Məhkəmə qərarları › İş №2(107)-1570/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1570/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1570/2020 24.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 2689,84 manat əsas borc, 326,9 manat faiz borcu və 52,33 manat cərimə borcu olmaqla, ümumilikdə 3069,07 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 vəfat etdiyindən iddiaçı “xxxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC-nin) ərizəsi əsasında Cavabdeh1 vərəsələri olan qardaşı Cavabdeh2 və anası X3 iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) ASC tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, Şəki şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli X6 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 283 saylı xx xxxxxx 2019-cu il tarixli arayışı nəzərə almamışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş Cavabdeh1 hüquqi varisləri anası X3 və qardaşı X4 mərhum Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Bu da onu göstərir ki, X3 və X4 faktiki olaraq Cavabdeh1 vəfat etdikdən sonra yəni xx xxxxxx 2019-cu il tarixdən mərhum Cavabdeh1 ilə birgə yaşadıqları və təsərrüfat apardıqları əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışlar. Bundan başqa mərhum Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixdə bankdan kredit götürərkən, Şəki şəhəri İcra Hakimiyyətinin arayışdan da gördüyü kimi qardaşı Cavabdeh2 və anası X3 ilə birgə yaşamamış və birgə təsərrüfat aparmışdılar. Bu da ona göstərir ki, Cavabdeh1 tərəfindən istehlak məqəsədi ilə götürülmüş kredit məbləği onun ailə üzvləri olan qardaşı Cavabdeh2 və anası X3 ilə birgə apardıqları təsərrüfata sərf etmişdilər. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylı qətnаməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) ASC məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, «İddiaçı” İKB ASC ilə Cavabdeh1 arasında xx xxxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən «İddiaçı” İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla 2900 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh1 vəfat etdiyindən iddiaçı “xxxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC-nin) ərizəsi əsasında Cavabdeh1 vərəsələri olan qardaşı Cavabdeh2 və anası X3 iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Cavabdehlər Cavabdeh2 və X3 mərhum Cavabdeh1 vərəsələri olsalar da, onlardan X3 birinci növbədə, Cavabdeh2 isə ikinci növbədə mərhum Cavabdeh1 vərəsələridir. Mərhum Cavabdeh1 birinci növbə üzrə vərəsəsi olan X1 olması ondan sonraki növbənin, yəni ikinci növbə üzrə Cavabdeh2 vərəsəliyini istisna etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditоrun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditоr оnun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədəölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki şəhəri, M.V.Vidadi küçəsi ev 57-də yaşamış Cavabdeh1 adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Bundan əlavə “xxxxxxxxx” ASC tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh1 hüquqi varisinin müəyyən olunub-olunmaması barədə banka rəsmi məlumat verilməsinə dair aidiyyəti üzrə notariat kontorlarına sorğu göndərilmişdir. Şəki rayon ərazisində yerləşən notariat kontorlarından sorğularına cavab olaraq Cavabdeh1 adına qalmış miras əmlaklar ilə bağlı vərəsəlik işi açılmadığı bildirilmişdir. Bundan başqa iddiaçı “xxxxxxxxx” ASC (İddiaçı İKB ASC) mərhum Cavabdeh1 hər hansı bir miras qalmasını, miras qaldığı halda belə miras əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair x xxxx 2018-ci il tarixli qərarında deyilir; Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyator Əzizov tərəfindən istehlak məqəsədi ilə götürülmüş kredit məbləği onun ailə üzvləri olan qardaşı Cavabdeh2 və anası X3 ilə birgə apardıqları təsərrüfata sərf edildiyini iddia edərkən faktlara deyil, ehtimallara istinad etmişdir. Həmin ehtimallar isə əsassız və formal olduğundan sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-15/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar