Məhkəmə qərarları › İş №2(107)-1591/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1591/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1591/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, girov) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 12917,18 manat əsas, 1149,36 manat faiz borcu olmaqla, ümumilidə 14066,54 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi; Tutmanın cavabdehə məxsus, “X8” MMC tərəfindən emissiya olunaraq 30.07.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001604 saylı mənzil sertifikatına yönəldilməsi, mənzil sertifikatının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" Kommersiya Bankı ASC-yə olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə X4 arasında bağlanmış 308AKN/07 saylı, 03.08.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 175 ay müddətinə, illik 15% ödənilmək şərtilə 47520,46 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X3 mülkiyyətində olan “X8” MMC tərəfindən emissiya olunaraq 30.07.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001604 saylı mənzil sertifikatı girov predmeti kimi banka təqdim edilmiş və bu barədə 308AKNİ/07 saylı, 03.08.2007-ci il tarixli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, onun tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə X3 Banka 12917,18 manat əsas, 11490,36 manat faiz borcu olmaqla, ümumilidə 14066,54 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia təmin edilmiş, X1 12917,18 (on iki min doqquz yüz on yeddi manat on səkkiz qəpik) manat əsas, 1149,36 (bir min yüz qırx doqquz manat otuz altı qəpik ) manat faiz borcu olmaqla, ümumilidə 14066,54 (on dörd min altmış altı manat, əlli dörd qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi cavabdeh X3 mülkiyyətində olan “X8” MMC tərəfindən emissiya olunaraq 30.07.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001604 saylı mənzil sertifikatına yönəldilməsi, həmin sertifikatın açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğin cavabdehin "xxxx" Kommersiya Bankı ASCyə olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, cavabdeh X1 12917,18 manat əsas, 1149,36 manat faiz borcu olmaqla, (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, ümumilidə 14066,54 manat məbləğində kredit borcu tutulmalıdır Eyni zamanda məhkəmə hesab etmişdir ki, 308AKN/07 saylı, 03.08.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi tutulacaq məbləğ cavabdehin mülkiyyətində olan, “X8” MMC tərəfindən emissiya olunaraq 30.07.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001604 saylı mənzil sertifikatına yönəldilməli, həmin sertifikat açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ cavabdehin "xxxx" Kommersiya Bankı ASCyə olan borcunun ödənilməsinə yönəldilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərclər iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci, 279-cu, 298.1-ci, 298.2-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 462.1-ci, 465.2-ci, 739.2-ci, 1076-3.1, 1076-3.2-ci, 1076- 3.3-cü, 1078-1.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, o "xxxx" Kommersiya Bankı ASC-nin iddia tələbinə etiraz edərək vəsatət göndərmiş, lakin məhkəmə işə baxarkən onun yazdığı vəsatətə toxunmamış və iddia tələbini təmin etmişdir. "xxxx" Kommersiya Bankı ASC ilə X4 arasında bağlanmış 308AKN/07 saylı, 03.08.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, o 175 ay müddətinə, illik 15% ödənilmək şərtilə 47520,46 manat məbləğində kredit alaraq X8 MMC-dən ev almışdır. X8 MMC ona 114.90 kv.m-dən ibarət 3 otaqlı, 138 saylı mənzilin hər kvadrat metri üçün 1050 manat olmaqla cəmi 120645 AZN ödəməyi barədə müqavilə imzalamışdır. Lakin evin kvadratı göstərilən qədər deyildir. X8 MMC isə ona bildirmişdir ki, evin kreditinin qutarmasına az qalmış ona güzəşt olunacaqdır. Ancaq ona nə kreditin qurtarmasına az qalmış, nə də pandemiya ilə əlaqədar heç bir güzəşt olunmamışdır. Bu səbəbdən evin kvadratının yenidən ekspertlər tərəfindən ölçülməsinə ehitiyac vardır. Əgər doğurdan da evin kvadratı göstərilən qədərdirsə bu zaman o pulu ödəməyə hazırdır. Əks təqdirdə isə evin bugünkü bazar qiyməti vasitəsilə satılıb, pulunun X8 MMC tərəfindən ona verilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh baxmayaraq Cavabdeh Abdi oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam hissədə mübahisələndirir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Unibank” Kommersiya Bankı ASC ilə X4 arasında bağlanmış 308AKN/07 saylı, 03.08.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 175 ay müddətinə, illik 15% ödənilmək şərtilə 47520,46 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X3 mülkiyyətində olan “X8” MMC tərəfindən emissiya olunaraq 30.07.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001604 saylı mənzil sertifikatı girov predmeti kimi banka təqdim edilmiş və bu barədə 308AKNİ/07 saylı, 03.08.2007-ci il tarixli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, onun tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə X3 Banka 12917,18 manat əsas, 11490,36 manat faiz borcu olmaqla, ümumilidə 14066,54 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin dəlilində bildirmişdir ki,evin kvadratı göstərilən qədər deyildir. X8 MMC isə ona bildirmişdir ki, evin kreditinin qutarmasına az qalmış ona güzəşt olunacaqdır. Ancaq ona nə kreditin qurtarmasına az qalmış, nə də pandemiya ilə əlaqədar heç bir güzəşt olunmamışdır. Bu səbəbdən evin kvadratının yenidən ekspertlər tərəfindən ölçülməsinə ehitiyac vardır. Əgər doğurdan da evin kvadratı göstərilən qədərdirsə bu zaman o pulu ödəməyə hazırdır. Əks təqdirdə isə evin bugünkü bazar qiyməti vasitəsilə satılıb, pulunun X8 MMC tərəfindən ona verilməsini tələb edir. Qeyd edilən dəlillərlə bağlı kollegiya izah edir ki, cavabdehin qeyd etdiyi dəlillər hazırkı iddianın predmetinə aid deyildir. Kollegiya qeyd edir ki, əyər X8 MMC tərəfindən cavabdehə satılmış evin kvadratında qeyd edilən ölçülər müqaviləyə uyğun deyildirsə, cavabdeh həmin qüsurları aradan qaldırmaq üçün X8 MMC-yə müraciət etməlidir. Hazırkı mübahisə isə Unibank” Kommersiya Bankı ASC ilə X4 arasında bağlanmış 308AKN/07 saylı, 03.08.2007-ci il tarixli kredit müqaviləsi, eyni zamanda 308AKNİ/07 saylı, 03.08.2007-ci il tarixli girov müqaviləsi barədədir. Cavabdeh isə həmin müqavilələri mübahisələndirməmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilə bilməz və qətnamə həmin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-298/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar