Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1596/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(014)-1228/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, aliment tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(014)-1059/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (C.Sultanov) 02 iyun 2021-ci il tarixli, 2(014)- 1228/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 11 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(014)-1228/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək ailə qurmuşdur. Birgə nikahdan 11 mart 2015-ci il tarixdə X3 adlı uşaqları olmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədiklərindən aralarında tez-tez mübahisələri yaranmışdır. Nəticədə 02 mart 2016-ci il tarixdən Ağdaş Rayon Məhkəməsində ailə münasibətləri tam pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 11 mart 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hal-hazırda maddi vəziyyətləri çox çətindir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə işin həqiqi halları hərtərəfli araşdırılmadığından, onun maddi və ailə vəziyyəti, iddia tələbinin əsasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi nəzərə alınmadan qəbul edildiyindən və yalnız iddiaçının mənafeyi nəzərə alınaraq, eləcə də maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması” tələbinə dair 2(014)-1228/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda işləsə də əmək haqqısı kifayət qədər çox deyil. Bundan əlavə, ikinci dəfə ailə qurmuş və həmin nikahdan da bir övladı var. Odur ki, Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 22.07.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 569742 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 mart 2015-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 15.03.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, № 281843 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 mart 2018-ci il tarixdə 31 № ilə qeyd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(014)- 1059/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 11 mart 2015-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 80 (səksən) manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun aylıq gəlirinin 270 manat olması ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Apellyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, cavabdeh alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay uşaq üçün 80 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin uşaq üçün 175 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı iddia tələbinin tələbinin məbləği (qiyməti) 95 manat (175- 80=95) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın illik qiyməti 1140 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(014)-1228/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1596/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1596/2021
14.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver