Məhkəmə qərarları › İş №2(107)-16/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-16/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-16/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh7 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə-019R********** saylı kredit razılaşması üzrə 16564.78 ABŞ dolları məbləğində kredit borcu, 5172.42 ABŞ dolları məbləğində faiz borcu və 9196.48 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 30933 ABŞ dolları 68 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə- Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və cəmi 30933 ABŞ dolları 68 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması, Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh8 İddiaçı QSC ilə arasında bağlanmış 29.10.2013-cü il tarixli 19L000001134 nömrəli kredit xətti müqaviləsinə əsasən, 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən edilir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh8 İddiaçı QSC ilə bağladığı 31.03.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 28.10.2015-ci il tarixli 019R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh8 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət ödəməli olduğu vəsaitləri 06.12.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh8 götürdüyü kredit borcundan 3435.22 ABŞ dolları ödəmiş, onun 16564.78 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh8 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.01.2018-ci il tarixə 398 gün üçün hesablanmış faiz borcu 5172.45 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 08.01.2018-ci il tarixə 398 gün üçün hesablanmış cərimə 9196.48 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Cavabdeh8 ilə Bank arasında bağlanmış 16.07.2014-cü il tarixli 19M000000169 nömrəli ipoteka müqaviləsinə əsasən (Balakən rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilib) Balakən şəhəri, Səməd Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və üzərindəki 108 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən 13 №li reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* №li çıxarışla Balakən şəhəri, Səməd Vurğun küçəsində 0.09.ha torpaq sahəsi üzərindəki 0.09 ha torpaq sahəsi və üzərindəki 108 saylı fərdi yaşayış evi Cavabdeh8 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 15.07.2014-ci il tarixli 3575 saylı arayışa əsasən, Cavabdeh8 mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 ipoteka müqaviləsi imzalanarkən notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş, ipoteka predmetinə tutma yönəldiyi təqdirdə və satıldıqda həmin evi və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürümüşlər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayana ipoteka tutma predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan «xxxx» QSC cavabdeh- ipoteka qoyanlara «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq 14.11.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 18.11.2017-cı il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 21.11.2017ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətt müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh8 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsi ilə (hakim H.Q. Səlimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə- 019R********** saylı kredit razılaşması üzrə 16564.78 ABŞ dolları məbləğində kredit borcunun, 5172.42 ABŞ dolları məbləğində faiz borcunun və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 22737,20 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə- Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsinə və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması və cəmi 22737,20 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması, Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh8 arasında bağlanmış 29.10.2013-cü il tarixli 19L000001134 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh8 İddiaçı QSC ilə bağladığı 31.03.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 28.10.2015-ci il tarixli 19R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişliklik edilmişdir. Cavabdeh8 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət ödəməli olduğu vəsaitləri 06.12.2016-cı il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasının təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Eyni zamanda kredit xətti müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Cavabdeh8 ilə Bank arasında bağlanılmış 16.07.2014-cü il tarixli 19M000000169 nömrəli ipoteka müqaviləsinə əsasən Balakən şəhəri Səməd Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və üzərindəki 108 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh8 edilmiş xəbərdarlıqlara məhəl qoymamış, borcu ödəməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddia tələbi əsas borca və faiz borcuna aid hissədə əsaslıdır. Eyni zamanda birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, penya borcu tənasübsüz sürətdə yüksəkdir. Belə ki, əsas borcun miqdarı 16564.78 ABŞ dolları məbləğində kredit borcu, 5172.42 ABŞ dolları məbləğində faiz borcu olduğu halda, 9196,48 ABŞ dolları məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq, onun da mənafeyinə zərər vurulmaması üçün cərimənin azaldılaraq 1000 ABŞ dolları miqdarında müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir. Borclular üzərlərinə götürdükləri öhdəliklərə əməl etmədiklərindən iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildiriş vermiş, bildiriş dövlət orqanında qeydə alınmış, bundan sonra iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Tələbin Balakən şəhəri, Səməd Vurğun küçəsində yerləşən Cavabdeh8 mülkiyyətində olan 0.09 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 108 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 22737 ABŞ dolları 20 (iyirmi iki ) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Cavabdeh8 mülkiyyətdə olan 0.09 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 108 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Ev satıldıqdan sonra alıcıya təhvil verilməli olduğundan iddia tələbi evin İddiaçı QSC-ə təhvil verilməsi hissəsində təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 449.1-ci, 462.1-ci, 470.1-ci, 472.2-ci, 739.1 və 739.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü, 33-cü, 34.1.2-ci, 39.3-cü, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(019)-15/2019 nömrəli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından məhkəmə qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasları zamanı cavabdeh tərəf borcun artıq göstərilməsinə istinad etdiyi, əslində Banka olan borcun daha az olduğunu iddia etdiyi halda, məhkəmə qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını sübut kimi qəbul etmiş, borc məbləğinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, məhkəmə tərəfimizdən verilmiş vəsatətlər əsasında, habelə öz şəxsi təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, hər hansı hüquqi əsas və hesabdan çıxarış təqdim edilmədən iddiaçı tərəfin təqdim etdiyi məlumatlarla razılaşmışdır. Bununla yanaşı, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat olması nəticəsinə gələn məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi 2014-cü il tarixdə bağlanmışdır. Devalvasiya ilə bağlı dolların məzənnəsi qalxdığı kimi, ipoteka predmetinin də bazar dəyəri qalxmışdır. Hazırda həmin əmlakın bazar qiyməti təxminən 80000- 90000 manat arasındadır. Məhkəmə ipoteka predmetinin qətnamənin qəbul edildiyi tarixə olan real bazar dəyərini müəyyən etməklə cavabdeh tərəfin maddi vəziyyətini daha da ağırlaşdırmış, cavabdeh tərəfindən böyük miqdarda ödəniş etməsinə baxmayaraq ipoteka predmetinin asanlıqla iddiaçının mülkiyyətinə keçirilməsinə zəmin yaratmışdır. Halbuki, ipoteka predmetinin real bazar dəyəri müəyyən edilməli, tərəflər bərabərliyi prinsipi qorunmalı idi. Bundan başqa, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(019)- 15/2019 nömrəli qətnaməsi ilə hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilsə də, məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmış, irəli sürülməmiş tələb üzrə qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı yaranmış borcun ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb etsə də, məhkəmə həmin xüsusata önəm verməmiş, qeyri-müəyyənlik yaratmaqla hazırda müəyyən edilməsi mümkün olmayan borcun ümumi qaydada tutulmasını qət etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mübahisəli qətnamə ilə ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması qət edilsə də, məhkəmə tərəfindən bu nəticəyə gəlinərkən hər hansı maddi və prosessual hüquq normasına istinad edilməmiş, mübahisəli mənzildə faktiki olaraq daha çox insan yaşadığı halda, onların yaşayış evindən çıxarılmasına dair hüquqi əsas olmadığı halda həmin fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Məhkəmənin gəldiyi nəticədən elə anlaşılır ki, digər ailə üzvlərinə məxsus əşyalar da fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evi tam şəkildə boşaldılmalıdır. Hazırda İddiaçı QSC ilə cavabdehlər arasında fərdi yaşayış evindən çıxarılma ilə bağlı və ya evin boşaldılması ilə bağlı hər hansı mübahisə olmadığı halda, məhkəmə həmin məsələyə də hüquqi qiymət vermiş, gələcəkdə mübahisənin yaranması ehtimalı olan məsələni indidən həll etmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(019)-15/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın rədd edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh7 Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(019)-15/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı. QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak edə biləyəcəyini bildirmiş və apellyasiya şikayətininn rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(019)-15/2019 nömrəli qətnaməsinın ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı. QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın rədd edilməsini xahiş edirlər. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması hissəsində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması hissəsi, ipoteka predmetinin likvid dəyəri 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh8 arasında bağlanmış 29.10.2013-cü il tarixli 19L000001134 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh8 İddiaçı QSC ilə bağladığı 31.03.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 28.10.2015-ci il tarixli 19R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişliklik edilmişdir. Cavabdeh8 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət ödəməli olduğu vəsaitləri 06.12.2016-cı il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasının təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Eyni zamanda kredit xətt müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan Cavabdeh8 ilə Bank arasında bağlanılmış 16.07.2014-cü il tarixli 19M000000169 nömrəli ipoteka müqaviləsinə əsasən Balakən şəhəri Səməd Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və üzərindəki 108 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh8 edilmiş xəbərdarlıqlara məhəl qoymamış, borcu ödəməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, məhkəmə qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını sübut kimi qəbul etmiş, borcu məbləğinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin etməmişdir. Lakin, Məhkəmə Kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/1012 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, Cavabdeh8 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 31.03.2015-ci il tarixli 019R********** saylı Kredit Razılaşması və əlavə sazişlər üzrə kreditin müddəti və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh8 20.02.2018-ci tarixə (iddia ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilən tarix) və 04.02.2021-ci il tarixə (suala əsasən hazırda deyildiyindən hazırki qərardadın tarixi) banka olan əsas və faiz borcu əsas borc üzrə-16.906.03 ABŞ dolları, faiz borcu 7.925.69 ABŞ dolları olmaqla cəmi 24.831.72 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin borc məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxılma və irəli sürülməmiş tələb üzrə qətnamə qəbul edilməsi ilə bağlı şikayətin dəlili ilə razılaşmayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəf qalan borcun Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq iddianı həmin hissədə təmin etmişdir. Dəlillər bu hissədə də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, cavabdehlərin həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması qət edilsə də, məhkəmə tərəfindən bu nəticəyə gəlinərkən hər hansı maddi və prosessual hüquq normasına istinad edilməmiş, mübahisəli mənzildə faktiki olaraq daha çox insan yaşadığı halda, onların yaşayış evindən çıxarılmasına dair hüquqi əsas olmadığı halda həmin fərdi yaşayış evinin boşaldılmasını qət edilmişdir. Məhkəmənin gəldiyi nəticədən elə anlaşılır ki, digər ailə üzvlərinə məxsus əşyalar da fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evi tam şəkildə boşaldılmalıdır. Hazırda İddiaçı QSC ilə cavabdehlər arasında fərdi yaşayış evindən çıxarılma ilə bağlı və ya evin boşaldılması ilə bağlı hər hansı mübahisə olmadığı halda, məhkəmə həmin məsələyə də hüquqi qiymət vermiş, gələcəkdə mübahisənin yaranması ehtimalı olan məsələni indidən həll etmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə də razılaşmır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki,məhkəmə həmin nəticəyə gələrkən X4 59.3cü maddəsinə istinad etmişdir. X4 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Mənzil satıldıqdan sonra cavabehlərin mənzildən çıxarılmasına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Həmin maddədən görünür ki, “mənzilin boşaldılması” ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun tərkib hissəsidir, mənzilin boşaldılması ilə həmin prosedur başa çatır. İpoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ ipotekasaxlayana məxsus olduğuna görə o, mənzilin boşaldılmasını da tələb etmək hüququna malikdir. 1 məhkəmə icraatından sonra 2-ci məhkəmə icraatının həyata keçirilməsi (mənzilin hərracda almış şəxsin ipotekaqoyana və onunla birlikdə yaşayan ailə üzvlərinə və digər şəxslərə qarşı mənzildən çıxarılma barədə iddia irəli sürməsi, həmin iddiaya baxılması, qətnamə çıxarılması, qətnamədən şikayətlər verilməsi, qətnamənin qanuni qüvvəyə minməsi, qətnamənin icraya yönəldilməsi, könüllü icra üçün vaxt verilməsi, daha sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi və s.) məhkəmə icraatının prinsiplərində biri olan prosessual qənaət prinsipinə uyğun deyil. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunub: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə ... məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar”. Göründüyü kimi, mənzildən çıxarılmanın əsası “tutmanın yönəldilməsi barədə məhkəmə qərarı” kimi göstərilmişdir. Ona görə də həmin hissədə 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyator digər dəlilində ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat olması ilə razılaşmamış, hazırda həmin əmlakın bazar qiymətinin təxminən 80000- 90000 manat olmasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X3” MMC-nin 19 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Balakən şəhəri, S. Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 33000 (otuz üç min) AZN, likvid qiyməti isə 28000 (iyirmi səkkiz min) AZN təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili də əsassız olsa da tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli kimi qiymətləndirilməlidir. Kollegiya belə nəticəyə gəlir ki, rəyin nəticəsi cavabdehlərin mənafeyinə uyğun olmasa da iddiaçı tərəfindən ipoteka premetinin ilkin satış qiyməti mübahisələndirilmədiyindən cavabdehlərin mənafeyini, eyni zamanda Ali Məhkəmənin yuxarıdı qeyd edilən qərardadını diqqətə alınaraq məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması hissəsi, ipoteka predmetinin likvid dəyəri 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ipoteka predmetinin likvid dəyərinə münasibətdə qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsi dəyişdirilsin. Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması hissəsi, ipoteka predmetinin likvid dəyəri 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilsin. Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsi apelyatorların apellyasiya şikayətləri üzrə mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar