Məhkəmə qərarları › İş №2(107)-16/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-16/2020

10.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-16/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu İnçə kənd bələdiyyəsinə və Göyçay rayon İHB-nın İnçə kənd inzibati ərazi nümayəndəliyinə qarşı “qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi, maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-454/2018 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu İnçə kənd bələdiyyəsinə və Göyçay rayon İHB-nın İnçə kənd inzibati ərazi nümayəndəliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən zəbt olunmuş, qanunsuz və əsassız olaraq inşa olunmuş özbaşına tikililərin Göyçay rayon İnçə kəndində yerləşən İnçə Bələdiyyəsinin mülkiyyətində və ümumi istifadədə olan X3 və Cavabdeh1 Alıcan oğlu tərəfindən cənubdan eni 7,30 metr, şimaldan eni 7,70 metr, uzunluğu 38,0 metr gediş-gəliş yoluna aid 285 kv.m zəbt edilmiş torpaq sahəsində inşa olunmuş qanunsuz hasar (mərz), quraqlıq, tualet və dəmir darvaza cavabdehlərin vəsaiti hesabına sökülməsi, Göyçay rayonu İnçə kənd bələdiyyəsinin mülkiyyətində və ümumi istifadədə olan gediş-gəliş yolunun cavabdehlər tərəfindən bərpa edilməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi, bütün bu illər ərzində vaxtilə onların şəxsi vəsaiti hesabına kəndə qaz çəkilişi üçün alıb gətirdikləri boru xətlərinin cavabdehlərin söküb sataraq mənimsəmələri nəticəsində külli miqdarda gəlir əldə etməklə ailəsinə 2000 manat vurulmuş maddi zərərin tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hаkim Z. Quliyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu İnçə kənd bələdiyyəsinə və Göyçay rayon İHB-nın İnçə kənd inzibati ərazi nümayəndəliyinə qarşı qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi, maddi ziyanın tutulması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnаməyə əsаsən, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu İnçə kənd bələdiyyəsinə və Göyçay rayon İHB-nın İnçə kənd inzibati ərazi nümayəndəliyinə qarşı qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi, maddi ziyanın tutulması tələbinə dair iddialarının rədd olunması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada iddiaçılara aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 60 (altmış) manat xərc iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apelyasiya şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Göyçay rayon İnçə kəndində olmaqla sakinlərin ümumi istifadəsində olan yolda yerləşir. Cavabdehlər kənd əhalisinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş ümumi istifadədə olan və ətrafdakı evlərdə yaşayan kənd sakinlərinin gediş-gəlişi üçün nəzərdə tutulmuş həmin gediş-gəliş yolunu hər iki hissəsinə daş tökməklə zəbt edərək onun üzərində şəxsi istifadələri üçün nəzərdə tutulmuş quraqlıq inşa edərək mişar daşından hasar, tualet tikmişlər və dəmir darvaza qoymuşlar. Həmin torpaq sahəsi cavabdehlərin deyil İnçə kənd bələdiyyəsinin mülkiyyətindədir. Cavabdelərin bu hərəkətləri isə onların hüquqlarını kobud şəkildə pozduqları öz evlərinə gediş-gəlişi çətinləşdirdiyi üçün, yollarını bağladığı üçün bu barədə onlara müraciət olunmuş, lakin bunların heç bir müsbət nəticəsi olmamışdır. Bələdiyyəyə müraciətlə bağlı isə, bildirilmişdir ki, mübahisə ilə bağlı məsələni məhkəmə yolu ilə həll etməsi tövsiyyə olunur. Belə ki, dövlət və bələdiyyə nümayəndələrinin həmin mübahisə ilə bağlı tərtib etdiyi xx.xx.2012-ci il tarixli Akta heç bir məhəl qoymayan cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2012ci il tarixli qətnaməsi ilə onların Cavabdeh1 və qeyrilərinə qarşı “qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi, cavabdehdən mənəvi və maddi ziyanın tutulması” tələbimə dair iddiaları qismən təmin edilmiş, Göyçay rayon İnçə kəndində yerləşən, İnçə bələdiyyəsinin mülkiyyətində və ümumi istifadədə olan Cavabdeh1 tərəfindən cənubdan eni 7,30 metr, şimaldan eni 7,70 metr, uzunluğu 38,0 metr gediş-gəliş yoluna aid 285 kv.m zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qanunsuz hasar (mərz) Cavabdeh1 vəsaiti hesabına sökülməsi, Göyçay rayon İnçə kəndində yerləşən İnçə Bələdiyyəsinin mülkiyyətində olan və ümumi istifadədə olan gediş-gəliş yolunun Cavabdeh1 tərəfindən bərpa olunması qət edilmişdir. xx xxxxxx 2013-cü il tarixdə Göyçay rayon İcra Bölməsinin rəisi İlqar Abdurrahmanovun icraata başlamaq haqqında qərarı ilə 146/2013 saylı icra işi üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli icra sənədinin icraatına başlanılmış və iş üzrə borclu Cavabdeh1 icra vərəqəsinin könüllü icrası üçün 10 (on) gün vaxt verilməklə borcun ödənilməsi üçün ona xx xxxxxx 2013-cü il tarixli, 368 №140/2013 saylı bildiriş göndərilmiş, lakin borclu məhkəmə qətnaməsini könllü icra etmədiyi üçün məcburi icra olunmuşdur. Lakin halhazırda borclu məhkəmənin qanuni qüvvədə olan qətnaməsini yenidən pozaraq, ona əməl etməyərək xx xxxxxx 2017-ci il tarixdə həmin ərazini qardaşı-digər cavabdeh X3 ilə yenidən zəbt etmişdir. Cavabdehlərin hərəkətləri tamamilə qanunsuz və əsassızdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən mübahisəli yol 2012-ci ildə tutulmuşdur. Həmin vaxt yolun açılması ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış, həmin rəydə cavabdehlərin həqiqətən yolu zəbt etdikləri göstərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(046)-547/2012 nömrəli qətnaməsi əsasında yol açılmış, cavabdehlər tərəfindən həmin yerdən yenidən yol zəbt edilmişdir. Ancaq hazırki işdə mütəxəssislər yolun zəbt edilməməsi barədə rəy verdiklərini göstərib, yenidən ekspertiza keçirilməsini xahiş etmişlər. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-454/2018 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. (İddiaçı1 həmçinin istifadəsində olan 070 5419404 mobil telefon nömrəsilə, cavabdehlər Cavabdeh1 050 718 91 44, X3 isə 050 759 19 41 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işətərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-454/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(046)- 547/2012 nömrəli qətnaməsindən görünür ki, məhkəmənin sorğusu əsasında tərtib edilmiş xx xxxx 2012-ci il tarixli aktı və Azərbaycan Respublikası DT VƏ XK-nın Göyçay rayon şöbəsinin baş məsləhətçisi Şakir Abışovun verdiyi rəyi əsasında müəyyən edilmişdir ki, mübahisəli ərazi yəni, Cavabdeh1 Alıcan oğlunun evinin arxa tərəfindən keçən yol sahəsinin eni 7 metr, uzunluğu 37 metr olmaqla özbaşına zəbt edilmiş, həmin torpaq sahəsi daş hasara alınmış, hasara alınmış sahənin bir hissəsi ümumi istifadədə olan yol sahəsi olmaqla İncə Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu İnçə kəndində yerləşən cavabdehlər tərəfindən inşa edilmiş tikililər JN-744 A və JN 746A nömrəli şəhadətnamələrlə onların xüsusi mülkiyyətinə verilmiş DVVG məlumatlarına əsasən torpaq sahəsində inşa edildiyi və inşa olunmuş tikililər cavabdehlərin öz mülkiyyətlərində olan torpaq sahəsində tikildiyindən digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən edilmişdir. Apelyasiya icraatı zamanı təkrar məhkəmə-tikinti ekspertizası təyin edilmiş, lakin mövcud sənədlər təqdim olunmaması səbəbindən rəy verilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən tərəflərdən ekspertiza tədqiqatı üçün lazım olan sənədlər dəfələrlə tələb edilməsinə baxmayaraq tərəflər həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən iş Ekspertiza Mərkəzindən icrasız saxlanılaraq geri qaytarılmışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur; Mülki Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırki iş verilmiş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Birincisi ona görə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İkincisi, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Üçüncüsü, təkrar ekspertiza tədqiqatının aparılması üçün tərəflərdən, xüsusən də iddiaçı tərəfdən sənədlər tələb edilməsinə (mülki iş səhifə 246) baxmayaraq, sonuncular həmin sənədləri təqdim etməkdən imtina etmişlər. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-454/2018 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-454/2018 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar