Məhkəmə qərarları › İş №2(107)-1599/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1599/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1599/2021 18.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2, İddiaçı və Cavabdeh iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2(039)-43/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurduğu maddi zərər olaraq 2160 manat, əlavə çəkdiyi xərc olaraq 2760 manat məbləğində maddi zərər və 5000 manat mənəvi zərər məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh sağlamlığına vurduğu zərərə görə çəkdiyi xərc olaraq cəmi 4180 manat məbləğində maddi zərər və 5000 manat mənəvi zərər məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəmənin (hakim R.Əlizadə) 11 fevral 2021-ci il tarixli, 2(039)- 43/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4180 manat maddi ziyan və 500 manat mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətləri vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında dişlərinin müalicəsi üçün Nərimanov metro stansiyasının yaxınlığında yerləşən stomotoloji kabinetdə fərdi fəaliyyət göstərən Cavabdeh yanına getmişdir. Cavabdeh dişlərini müayinə etdikdən sonra dişlərinin yaxşı olmadığını və dişlərini müalicə edib yerlərinə “keramika" adlanan yeni dişlər qoymaq lazım olduğunu bildirmişdir. Dişlərində kəskin ağrılar olduğundan o Cavabdeh təklifini qəbul etmiş və dişlərini müalicə edib yerində yeni dişlər qoymasına razılaşmışdır. Həmin vaxt Cavabdeh ona dişlərin eyni cür olması üçün həm sağlam dişlərini, həm də ağrı olan dişlərini müalicə etmək lazım olduğunu demişdir. O, da Cavabdeh dediklərini qəbul etmişdir. Bundan sonra Cavabdeh ondan hər dişə görə 80 manat pul istəmiş və o həkimlə razılaşmışdır. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, 27 dişini müalicə edəcək və buna görə 2160 manat pul verməlidir. İlkin olaraq Cavabdeh ondan 1000 manat pul almış və müalicəyə başlamışdır. Təxminən iki ay ərzində həftədə 2- 3 dəfə olmaqla Cavabdeh yanına gedirdi. Onun köhnə dişlərini yonaraq bəzilərinə plomb qoymaqla müalicə edib onların yerinə “keramika” adlanan yeni dişlər hazırlamağa başladı. 2019-cu ilin iyul ayının sonunda Cavabdeh bütün dişləri yerinə qoyub işinin bitirdiyini demişdir. Onun dişləri yerinə qoyulduqdan sonra o dişlərində ağrılar hiss etdi. Dişlərində şişkinlik olmuş və o əziyyət çəkməyə başlamışdır. Bu səbəbdən də o yenidən Cavabdeh yanına gəlmiş və o, dişlərini yenidən müalicə etməyə başlamışdır. Bu minvalla Cavabdeh təxminən bir aya yaxın müddətdə dişlərini müalicə etməyinə baxmayaraq o özünü yenə də pis hiss etməyə başlamışdır. Bundan sonra o “X5” özəl xəstəxanasında işləyən Nicat Şıxəliyev adlı həkimə müraciət etmiş və Nicat Şıxəliyev onu müayinə edərək müalicənin düzgün aparılmadığını və yenidən müalicəyə ciddi ehtiyacın olunduğunu demişdir. O ağrılara dözə bilmədiyindən Nicat Şixəliyevin dediyi ilə razılaşdı. Bundan sonra Nicat Şixəliyev dişlərinin müalicəsinə başlayaraq Cavabdeh qoyduğu “keramika” adlanın dişlərini sökmüş və ağız boşluğunda olan şişkinlikləri müalicə etməyə başlamış və müalicə üçün təxminən 4000 manata yaxın ödəniş edəcəyini bildirmişdir. Bundan sonra o Cavabdeh yanına gedərək ilkin müalicənin düzgün aparılmadığını və bu səbəbdən də ödədiyi 2160 manat pulunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh özünü ona diş həkimi kimi təqdim edərək onun dişlərini səhv müalicə etməklə yanaşı, sağlam dişlərini də yararsız hala salmışdır. Hazırda həmin yararsız hala salınmış dişlərinin yenidən bərpasına 4000 manat vəsait sərf etmişdir. Beləliklə dişlərinin bərpası üçün o ümumilikdə 2160 manat əlavə isə 4000 manat xərc çəkmişdir. Eyni zamanda bu yanlış müalicə, müayinə və dişlərinin düzgün quraşdırılmaması nəticəsində o iztirab və əzablar keçirmişdir. Cavabdehin barəsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə baxan Nərimanov rayon Prokurorluğu 01 noyabr 2019-cu il tarixli və 17 aprel 2020-ci il tarixli qərarında araşdırma zamanı Cavabdeh müvafiq təhsili olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən qanunla müəyyən edilmiş qaydada icazə (lisenziya) almadan fərdi qaydada həkimstomotoloq kimi tibbi xidmətləri göstərdiyi, 2019-cu ilin iyun ayında ondan şifahi razılıq əsasında heç bir qəbz vermədən 2160 manat pul alaraq dişlərini müalicə və bərpa edəcəyini vəd verərək lazımi peşə təcrübəsi olmadan dişlərini müalicə etmiş, göstərdiyi qüsurla stomotoloji xidmət nəticəsində onda “sol gicgah çənə oynağının artriti, 38-ci dişin bifurkasiyasnın perforasiyası, sol çənəaltı nahiyyəsinin limfadenti”, 16, 17-ci dişlərdə arxa kanalların işlənilmədiyi, 18, 31, 32, 41, 42, 43, 44, 45, 47-ci dişlərin kanal müalicəsinin qeyri-qənaətbəxş olduğu, 38-ci dişdə intrapulpor şiftinin düzgün yerləşdirilməməsi nəticəsində dişin bifurkiyası nahiyəsindən şiftlə perforasiyası, çənə dişləri üzərindəki körpüvari metal keramik konstruksiyasının diş boyunlarında düzgün yerləşdirilmədiyi və qapaqlarının diş ətindən aralandığı müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarını ciddi pozuntusu ilə çıxarıldığından, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, həmçinin mülki prosessual qanunvericiliyin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə zidd olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnaməsinin mövcud olmasından məlumatı olmayıb. ünvan 1 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2 ünvanda yaşayır. İddiaçı iddia ərizəsində göstərdikləri real həqiqətə uyğun deyildir. O, özü də dəfələrlə onun yanında olmuşdur. o, bilmişdir ki, o diş həkimi deyil, diş müalicə etmir, nervi çıxarmır. Diş texniki olaraq stomotoloq həkim tərəfindən müalicə edilərək götürülmüş ölçülər üzrə dişləri hazırlayır və həkimə verir. Hazır dişləri yerinə həkim özü bərpa edir. 2019-cu ilin yayında Günel ona demişdir ki, təxminən 8-10 il əvvəl düzəltdirdiyi dişlər yeyilib, diş əti qaçıb, dəyişsə yaxşı olar. O, dost olaraq onun köhnədən, neçə illər əvvəl düzəltdirdiyi dişlərə baxış keçirmiş və görmüşdür ki, həqiqətən də həmin dişlər dəyişilməlidir. Dostluq münasibətlərinə görə təmənnasız olaraq onun iki hissədə köhnədən düzəlmiş dişlərini (körpü) çıxarıb, yerini təmizləyib, ölçüsünü götürüb, yenisini hazırlayıb dəyişmişdir. Heç bir mülicə aparmamış və bir manat da olsun pul almamışdır. Həmin vaxt ona demişdir ki, onun dişlərinin və diş ətinin, damağının ciddi müalicəyə ehtiyacı var. Gələcəkdə maddi cəhətdən vəziyyəti yaxşı olarsa həkimlə danışıb güzəştli şərtlərlə müalicə etdirərik və dişlərinin hamısını bərpa edərik. Sonradan onunla münasibətləri pozulub və o, barışığa cəhd etsə də ondan buna addım atılmadığına görə qərəzli olaraq ondan şikayətlər edir və məhkəmədə əsassız iddia qaldırıb. Məhkəmənin qətnaməsindən müəyyən edilir ki, İddiaçı məhkəməyə təqdim etdiyi 06 dekabr 2019-cu il tarixli qəbzlə həkim Nicat Şıxəliyeva 2760 manat, 09 yanvar 2020-ci il tarixli qəbzlə 1420 manat olmaqla cəmi 4180 manat ödəmişdir. Bu faktın özü də göstərir ki, İddiaçı ona hər hansı bir məbləğdə pul ödəməmişdir. Əgər ödəmiş olsaydı həmin məbləği də tələb etdiyi pula əlavə edərdi. Məhkəmənin qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2020-ci il tarixli 2142 saylı Ekspert Rəyinə əsasən göstərilir ki, İddiaçı mütəxəssis müayinəsinə əsasən ona göstərilmiş stomotoloji xidmət Cavabdeh tərəfindən qeyri-peşəkarcasına və qüsurlu şəkildə aparılmışdır ki, sonradan bu da ağırlaşmalara səbəb olmuşdur. O, hər hansı bir müalicə aparmadığı halda ekspert rəyində göstərilən mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də hesab edir ki, iddiaçının ondan mənəvi zərərin ödənilməsi tələbi də əsassızdır. Belə hesab edir ki, iddia tələbi əsassız olmuşdur və məhkəmə tərəfindən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılarkən işin faktiki halları obyektiv və hərtərəfli araşdırılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar iştirakı təmin edilmədiyindən məhkəməyə məlum olmamışdır. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-43/2021 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri real həqiqətə uyğun deyildir. O, diş texniki olaraq stomotoloq həkim tərəfindən müalicə edilərək götürülmüş ölçülər üzrə dişləri hazırlayır və həkimə verir. Hazır dişləri yerinə həkim özü bərpa edir. 2019-cu ilin yayında Günel ona demişdir ki, təxminən 8-10 il əvvəl düzəltdirdiyi dişlər yeyilib, diş əti qaçıb, dəyişsə yaxşı olar. O, dost olaraq onun köhnədən, neçə illər əvvəl düzəltdirdiyi dişlərə baxış keçirmiş və görmüşdür ki, həqiqətən də həmin dişlər dəyişilməlidir. Dostluq münasibətlərinə görə təmənnasız olaraq onun iki hissədə köhnədən düzəlmiş dişlərini (körpü) çıxarıb, yerini təmizləyib, ölçüsünü götürüb, yenisini hazırlayıb dəyişmişdir. Heç bir mülicə aparmamış və bir manat da olsun pul almamışdır. Lakin işi sülh yolu ilə yekunlaşdırmaq məqsədilə iddiaçıya 1000 manat verə bilər. Cavabdeh sonda Yevlax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(039)-43/2021 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətin etiraz edərək bildirmişdir ki, cavabdehi instaqram vasitəsilə tanımışdır. Dişlərinin müalicəsi və bərpası məqsədilə cavabdehə müraciət etmiş, sonuncu da hər dişinə görə 80 manat olmaqla, onun dişlərini müalicə edərək metal keramika adlanan dişlər qoymuşdur. Bir müddətdən sonra dişlərində kəskin ağrı olduğundan, yenidən cavabdehin yanına getmişdir. Lakin sonda mülaicəsi effektli olmadığından başqa həkimə, “X5” özəl xəstəxanasında işləyən Nicat Şıxəliyev adlı həkimə müraciət etmiş və Nicat Şıxəliyev onu müayinə edərək müalicənin düzgün aparılmadığını və yenidən müalicəyə ciddi ehtiyacın olunduğunu demişdir. O da ağrılara dözə bilmədiyindən Nicat Şixəliyevin dediyi ilə razılaşdı. Bundan sonra o Cavabdeh yanına gedərək ilkin müalicənin düzgün aparılmadığını və bu səbəbdən də ödədiyi 2160 manat pulunun geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu vaxt ərzində maddi və mənəvi əziyyət çəkməsinə baxmayaraq, cavabdeh səhvini düzəltməkdən imtina edir. O da əlacsız qalıb əvvəl polis orqanına, sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2(039)-43/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 01 iyun 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh 15 yanvar 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, H.Əliyev prospekti ev 44, mənzil 10-da qeydiyyatdadır. Nərimanov RPİ-si tərəfindən 04 aprel 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1987-ci il tarixdə Zəngilan şəhərində anadan olmaqla Zəngilan şəhəri, S.Vurğun küçəsi ev 10-da qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı birliyi 85 saylı Mənzil-Kommunal İstismar sahəsinin 11 may 2020-ci il tarixli 336 saylı arayışından məlum olur ki, İddiaçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 68B, mənzil 82-də yaşayır. AA seriyalı 093809 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1” X6 02 noyabr 2020-ci il tarixli 2142 saylı ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsinə əsasən, ona göstərilmiş stomatoloji xidmət Cavabdeh tərəfindən qeyripeşəkarcasına və qüsurlu şəkildə aparılmışdır ki, bu da sonradan qeyd olunan ağırlaşmalara (diş, çənə nahiyəsinin və diş ağrılarının olması) yaranmasına gətirib çıxartmışdır. Belə ki, mütəxəssis müayinələri zamanı onda “sol gicgah çənə oynağının artriti, 38-ci dişin bifurkasiyasının perforasiyası, sol çənəaltı nahiyəsinin limfadenti”, 16, 17ci dişlərdə arxa kanalların işlənilmədiyi, 18, 31, 32, 41, 42, 43, 44, 45, 47-ci dişlərin kanal müalicəsinin qeyri-qənaətbəxş olduğu, 38-ci dişdə intrapulpor ştiftin düzdün yerləşdirilməməsi nəticəsində dişin bifurkasiya nahiyəsindən ştiftlə perforasiyası, çənə dişləri üzərindəki körpüvari metal keramik konstruksiyasının diş boyunlarında düzgün yerləşdirilmədiyi və qapaqların diş ətindən aralı qaldığı müəyyən edilmişdir. 695417 saylı qəbzdən məlum olur ki, İddiaçı Nicat Şixəliyevə 06 dekabr 2019-cu il tarixdə 2760 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 695429 saylı qəbzdən məlum olur ki, İddiaçı Nicat Şixəliyevə 09 yanvar 2020-ci il tarixdə 1420 manat pul ödəmişdir. Nərimanov rayon prokurorluğunun 17.04.2020-ci il tarixli “cinayət işinin rədd olunması haqqında” qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh qanunazidd hərəkətləri ilə bağlı prokurorluğa müraciət etmişdir. Həmin iş üzrə izahatı alınmış Cavabdeh İddiaçı tanıdığını, sonuncunun dişlərinin müalicəsi ilə bağlı ona müraciət etdiyini və 27 dişdə təmir-bərpa işlərinin aparıldığını bildirmiş, eyni zamanda hər dişə görə 50 manat pul ödəniləcəyini göstərmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğu əsasında “X5” özəl xəstəxanası tərəfindən verilmiş məktubdan müəyyən edilir ki, İddiaçı ona müraciət edəndə dişləri düzgün müalicə olunmadığından sonuncu 2760 manat bir, 1420 manat da bir dəfə, cəmi 4180 manat ödəniş etmişdir. Lakin vətəndaş İddiaçı ona əvvəlcədən müraciət etsəydi həmin müalicənin dəyəri qeyd olunan məbləğin yarısından az olardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 maddəsinə əsasən “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Yenə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhərində stomatoloji xidmət göstərmişdir. İddiaçı Cavabdeh müraciət edərək, dişlərinin müalicə etməsini xahiş etmişdir. Cavabdeh iddiaçının dişlərini müalicə etsə də, həmin müalicə qüsurlu şəkildə aparılmışdır. Bundan başqa iddiaçı həkim Nicat Şixəliyevə qüsurlu işlərin düzəldilməsi üçün müraciət etmiş və Nicat Şixəliyev həmin qüsurlu müalicənin nəticəsində iddiaçının dişlərində olan fəsadları aradan qaldırmışdır. Bundan başqa iddiaçı həmin qüsurlu müalicənin aradan qaldırılması üçün Nicat Şixəliyevə cəmi 4180 manat pul ödəmişdir. Cavabdehin iddiaçıya göstərdiyi qüsurlu müalicə nəticəsində iddiaçıya mənəvi sarsıntı, iztirab verilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə də ümumilkdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı dəlilləri əsassızdır. Ona görə ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamasını bildirsə də, bunu təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarının 40,45,71,78-ci səhifələrdə olan “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildirişlərdən müəyyən edilir ki, cavabdeh 070 335 66 26 mobil telefon nömrəsinə dəfələrlə SMS göndərilməklə xəbərdar olunmuşdur. 75,83,90-cı səhifələrdəki arayışlardan görünür ki, cavabdeh həmçinin məhkəmə iclas katibi vasitəsilə zəng olunaraq xəbərdar edilmişdir. Kollegiya bildirir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır (Mülki Prosessual Məcəllə maddə 135.7). İkincisi, kollegiyanın araşdırması zamanı məyyən edilmişdir ki, Cavabdeh Bakı şəhərində stomatoloji xidmət göstərməklə, iddiaçının dişlərini müalicə və bərpa etsə də, müalicəni qüsurlu şəkildə aparmışdır ki, bunun da nəticəsində iddiaçı həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Mübahisənin bu hissəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1” X8 tərəfindən verilmiş 02 noyabr 2020-ci il tarixli 2142 saylı ekspert rəyi və “X5” özəl xəstəxanası tərəfindən verilmiş məktubla tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməklə, bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Rəyin əsaslılığı da hər hansı bir şübhə doğurmur. Buna görə də, ekspert rəyi ilə də məhkəmənin razılaşmaması üçün əsaslar da mövcud deyildir. Ona görə də, ekspert rəyi ilə müəyyən edilmiş hallar (cavabdeh tərəfindən vurulan zərərin həcmi və xarakteri) mötəbər sübut kimi qəbul edilməlidir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, iddia tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Cavabdeh bunu qanunsuz və əsassız adlandırsa da, bu qanunsuzluğun və əsassızlığın nədən ibarət olmasını apellyasiya şikayətində açıqlamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddia tələbi qismən ( cavabdehdən 4180 manat maddi və 500 manat mənəvi ziyan, cəmi 4680 manat pul alınaraq iddiaçıya verilməsi) təmin edildiyindən hazırki qətnamənin mübahisələndirilən hissəsindən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Çünki həm təmin olunmuş, həm də təmin olunmayan hissə 5000 manatdan azdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2(039)-43/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar