Məhkəmə qərarları › İş №2(107)-1552/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1552/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1552/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi, iddiaçı Yevlax rayonu Səmədabad Bələdiyyəsinin sədri İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Yevlax rayonu Səmədabad Bələdiyyəsinin Cavabdeh qarşı “torpağın icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(039)-759/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Yevlax rayonu Səmədabad Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia ərizəsi dəqiqləşdirilmişdir) Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 25 may 2021-ci il tarixli, 2(039)- 759/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Yevlax rayonu Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 07 may 2007-ci il tarixli, 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilməsi, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, icarə müqaviləsində kənd təsərrüfatı məhsullarının istehsalı nəzərdə tutulduğundan, o həmin torpaqda əkin-biçin işi ilə məşğul olur. Hər ay da icarə haqqını vaxtı-vaxtında ödəmişdir. Lakin qarşı tərəf həmin torpağın örüş üçn nəzərdə tutulduğunu bildirir. Hansı ki, o neçə illərdir həmin torpaqda əkin əkir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını kollegyadan xahiş edir. Məhkəmə iclasında iştirak edən Yevlax rayon Səmədabad Bələdiyyəsinin sədri İddiaçı izahat verərək bildirmişdir ki, kənd camaatı həmin torpaqdan örüş kimi istifadə olunbmasını istəyir. İcarə müqaviləsində kənd təsərrüfatı məhsullarının istehsalı nəzərdə tutulsa da, əslində həmin ərazi örüş üçündür. İddiaçı tərəf sonda ədalətli qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki,apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(039)-759/2021 qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydalarını tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. İş materiallarına əlavə edilmiş 07 may 2007-ci il tarixli icarə müqaviləsinin 2.14-cü bəndindən müəyyən edilir ki, tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materialları kollegiya tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, iş üzrə tərəflər mübahisəli icarə müqaviləsinin tərəfləri olmaqla hazırki tələbin subyektləridir. Lakin iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl məhkəmədən kənar qaydada qarşı tərəfə, (qaydaları pozmuş tərəfə) faktlar haqqında məlumat verməsi, həmçinin müqavilənin ləğv edilməsi barədə rəsmi bildirişin göndərməsi iş materiallarından görünmür. Kollegiyanın araşdırması zamanı iddiaçı tərəf belə bir xəbərdarlığın edilməməsini, cabvabdeh tərəf isə ona heç bir rəsmi xəbərdarlıq olunmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu məsələyə xüsusi diqqət yetirilməmiş, işin bu halı araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Sonda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.12, 391, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(039)-759/2021 nömrəli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar