideynlərinin vəsaiti hesabına tikildiyini iddia edir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X2 verdikləri izahatlardan məlum olmuşdur ki, Malbinəsi kəndində iddiaçı və Qoşqarla qonşu olub. Onların evi tikilən zaman Qoşqar və Yeganə orda olub və ustalara nəzarət ediblər. Eyni zamanda Yeganənin valideynləri də həmin evə gedib gəliblər. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatdan məlum olmuşdur ki, Qoşqar və onun anası Qərənfili həmyerlisi kimi tanıyır. O da Kəlbəcər rayonundan məcburi köçkündür. Cavabdeh2 məcburi köçkün kimi Malbinəsi kəndində məskunlaşmış sonra qohumlarının çox hissəsi Samux rayonunda olduğu üçün ora köçmüş və orada ev almışdır. Lakin Malbinəsi kəndinin camaatı ilə isti münasibətləri olduğu üçün Samux rayonundakı evini satıb Malbinəsi kəndində torpaq sahəsi almış və ev tikdirmişdir. Hələ Kəlbəcər rayonunda olduqları vaxt Cavabdeh2 maddi imkanı yaxşı olmuş, mərhum əri uzun müddət məktəb direktoru işləmişdir. Eyni zamanda cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatdan məlum olmuşdur ki, Qoşqar onun qardaşı, Qərənfil isə anasıdır. Qoşqar Rusiyada yaşadığı müddətdə onun qazancı yaxşı olmamış və onlara maddi cəhətdən köməklik etməmişdir, əksinə qardaşının maddi vəziyyəti yaxşı olmadığı üçün onlar öz çörək pullarını qardaşına göndərmişlər. Anası şəhid ailəsi olduğu üçün dövlət tərəfindən maddi cəhətdən təmin olunmuş, eyni zamanda hələ Kəlbəcər rayonunda olanda anasının qızıl-zinət əşyaları olmuşdur ki, anası həmin əşyalarını da sataraq həmin evin tikilməsinə xərcləmişdir. Anasına məxsus ev anasının vəsaiti hesabına tikilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə bildirmişdir ki, şahidlərin ifadələri detallı deyil, onların ifadələri iddianın əsaslılığını sübut etmək üçün mötəbər sübut deyil. Çünki şahidlər evin tikilməsinə xərclənən vəsaitin məhz iddiaçı və ya onun valideynləri tərəfindən ödənildiyini təsdiq edə bilməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası təmin edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci, 14.2-ci, 1091-ci, 1092.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, o İddiaçı və həyat yoldaşı Cavabdeh1 il birlikdə birgə nikah dövründə X11 mülkiyyətində olmuş, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0,10 ha torpaq sahəsinin pulunu ödəyərək 2014-ci il tarixindən bu torpağı almışlar. Həmin vaxt qeyd olunan torpaq sahəsinin rəsmi çıxarışı olmadığı üçün rəsmiləşmə X12 adından sənədləşə bilməmişdir. Onlara aid olan torpaq sahəsini Cavabdeh2 qanunsuz olaraq gizli qaydada alqı-satqı edərək öz adına sənədləşdirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən həm X17 arasında 14 noyabr 2017-ci il tarixində 0,12 ha torpaq sahəsi 1500 manata qiymətləndirərək alınması, həm də X18 ilə 15 fevral 2017-ci ıl tarixində 0,10 ha torpaq sahəsini 2500 manata satılması və alınması ilə bağlı onların torpağına münasibətdə qanunsuz alqı-satqı edilmişdir. X18 tərəfindən 0,10 ha torpaq sahəsinin onlara ər-arvad olaraq satılması bildirilmiş, onun pulu onun, valideyinlərinin və həyat yoldaşının vəsaiti hesabına verilmişdir. Ən maraqlı və qorxulu hal odur ki, birgə əmlakları həm cavabdehin adına sənədləşir, sonra isə bununla bağlı 24.02.2017-cı ıl tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən 24.02.2017-ci il tarixli çıxarış əldə edilir, sonra isə hər iki torpaq sahəsi və ev bütövlüyündə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08.05.2020-ci il tarixli çıxarıla tam mülkiyyət hüququ üzrə həm torpaqları, həm də evi bu şəxsin cavabdehin qaynanasının 0,12 ha torpaq sahəsinə birləşdirilərək əllərindən alınır. 2010-cu il tarixində anasıın mal- qara satışından sonra əlində olan pulun 3000 manatını Osmana vermiş və həmin torpağı almışlar. Evin tikintisi üçün 6000 min ədəd daş alınmışdır. Həmin daşa 3000 manat ödəniş edilmişdir. Qeyd olunan 3000 manatıda onun valideyinləri vermişdir. Məhkəmə Texniki Tikinti Ekspertizasının keçirilməsi ilə bağlı bütün cəhdləri nəticə verməmişdir. Malbinəsi İcra Nümayəndəsinin məhkəməyə təqdim edilmiş bir neçə sayda rəsmi məktubları mövcuddur ki, mübahislənədirilən fərdi yaşayış evinin onların tərəflərindən tikilməsi danılmaz faklarla öz təsdiqini tapmışdır. Anasının evdə olan bütün iribuynuzlu heyvanları onlara görə satılmışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh1 Yunus oğlu və Cavabdeh2 tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, onun İddiaçı ilə rəsmi nikahı olmamışdır. Eyni zamanda faktiki nikah münasibətində olduqları müddətdə özlərinə məxsus evləri olmamışdır. İddiaçı həmişə öz valideynlərinə məxsus fərdi yaşayış evində qeydiyyatda olmuşdur. Onlar müxtəlif ünvanlarda yaşamaqlarına baxmayaraq iddiaçının əsas və daimi yaşayış yeri öz valideynlərinin evi olmuşdur. Bu gün də, həmin evdə yaşayır. Belə ki, o İddiaçı ilə 2002-ci ilin iyun ayının 23-də ailə həyatı qurmuşdur. Toyları Bərdə şəhərində Texniki Peşə Məktəbinin yataqxanasında məskunlaşmış bacısı X5 evində olmuşdur. Toydan dərhal sonra, birlikdə Bakıya getmiş, Bayılda məcburi köçkün kimi məskunlaşmış bacısı X6 evində l ay 1 həftə yaşamışlar. Daha sonra isə, 2002- ci ilin avqust ayının əvvəllərində Rusiya Federasiyasına getmişlər. Rusiya Federasiyasında kirayədə yaşayırdılar, 2005- ci ilin yayında İddiaçı, 2006- cı ilin payızında isə o Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdə Yevlax rayonu Malbinəsi kəndində İddiaçı anasının evində 2-3 ay yaşamışlar. Daha sonra isə, müvəqqəti yaşamaq üçün Samux rayonunun İnstitut qəsəbəsinə anası Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşamışlar. 2006- cı ilin sonlarından 2010- cu ilin sentyabr ayınadək orada yaşamışlar. Anası evini satdıqdan sonra yenə də İddiaçı anası evində yaşadı, o isə məcburi köçkün kimi, anası ilə birlikdə Malbinəsi kənd xəstəxanasının binasında məskunlaşmışlar. Anası Cavabdeh2 Samux rayonu İnstitut qəsəbəsində xüsusi mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi 68.4 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin satışından əldə etdiyi puldan , Yevlax rayonu Malbinəsi kəndində 0.22 ha həyətyanı torpaq sahəsi aldı və onun üzərində fərdi yaşayış evi tikdirdi.0.22 ha həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini X9, 0.10 ha hissəsini isə X1 almışdır. Aralarında Olan alqı- satqı faktiki olaraq 2010- cu ilin sentyabr ayında baş tutsa da, rəsmi alqı- satqı 2017- ci il tarixdə təsdiqlənmişdir. Anası Samuxda olan fərdi yaşayış evinin satışından əldə edilən puldan və şəhid ailəsi müavinəti və pensiya pulundan 0.22 ha həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evini tikdirdi. Evin tikilməsi zamanı İddiaçı anası evində yaşayırdı , evin tikintisinə nəinki hər hansı bir vəsait, hətta ustalara bir stəkan çay da verməmişdir. Maddi vəsait anasının büdcəsi hesabına idi, ustalara qulluğu isə anası ilə birlikdə yaşayan , subay bacısı X13 edirdi. Anası həmin evə köçmək ərəfəsində ikən Yevlax şəhər 32-ci yaşayış massivində, Qaçqınlar və Məcburi köçkünlər üçün şəhərcikdə anasına yeni mənzil verildi və anası ilə həmin mənzilə köçdülər. Daha sonra isə, anasının razılığı ilə o İddiaçı və uşaqları ilə birlikdə müvəqqəti yaşamaq üçün anasının öz maddi vəsaiti ilə tikdirdiyi fərdi yaşayış evinə müvəqqəti olaraq köçüb yaşamışlar. İddiaçı özü qeyd etdiyi kimi, onun səhhətində ciddi problemlər var idi və onlar 28 noyabr 2016- cı il tarixdən faktiki olaraq ayrılmışlar. Və az bir müddətdən sonra, iddiaçı maşınla gələrək özünə məxsus bütün əşyalarını yığıb aparmışdır. İddiaçı iddia ərizəsində tez-tez "ailə həyatı dövründə, həyat yoldaşım" kimi ifadələr işlətmişdir. İddiaçı, hərgah birgə nikah müddətində əldə edilmiş əmlakdan haqqını tələb edirsə, hansı səbəbdən,3 illik iddia müddətini ötürmüşdür. Eyni zamanda onların rəsmi nikahı olmamışdır və anasına məxsus fərdi yaşayış evinin tikintisində nə onun, nə də İddiaçı heç bir əməyi olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdira. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Yunus oğlunun, onun vəkili və digər Cavabdeh2 nümayəndəsi (vəkili) X16 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 139-cu maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Maddə 140: Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı; «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətində apelyator tələbini tam olaraq göstərməsə də birinci instansiya məhkəməsinin qətnaməsindən tam narazı olduğunu bildirir. Buradan belə başa düşülür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olaraq təmin etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 2(039)- 93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 Yunus oğlu ilə rəsmi nikahı olmamışdır. Eyni zamanda faktiki nikah münasibətində olduqları müddətdə özlərinə məxsus evləri olmamışdır. Cavabdeh2 Samux rayonu İnstitut qəsəbəsində xüsusi mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsini 68.4 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin satışından əldə etdiyi puldan , Yevlax rayonu Malbinəsi kəndində 0.22 ha həyətyanı torpaq sahəsi almış, onun üzərində fərdi yaşayış evi tikdirmişdir. 0.22 ha həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini X9, 0.10 ha hissəsini isə X1 almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Birincisi; qeyd edilməlidir ki, iddiaçı qeyd edilən evin birgə nikah dövründə tikildiyini qeyd edir. Halbuki iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikaha daxil olmamışdır. İkincisi; mübahisəli evin tikintisi üçün iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, cavabdeh bildirir ki, evin tikintisi üçün xərci bütünlüklə özü tərəfindən çəkilmişdir. İddiaçı isə onun tərəfindən tikintiyə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun evin tikintisinə xərc çəkdiyini müəyyən edə bilməz. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Digər tərəfdən, evin tikintisi zamanı torpaq sahəsi cavabdehə aid olan topaq sahəsi olub. Cavabdehlər əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Daha sonra kollegiya şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətdə qeyd edilən dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki,İddiaçı Cavabdeh1 Yunus oğlu ilə rəsmi nikahı olmamışdır. Eyni zamanda faktiki nikah münasibətində olduqları müddətdə özlərinə məxsus evləri olmamışdır. Cavabdeh2 Samux rayonu İnstitut qəsəbəsində xüsusi mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsini 68.4 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin satışından əldə etdiyi puldan , Yevlax rayonu Malbinəsi kəndində 0.22 ha həyətyanı torpaq sahəsi almış, onun üzərində fərdi yaşayış evi tikdirmişdir. 0.22 ha həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini X9, 0.10 ha hissəsini isə X1 almışdır. Hazırda mübahisəli ev Cavabdeh2 mülkiyyətindədir. Ona görə də məhkəmə kollegiyası cavabdeh tərəfin etirazlarını daha inandırıcı hesab edir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.iyun 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əşyaların evdən çıxarılması barədə iddiası təmin edilmiş, cavabdeh İddiaçı aid əşyaların Cavabdeh2 məxsus evdən çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəf isə anasının satmış olduğu 15 baş mal-qaranın hesabına 9000 manatını mübahisəli evin tikilməsi üçün Ağdaşdan alınmış bir kamaz materialların alınmasına sərf edilməsi, evin tikintisi üçün 6000 min ədəd daş alınması üçün 3000 manat ödəniş edilməsi, torpağın alınması üçün 3000 manat, evin tikilməsi üçün 8000 ədəd kubik daşına 4500 manat, evin suvanması üçün qum və sement materiallına 1200 manat, hörgü üçün ustaya 2000 manat, evin tavanı, döşəməsi üçün 2900 manat, binanın suvaq hissəsi və binanın həyətinin hasarlanması üçün 750 manat, Ağdaş şəhərindən iki kamaz maşını ilə döşəmə, tavan, şifer, şifer altı taxtaların və reykaların, mismarın, sifer üstünün materiallarının, qapı və pəncərələrin, evin alt döşəməsinin və sütunlarının, taxta altı dirəklərin, dik və lambirinin alınması üçün 9000 manat, evin fundametinin tökülməsi üçün cınqıl və qum, sement materialı, həmçinin ustaya cəmi 1000 manat, damın şiferinin vurulması üçün ustaya 650 manat, cəmi 25000 manat pulun iddiaçı tərəfindən xərclənməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olaraq təmin etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-93/2021 saylı, 21 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov