Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1559/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)-541/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)-541/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin olunmuş, tərəflərin birgə nikahından 05 sentyabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə tutulan Ucar Rayon Məhkəməsinin 18 fevral 2010-cu il tarixli 2(063)-12/2010 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 30 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay 136 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin məbləğin hər ay Cavabdeh tutularaq X1 xeyrinə verilməsi, alimentin hazırki məbləğinin hesablanmasının əvvəlinin hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İşin halları İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 05 sentyabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X6 göstərmişdir ki, 16 noyabr 2006cı ildə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmiş və birgə nikahlarından onların 05 sentyabr 2007-ci ildə Çingiz adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Ucar rayon məhkəməsinin 16 aprel 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan başqa həmin məhkəmənin 18 fevral 2010-cu il tarixli qətnaməsi ilə uşağının saxlanması üçün cavabdehdən hər ay 30 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ona bir neçə ay aliment ödəmiş, lakin sonradan bundan imtina etmişdir. Uşaq hazırda onun himayəsində yaşayır. O, hazırda heç bir yerdə işləmir və təkbaşına uşağının ehtiyaclarını ödəyə bilmir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)-541/2021 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, həmçinin qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamışdır. O, hal-hazırda işsizdir, hazırki həyat yoldaşı X5 da işsizdir və onların 11.09.2014-cü il təvəllüdlü X9 və 05.10.2015-ci il tarixli X7 adlı daha iki uşağı vardır və o, onlara da baxmaq məcburiyyətindədir. 05.09.2007-ci il təvəllüdlü X8 2010-2020-ci İlərdə 10 il onun yanında yaşamış və onun yaşadığı kənddə təhsil almışdır. Həmin 10 il ərzində isə iddiaçı başqa yerdə yaşamış və uşağına baxmamışdır. Hal-hazırda uşağın 14 yaşı vardır və yetkinlik yaşına çatmasına cəmi 4 il qalmışdır. Əgər o, 10 il uşağına iddiaçıdan heç bir aliment istəmədən təkbaşına baxmışdırsa, iddiaçı da ondan aliment tələb etmədən 4 il uşağına baxmalıdır. Bundan başqa şikayətə surətini əlavə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.10.2019-cu il tarixli 10(102)-125/2019 saylı qərardadından göründüyü kimi o, 21.07.2008-ci il təvəllüdlü X3 görə də aliment ödəyir. Həmin qərarda alimentin əmək haqqının və digər gəlirlərinin % hissəsi miqdarında ödəməli olduğu göstərilsə də o, hal-hazırda işləmədiyi üçün həmin alimenti sabit pul məbləğində hər ay 73 manat olmaqla ödəyir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)- 541/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı X6 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)-541/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş AZ–İ seriyalı 998523 nömrəli Ucar RİHB-ın Əlikənd Şahlı və Ramal kənd üzrə nümayəndəlik tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 sentyabr 2007-ci ildə doğulmuş X2 valideynləri X6 və Cavabdehdur. İşə əlavə edilmiş Ucar rayon məhkəməsinin 16 aprel 2010-cu il tarixli 2(063)- 12/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah pozulmuşdur. İşə əlavə edilmiş Ucar rayon məhkəməsinin 18 fevral 2010-cu il tarixli 2(063)- 12/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 05 sentyabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat alimentin X1 xeyrinə verilməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş Ucar RİHB-ın Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 194 saylı arayışdan görünür ki, Cavabdeh evlidir və himayəsində iki azyaşlı uşağı vardır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2 və 100.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hüquq normalarının məzmunundan göründüyü kimi uşağın saxlanması valideynin borcudur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin qazancında baş verə biləcək mümkün və real dəyişkənliyi, yetkinlik yaşına çatmayan 05 sentyabr 2007-ci ildə doğulmuş X2 minimal tələbatlarının getdikcə artması kimi diqqətəlayiq halı, həmçinin onun əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması gərəkliyini nəzərə alıb, cavabdehin verəcəyi alimentin miqdarının hər ay 136 manat məbləğində müəyyən edilməsi Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)-541/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehtərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(033)-541/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1559/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1559/2021
11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver