Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-158/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-386/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxx 2020-ci il tarixli, 2(024)- 386/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh dəymiş maddi ziyana görə 472.50 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsi, İddiaçı ödədiyi dövlət rüsumunun 10 manatının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 2000 manat maddi ziyanın və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək ona dəymiş maddi ziyanın Qax Dövlət X12 tərəfindən hesablanmış həcminə, yəni 1310 kq buğda itkisi və hər kq-nın 0.35 manatdan hesablanmasına etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qax rayonu Almalı kəndində yaşayır. Qax rayonu Almalı kəndində ona məxsus 2.79 ha torpaq sahəsi vardır. 2019-cu il tarixdə həmin torpaq sahəsinə buğda əkmişdir. Buğda məhsulu yetişməyə az qalmış həmkəndlisi Cavabdeh 23 baş iribuynuzlu mal-qaranı buğda sahəsinə salıb otarmışdır. Cavabdehin deməsinə görə həmin mal-qara Bayram Həsənova məxsus olmuşdur. Cavabdehin ona məxsus buğda sahəsinə mal-qaranı dəfələrlə saldığını görərək ona xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Bu barədə Almalı kənd ƏİD üzrə Nümayəndəliyinə və Bələdiyyə sədrinə məlumat vermiş, lakin cavabdeh bütün bunlara məhəl qoymayaraq ona məxsus olan buğda sahəsinə mal-qaranı salıb otarmaqda davam etmişdir. Sonuncu dəfə cavabdeh 2020-ci ilin may-iyun aylarında mal-qaranı həmin sahədə otardığı üçün ona bir daha xəbərdarlıq etmişdir. Lakin cavabdeh yenə də, xx xxxx 2020-ci il tarixdə ona məxsus olan 2.79 ha biçilməmiş buğda sahəsinə 23 baş iribuynuzlu mal-qaranı salaraq oranı bərbad vəziyyətə qoymuşdur. O, mal-qaranın buğda sahəsində otladığı yerdə fotoşəkillərini çəkmiş və videoçəkiliş etmişdir. Daha sonra bu barədə Qax RPŞ-nə yazılı məlumat vermiş, həm də Qax rayon DAİM-nə gedərək ona dəymiş ziyanla bağlı buğda sahəsinə komissiya göndərilməsini xahiş etmişdir. Həmin idarənin mütəxəssisləri tərəfindən buğda sahəsinə yerində baxış keçirilmiş, ona ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Rəydə göstərilən məhv olmuş buğdanın çəkisinin 1350 kq olması ilə razılaşır. Hal-hazırda bir kq buğdanın bazar qiyməti 35-45 qəpik arasında dəyişir. Buğdanın hər kq-nın aşağı həddə, yəni 35 qəpikdən hesablanmasına da etiraz etmir. Bundan əlavə, o, məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 472.50 manat maddi ziyan və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin Qax rayonu Almalı kənd sakini X2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. O, uzun illərdir ki, Bayram Həsənova çobanlıq edərək onun mal-qarasını otarır. Mallar iddiaçıya məxsus buğda sahəsinə daxil olan günü, yəni xx xxxx 2020-ci il tarixdə o, həyat yoldaşını diş həkiminə aparmış, mallara nəzarət etməsini 10 yaşlı oğluna tapşırmışdır. Həmin vaxtı mallar da cavabdehə məxsus buğda sahəsinə girmişdir. Malların sahəyə girərək iddia tələbində göstərilən məbləğdə ziyan vurması mümkün deyildir. İddianı qəbul etmir. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin yaxınlığında onun da torpaq sahəsi vardır. Cavabdeh otardığı malların İddiaçı məxsus sahəyə daxil olaraq otladığını görmüşdür. Hətta, cavabdeh dəfələrlə məhsul biçiminə bir neçə gün qalmış mal-qaranı ona məxsus torpaq sahəsinə də salaraq otarmışdır. Dəfələrlə cavabdehə mal-qaranı ona məxsus sahəyə salmaması barədə xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X5 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o da cavabdehin mal-qarasının İddiaçı məxsus buğda sahəsinə girdiyini görmüşdür. Cavabdeh nəinki iddiaçının, hətta əvvəllər onlara məxsus olmuş əkin sahəsinə də mal-qaranı salaraq otarmışdır. Bu səbəbdən həmin torpaq sahəsini satmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Qax rayonu Almalı kəndində yaşayır. 15 ildir ki, Cavabdeh orada mala baxır. Dəfələrlə Cavabdeh malları İddiaçı məxsus buğda sahəsinə salaraq otardığını görmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-386/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçısının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq Qax rayonunun Almalı kəndində yaşayır. Ailəlikcə Kəlbəcər rayonundan məcburi köçkün olaraq Almalı kəndinin ərazisi olan Qanıq çayının yanında, Gürcüstan Respublikası ilə həmsərhəd olan sərhəd zolağındakı binədə özlərinə aid olan xırdabuynuzlu heyvanlarını saxlayaraq beş nəfərlik ailə üzvlərini dolandırırlar. Qətnamə İddiaçı xeyrinə qəbul edilmiş, cavabdeh qismində ondan 472.50 manat pul və 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında qeyd etdiyi bir sıra hallar iclas protokolunda öz əksini tapmamışdır. Belə ki, ziyan dəymiş taxıl sahəsinin şəkli çəkilməyib, ona görə ki, o, həmin sahədə olmuş, sahəyə ziyan vurulduğu hiss olunmurdu. Sahənin məhsuldarlığı müəyyən edilməmişdir. Həmin torpaq sahəsi ən axırıncı kateqoriyaya aid torpaqdır. Əgər elə olmasa, ona aid 1 hektar torpağın müqabilində 2.75 hektar sahə başabaş dəyişdirilməzdi. Məhsulun qiyməti rəsmi dövlət qurumu tərəfindən verilən qiymətlə qiymətləndirilməmişdir. 23 baş iri buynuzlu mal-qaranın bir neçə dəqiqə ərzində sahəyə göstərilən məbləğdə ziyan vurması qeyri-mümkündür. Ona görə ki, hər bir baş heyvanın yeyə biləcəyi qədər ziyan hesablanılmalıdır. Qeyd olunan məbləğin onun tərəfindən ödənilməsi imkanı xaricindədir. Hesab edir ki, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında qeyd etdiyi bu halları nəzərə almamaqla maddi və prosessual hüquq normalarını pozduğundan Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)- 386/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)- 386/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 502 saylı arayışdan görünür ki, Kəlbəcər rayonu Ahırızalar kənd sakini Cavabdeh Qax rayonu Almalı kəndində Qanıx çayı ətrafında maldarlıq təsərrüfatı ilə məşğul olur və ərzidə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 466 saylı arayışından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın sürətindən görünür ki, Qax rayonu Almalı kəndində yerləşən 2.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Qax Dövlət X10 mütəxəssislərinin “Rəy”indan görünür ki, onlar tərəfindən Qax rayonu Almalı kəndində yerləşən 2.79 ha pay torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı biçinə iki gün qalmış taxıl sahəsinə daxil olmuş iribuynuzlu mal-qaranın izləri və təzə peyin aydın müşahidə olunmuşdur. Heyvanlar sahədəki sünbülləri həm yeyərək, həm də əzərək ziyan vurmuşlar. Statistik məlumata əsasən həmin ərazilərdə əkilmiş buğdanın ortalama məhsuldarlığı 27 sentner təşkil edir. Dəyən ziyan ümumi sahənin təxminən 0.5 ha hissəsini əhatə etdiyi nəzərə alınsa, vətəndaşa vurulan ziyan 0.5 ha x 27 sentner = 13.5 sentner (1350 kq) həcmində olmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 81 saylı məktubundan görünür ki, hazırda 1 kq buğdanın bazar qiyməti 0.45 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə etirazdan görünür ki, o, həmin etirazda cavabdehin məhkəməyə təqdim etdiyi sübutları əsassız hesab etdiyini göstərərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş mаteriаllаrı ilə müəyyən оlunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən 2.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh otardığı iribuynuzlu mallar iddiaçıya məxsus həmin torpaq sahəsindəki buğda məhsuluna ziyan vurmuşlar. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Qax Dövlət X10 mütəxəssisləri tərəfindən tərtib edilmiş “Rəy”də sözügedən buğda sahəsinə baxış keçirilən zaman iribuynuzlu heyvan izlərinin müşahidə olunduğu, həmin heyvanların sahədəki sünbülləri həm yeyərək, həm də əzərək ziyan vurması, bunun nəticəsində buğda sahəsinin ziyan dəymiş təxminən 0.5 ha hissəsində 13.5 sentner (1350 kq) həcmində məhsulun məhv olması müəyyən edilmişdir. “xxxx” MMC-nin məktubuna əsasən hazırda 1 kq buğdanın bazar qiyməti 0.45 manat təşkil etsə də, iddiaçı buğdanın 1 kq-nın orta bazar qiymətinin 0.35 manatdan hesablanmasına etiraz etməmiş və cavabdehdən 1350 kq buğda itkisinə görə 472.50 manat maddi ziyan tələb etmişdir. Beləliklə, iddiaçıya dəymiş ziyan 0.35 qəp. x 1350 kq = 472.50 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, o cümlədən cavabdehin qismən etirafına, şahidlərin ifadələrinə və işdə olan Qax Dövlət X10 rəyinə istinadən hesab etmişdir ki, iddia tələbinin əsaslılığı sübut olunur və həmin tələb təmin edilməlidir. Eyni zamanda, iddia təmin edildiyi üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları lazımi qaydada əsaslandıra bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında malların sahəyə girdiyi gün həyat yoldaşını diş həkiminə apardığını, malları isə 10 yaşlı oğluna tapşırdığını, heyvanların uşağın nəzarətindən yayınarq iddiaçıya məxsus buğda sahəsinə girdiyini bildirməsi onun iddianı qismən etiraf etməsini təsdiqləyir. Lakin şahid ifadələrindən müəyyən olunur ki, cavabdehin nəzarətində olan iribuynuzlu heyvanların iddiaçının əkin sahəsinə girməsi və orada otarılması dəfələrlə baş vermişdir. Zərər dəymiş əkin sahəsinin və vurulmuş zərərin həcmi müvafiq mütəxəssislər tərəfindən hesablanmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətində ziyan həcminin şişirdildiyi, 23 baş iri buynuzlu mal-qaranın qısa müddətdə sahəyə iddia edilən məbləğdə ziyan vurmasının qeyri-mümkünlüyü, həmin ərazidə torpaq sahəsinin məhsuldarlığının aşağı olması barədə və digər dəlilləri əsassız olmaqla özünü müdafiə xarakteri və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Mütəxəssislər iddiaçının 2.79 ha buğda əkilmiş sahəsinin ziyan vurulmuş hissəsini 0.5 ha ölçüdə götürməklə kifayətlənmiş, iddiaçı isə həmin sahədən əldə edilməsi gözlənilən məhsulun daha aşağı qiymətlə hesablanmasına etiraz etməmişdir. Göründüyü kimi, vurulmuş ziyan miqdarının hesablanmasında güzəştli yanaşma nümayiş etdirilmişdir. Ona görə də məhkəmə kollegiyası tələb edilən ziyan əvəzinin həcmini reallığa uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından (qətnaməsindən) kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-386/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-386/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-158/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-158/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver