Məhkəmə qərarları › İş №2(107)-1601/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1601/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1601/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin olunmuş, Cavabdeh2 2293 (iki min iki yüz doxsan üç) manatın alınıb İddiaçı verilməsi, iddianın Cavabdeh1 münasibətdə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6010 manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, vəkili X3 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı iş üzrə birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak etmiş və iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır. Hər üçü məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışlar, münasibətləri yaxşı olmuşdur. 22 dekabr 2018-ci ildə birlikdə yeməkxanada olan zaman cavabdehlər ona dedilər ki, Cavabdeh2 həyat yoldaşını məktəb direktorluğundan çıxarırlar, onu yerinə qaytarmaq üçün 3000 manat lazımdır, həmin pulu Xəyyama ver. Cavabdeh1 Ağdam rayon köçkün orta məktəbin direktoru olduğuna görə ona inandı. Ona dedilər ki, kredit kartından 3000 manat çıxarıb Xəyyama versin, bir ay müddətində həmin pulu tam şəkildə qaytaracaqdır. Hətta Cavabdeh1 onu inandırdı ki, yanvar ayında tətildən qayıdan kimi bir nəfər işçinin adına bankdan kreditə pul götürüb borcu qaytaracaqdır. O, "Kapital Bank”dan aldığı bir kart hesabından 3000(üç min) manat götürüb 22 dekabr 2018-ci ildə Cavabdeh1 verdi. 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh1 zəng vurub pulun qaytarılmasını xahiş etdi. Cavabdeh müxtəlif bəhanələrlə ona pulun qaytarmaqdan boyun qaçırdı. Bir neçə gündən sonra Cavabdeh2 onu inandırdı ki, Rusiya Federasiyasına qohumunun yanına gedir, yenə bir az pul tap ver, Rusiyadan pulunu tam həcmdə göndərəcəkdir. O, yenə Xəyyama inandı və 2019-cu ilin aprel ayında başqa bir dostundan 800 manat borc pul alıb Xəyyama verdi. Sonra yenə Xəyyamın xahişi ilə bir kartdan 450 manat pul çıxarıb ona borc verdi. Bundan sonra Cavabdeh2 yenə ona bildirdi ki, qohumunun toy məclisinə gedir, ona hədiyyə olaraq aparmağa bir qızıl-zinət əşyası lazımdır. O, qızıl-zinət əşyaları satan tanışı Sahibdən 460 manat qiymətində qızıl-zinət əşyası alıb Xəyyama verdi. Cavabdeh2 Rusiya Federasiyasına gedib-gəldi, lakin onun borcunu tam ödəmədi. Belə ki, borcları alan zaman Xəyyam əmək haqqı kartını və çörək pulu kartını ona verdi ki, həmin kartlardan pul çıxarıb kredit borcunu ödəsin. Lakin Xəyyamın əmək haqqı kartından cəmi 6 ay pul çıxarmışdır. 6 aydan sonra kartı ondan almışdır. Çörək pulu kartından isə cəmi bir dəfə 240 manat pul çıxarmış, sonra Xəyyam həmin kartı bağlatmışdır. Beləliklə, cavabdehlər ondan cəmi 4710 manat borc pul almışdır. Bir kartdan götürdüyü kreditə görə isə 1300 manat faiz ödəmişdir. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 6010 (altı min on) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Cavabdeh1 birinci instansiya məhkəməsinin əvvəlki iclasında izahatında bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və münasibətəri yaxşı olmuşdur. 2018-ci ilin dekabr ayında Cavabdeh2 ilə kafedə çörək yedikləri zaman İddiaçı da onların yanına gəldi. Söhbət zamanı Cavabdeh2 pula ehtiyacı olmasını bildirdi. İddiaçı isə bir kartı olmasını və ona kartından pul götürüb verə biləcəyini dedi. Çörək yeyib qurtardıqdan sonra bankomata getdilər və İddiaçı bankomatdan pul götürüb Cavabdeh2 verdi. Onlar öz aralarında pulun qaytarılması ilə bağlı razılığa gəlmişlər. İddiaçı və Cavabdeh2 arasında olan sonraki pul məsələlərindən məlumatı yoxdur. O, heç vaxt İddiaçı borc pul almamış və onun qarşısında hər hansı öhdəlik götürməmişdir. Ona görə də iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin əvvəlki iclaslarında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və münasibətəri yaxşı olmuşdur. 2018-ci ilin dekabr ayında Cavabdeh1 ilə kafedə çörək yedikləri zaman İddiaçı da onların yanına gəldi. Söhbət zamanı o, 3000 manat pula ehtiyacı olmasını bildirdi, İddiaçı onda birkart olmasını və kartından pul götürüb ona verə biləcəyini dedi. Çörək yeyib qurtardıqdan sonra birlikdə bankomata getdilər və Natiq 3000 manat pulu götürüb ona vermişdir. O, borcunu qaytaracağını bildirmişdir. Lakin borcunu qaytara bilmədiyinə görə öz əmək haqqı kartını İddiaçı verərək birkartın borcunun kartdan götürüb ödəməsini bildirmişdir. İddiaçı onun əmək haqqı kartından pul götürüb bir kartın borcunu ödəyirdi. Sonradan Rusiya Federasiyasına getməli olduğu üçün hədiyyə kimi qızıl əşyası lazım olduğunu İddiaçı bildirmişdir. Natiq qızıl alqı-satqısı ilə məğşul olan tanışından 460 manat qiyməti olan qızılı alıb ona vermişdir. Bundan əlavə İddiaçı 450 manat, daha sonra isə əlavə 800 manat borc pul almışdır. Bunun müqabilində İddiaçı aylıq 240 manat pul yüklənən çörək pulu kartını da vermişdir. Sonradan Natiq pulu ondan bütöv şəkildə tələb etmişdir. O isə sentyabr ayında kartı İddiaçı alıb 2200 manat pulu ona vermişdir. Natiq bir gün sonra həmin pulu ona qaytarmış və 3000 manat pul verməli olduğunu bildirmişdir. O, İddiaçı həmin vaxta kimi ona məxsus kartlardan pul çəkilərək borcun bir hissəsinin ödənilməsini, cəmi 1740 manat borcu qalmasını və birkartdan çıxarış edərək hansı miqdarda borcun qalmasını bildirmişdir. İddiaçı isə bir kartı göstərməmiş və onlardan polis şöbəsinə şikayət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 188-ci maddəsində birbaşa qeyd edilir ki, işdə iştirak edən şəxslərdən hər hansı biri gəlmədiyinə görə işə baxılması təxirə salınmalıdır. Mingəçevir Şəhər Məhkəməsinin hakimi M.Kərimova qanunun bu tələblərinə riayət etməmiş, yəni bu işi təxirə salmalı olduğu halda ona baxmaqla onun hüquqlarını qəsdən tapdalamaqla sübutlara, faktlara arxalanmayan, ədalətsiz qətnamə qəbul etmişdir. Məhz bu səbəbə görə də qətnamə əsassız olduğuna görə ləğv olunmalıdır. O, yəni Cavabdeh2 məhkəmənin əvvəlki iclasında izahatında bildirmişdir ki, İddiaçı 1740 (bir m in yeddi yüz qırx) manat borcu qalmışdır. İddiaçı ona məxsus əmək haqqı kartlarından pul çəkərək borcun bir hissəsini qaytarmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)- 462/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhər polis şöbəsinə şikayət etmiş, polis şöbəsi tərəfində əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 mart 2020-ci il tarixli qərar çıxarılmış, İddiaçı sözügedən qərardan şikayət edərək sözügedən qərarın ləğv edilməsini xahiş etmiş, Mingəçevir şəhər məhkəməsinin 27.08.2020-ci il tarixli qərarına əsasən İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi barədə 09.03.2020-ci il tarixli qərarından verilmiş şikayət rədd edilmişdir. İddiaçı məhkəmənin qərarından şikayət edərək ləğv edilməsini xahiş etsə də Şəki Apelyasiya Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarına əsasən şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 14.2.1, 324.1, 329.2, 385.1, 389.1 və 390.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsində göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 müxtəlif vaxtlarda 3000 manat, 450 manat, 800 manat və 460 manat qiyməti olan qızıl-zinət əşyası, cəmi 4710 manat pul vermişdir. Cavabdeh2 isə borcun qaytarılması üçün özünə məxsus əmək haqqı və məcburi köçkünlər üçün nəzərdə tutulan çörək pulu kartlarını iddiaçıya vermişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 məxsus əmək haqqı kartından borcun qaytarılması məqsədi ilə 6 ay müddətində pul çıxarmışdır. Məhkəməyə təqdim olunmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh2 6 ayda əmək haqqı cəmi 2177 manat təşkil edir. Beləliklə İddiaçı Cavabdeh2 kartından cəmi 2177 manat və məcburi köçkünlər üçün nəzərdə tutulmuş tutulan çörək pulu kartından bir ay ərzində cəmi 240 manat pul götürmüşdür. Belə olan halda Cavabdeh2 iddiaçıya qaytardığı cəmi məbləğ 2417 manat, cavabdehin iddiaçıya olan borcu isə 2293 manat təşkil edir. İddiaçı Cavabdeh2 borc pul vermişdir. Cavabdeh2 isə həmin borcu qaytamağı öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin olunmalı, cvabdehdən 2293(iki min iki yüz doxsan üç) manat alınıb iddiaçıya verilməlidir. İddia tələbindən görünür ki, iddiaçı tələbi Cavabdeh2lə birlikdə X1 qarşı da vermişdir. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçıdan borc pul almamış və onlar arasında hər hansı bir öhdəlik yaranmamışdır. Cavabdeh2 İddiaçı pul alan zaman Cavabdeh1 onların yanında olması onun cavabdeh kimi göstərilməsinə, tələbin ona da yönəldilməsinə səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Hazırki iş üzrə iddianın dəyəri 6010 manatdır. Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsi ilə iddianın 2293 manata aid hissəsi təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv olunmasını xahiş etsə də, iddiaçıya 1740 manat borcu qaldığını göstərmişdir. İddia tələbinin təmin olunmuş hissəsi ilə cavabdehin borclu qaldığını etiraf etdiyi məbləğin fərqi 553 manat olduğundan, əslində, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin 553 manata aid olan hissəsində razılaşmadığı aşkar olunur. Yəni, həmin hissəni mübahisələndirmişdir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(051)-462/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar