Məhkəmə qərarları › İş №2(107)-1600/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1600/2021

16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1600/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- dəymiş ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1000 manat ziyanı Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, xəstə və yaşlı qadındır. Evində oğlu, həyat yoldaşı yoxdur. 45 illik iş stajı var. Əmək veteranıdır. Bir qızı ilə yaşayır. Aprel ayının 30-da Naxçıvana getmişdir. Sentyabr ayının 3-də qayıtmışdır. Evinə gəldikdən sonra həyət bacasına baxarkən, taxta darvazasının qırıldığını, taxta hasarının dibinə tökdürdüyü 12 maşın torpağın hasarının dibindən 20 metr oyana kürünüb aparıldığını görmüşdür. Daş divarında üz ağlayının qırıldığını görmüş, qızını çağırıb soruşanda qızı ona demişdir ki, Cavabdeh2 və Cavabdeh1 Fazil İsayev küçəsində çörək sexi açıblar. O sexə qaz xətti çəkərkən traktor həm taxta hasarı, həm də divarı qırıb, həm də torpağı kürüyüb qaz borusunun üstünə verib. Həmin vaxt qızı da evdə olmayıb, işdə olub. Həyəti çox çökəkdir. Yağış suları, qrunt suları həyətinə dolur. O da pensiyanı yığıb həyətində hasarının çöl tərəfini doldurmuş ki, həyətini qrunt suları basmasın. Bu işlə əlaqədar Cavabdeh2 və Cavabdeh1 dəfələrlə müraciət etmişdir. Çörək sexinə 3 dəfə gedib hətta onlarla dalaşmışdır ki, onun torpağını gətirib yerinə töksünlər. Lakin cavabdehlər onu aldatmış və torpağı gətirməmişlər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsi ilə, (hakim R. Əlizadə) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ziyan tələbi ilə məhkəməyə müraciət edərək 1000 manat maddi ziyanın ödənilməsini tələb etsə də, maddi zərərin dəyməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh2 Yevlax şəhəri, F.İsayev küçəsində çörək sexi inşa etdirmişdir. Həmin çörək sexinə qaz xətti çəkilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, həmin qaz xəttinin çəkilməsi nəticəsində ona maddi ziyan dəydiyini bildirərək, cavabdehlərdən 1000 manat ziyanın tutularaq ona verilməsini xahiş etmişdir. Həmin çörək sexinin tikilməsi nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2524 saylı rəyi ilə məlum olur ki, Yevlax şəhəri, F.İsayev küçəsində yerləşən çörək sexinin tikilməsi nəticəsində, ünvan 1 ünvanında İddiaçı mülkiyyətinə maddi ziyan vurulduğu müəyyən olunmur. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 1096,1097-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassizdır. İddiaçı bildirmişdir ki, işə baxılarkən cavabdehlərin mənafeyi üstün tutulmuşdur. Məhkəmədə işə baxılarkən xəstə və yaşlı qadın olmağı nəzərə alınmamış, ona dəymiş ziyan düzgün hesablanmamışdır. Odur ki, iddiaçı Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 Cəmil oğlu məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-44/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə kollegiyası iclasında iştirak edərək, Cavabdeh1 Cəmil oğlu ilə oxşar məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-442021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xəstə olduğu üçün məhkəmə kollegiyasının iclasında iştirak edə bilmir və iddia tələbinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 Yevlax şəhəri, F.İsayev küçəsində çörək sexi inşa etdirmişdir. Həmin çörək sexinə qaz xətti çəkilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, həmin qaz xəttinin çəkilməsi nəticəsində ona maddi ziyan dəydiyini bildirərək, cavabdehlərdən 1000 manat ziyanın tutularaq ona verilməsini xahiş etmişdir. Həmin çörək sexinin tikilməsi nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 Yevlax şəhəri, F.İsayev küçəsində çörək sexi inşa etdirmişdir. İddiaçı məhkəməyə müraciət edərək, həmin qaz xəttinin çəkilməsi nəticəsində ona maddi ziyan dəydiyini bildirərək, cavabdehlərdən 1000 manat ziyanın tutularaq ona verilməsini bildirsə də, bu barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2524 saylı rəyi ilə məlum olur ki, Yevlax şəhəri, F.İsayev küçəsində yerləşən çörək sexinin tikilməsi nəticəsində, ünvan 1 ünvanında İddiaçı mülkiyyətinə maddi ziyan vurulduğu müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir və bu səbəbdən də birinci instansiya məhkəməsinin ekspert rəyini əsas götürməklə gəldiyi nəticə tamamilə əsaslıdır. İddiaçı iddia tələbində göstərilən məbləğdə ziyan dəyməsini tələb etsə də, məhz cavabdehlər tərəfindən ona zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert məhz iddiaçı tərəfin təqdim etdiyi sənədləri əsasında tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə kollegiyası rəyin verilməsi və rəydə göstərilən nəticələrin əksinə dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(039)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar