Məhkəmə qərarları › İş №2(107)-1603/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1603/2021

14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1603/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(025)-740/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4750 (dörd min yeddi yüz əlli) ABŞ dollarının, 360 (üç yüz) altmış manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 31 may 2021-ci il tarixli, 2(025)- 740/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla pul vəsaiti, 360 (üç yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi internet vasitəsilə tanıyır. Belə ki, cavabdeh 2016-cı ilin yaz aylarında, internetdə özünə məxsus olan sənədlə 7,5 sot, faktiki olaraq isə 10 sot olan torpaq sahəsini satmaq məqsədilə elan yerləşdirmiş və torpağın dəyərini 8000 (səkkiz min) manat qoymuşur. O, həmin şəxslə əlaqə saxlamış və torpaq almaq niyyətinin olduğunu bildirmişdir. Sonradan torpağa baxmaq niyyəti ilə Qəbələ rayonu Bum kəndinə getmiş və torpaq sahəsinə və torpağın sənədinə baxmışdır. Lakin torpağa məxus olan sənəd DƏDRX tərəfindən verilmiş çıxarış olmadığından, torpağın alqısatqısı üçün mütləq olaraq çıxarışın olması zəruriliyini nəzərə alaraq, ərazi üzrə cavabdehin oğlu olan Nurlan adlı şəxslə DƏDRX-nin ərazi idarəsinə getdilər. Cavabdehin oğlu da bildirdi ki, qeyd edilən idarədə yaxın tanışları işləyir və o torpağın sənədləşdirilməsində onlara kömək edəcək. İdarədən torpağa dair sənədlərə baxıldıqdan sonra onlara bildirildi ki, bu kateqoriya sənədlər əsasında 20 (iyirmi) gün ərzində torpağın çıxarışı hazır olur və bundan sonra onlar alqı-satqı prosesini həyata keçirə bilərlər. O da cavabdehə torpağın çıxarışı hazır olan kimi alqı-satqıya getməyə razı olduğunu bildirdi. Sənədə baxdıqdan sonra o, Bakı şəhərinə qayıtdı. Təqribən bir həftə cavabdeh ona zəng edərək bildirdi ki, qardaşının xəstəliyi ilə bağlı İrana aparamalıdır. Əgər torpağı alacaqsa, pul ödənişini tezləşdirsin. Mümkün edib pulu dollarla versin, çünki onlar xarici ölkə olan İrana gedəcəklər, onlara dollar lazım olacaq. Əlavə olaraq bildirdi ki, “mən halal adamam, narahat olma, çıxarış alınan kimi alqı-satqını həyata keçirəcəm”. O da inanaraq, qardaşı Araz, dostu Elməddinlə birlikdə Qəbələ rayonun getdi. 4700 (dörd min yeddi yüz) ABŞ dolları miqdarında pulu Qəbələ rayon Təhsil Şöbəsində işləyən cavabdehə vermişdir. Cavabdeh bildirdi ki, “torpaq sənin halalındır”. İki-üç gün sonra cavabdehin oğlu Bakıya gələrək bildirdi ki, onlara verilən dolları manata çevirdikdə torpağın pul tamamlanmır. Bu dəfə də 50 (əlli) ABŞ dollarını və 150 (yüz əlli) manat pulu cavabdehə zəng vurub bildirərək Nurlana vermişdir. Ondan da üç gün sonra isə Bakı şəhərində Nurlanla görüşdü və o da bildirdi ki, artıq İrana gedəsi olmadılar, sənədi DƏDRX-yə veriblər, amma sənədi almaq üçün 210 (iki yüz on) manat dövlət rüsumu lazımdır. Bildirdi ki, o bir də bəlkə Bakıya gələ bilmədi. Bu dəfə də 210 (iki yüz on) manat pulu cavabdehə zəng vurub bildirərək Nurlana verdi. Təqribən 1 həftə sonra torpağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədə qeyd olunmamış yol mövcuddur. Bu səbəbdən torpağa dair çıxarışın verilməsi mümkün deyil. Həmin vaxtdan sonra müxtəlif bəhanələr gətirərək nə torpaq sənədləşdirildi, nə də pulu qaytarıldı. Əlavə bəhanə gətirildi ki, torpaqlar elektron məlumat bazasına yerləşdiriləcək, bu da 2017-ci ilin 1 yanvarınadək yekunlaşacaq. Həmin iki il müddətdə dəfələrlə kəndə getmiş, hətta fasilələrlə xeyli vaxt kənddə qalmışdır. Qonşularla tanış olmuş və bildirmiş ki, “bu torpaq sahəsinin sahibi mən olacağam”. Lakin cavabdehin hər dəfə ona müxtəlif bəhanələr gətirərək torpağı satmaqdan imtina etməsini gördükdə pulunu geri tələb etmişdir. Lakin cavabdeh ona bildirdi ki, pulu ancaq torpağı satdıqdan sonra qaytara biləcək, çünki pul yoxdur və xərclənib. Qeyd edilən müddətdən indiyədək cavabdeh pulun bir manatını belə olsa qaytarmayıb. Belə ki, sonradan cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azında bu qədər uzun müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında olan razılaşmanı pozmamış, qarşı tərəfin fikrinin dəyişməsi səbəbindən problemin həllində mübahisə yaranmışdır. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 740/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıdan 4750 (dörd min yeddi yüz əlli) ABŞ dollar və 360 (üç yüz altmış) manat məblğində pul almışdır. Səbəb də Qəbələ rayonunda yerləşən torpağının iddiaçıya satılması məqsədi olmuşdur. İddiaçı torpağa baxdıqdan sonra 8000 manata razılaşmış, lakin sənədləşmədə problem olduğu üçün DƏDRX-yə müraciət etmişlər. Ona təcili pul lazım olduğundan torpağın dəyərini iddiaçıdan almışdır. Lakin sonradan iddiaçı torpaq sahəsini almaqdan imtina etmişdir, səbəb kimi də torpağa qeyd olunmamış yolun mövcud olması göstərilmişdir. İndi iddiaçı pulunu geri tələb edir. O, pulu qaytarmaqdan imtina etmir. Belə ki, indi 5500 manat verib, qalan pulu isə bir il müddətinə qaytarılması üçün iddiaçıdan vaxt istəyir. Bundan əlavə qalıq puldan 400 manatını qaytarmaq istəmir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin satmaq istədiyi torpaq sahəsi problemli olduğundan artıq almaq niyyəti yoxdur. Cavabdeh torpağın problemli olması barədə ona əvvəldən məlumat versəydi, o da torpağın pulunu verməzdi. O, cavabdehin hazırki təklifi ilə razılaşır, lakin 400 manatla bağlı hissədə etiraz edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(025)- 740/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin rədd edilməsi üçün əsаs оlа bilməz. Belə ki, apellyasiya şikayətində cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozmadığını, qarşı tərəfin fikrini dəyişməsi səbəbindən problemin həllində mübahisə yarandığını göstərir. Məhkəmə kollegiyası dəlilini əsassız hesab edir. Çünki tərəflər alqısatqı müqaviləsi bağlamağa hazırlaşsalar da sonda cavabdehin torpağının sənədlərində olan çatışmazlıq səbəbindən alqı-satqı prosesi baş tutmamışdır. Ona görə də hazırkı vəziyyətdə cavabdehin iddiaçıya qarşı hər hansı tələbi əsassızdırMəhkəmə kollegiyasi tərəfindən müəyyən olunmuşdur ki, iddia üzrə İddiaçı Cavabdeh ilə torpaq sahəsinin alqısatqısı barədə razılığa gələrək ona əvvəlcədən torpaq sahəsinin dəyəri olaraq hissə-hissə - 4700 ABŞ dolları və 50 ABŞ dolları olmaqla ümumilikdə 4750 ABŞ dolları pul vermiş, həmçinin sənədləşmə və əlavə xərclər üçün iddiaçı cavabdehə 210 manat və 150 manat olmaqla ümumilikdə 360 manat pul vermişdir. Həmin faktı cavabdeh də təsdiq edir. Lakin, sonradan torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərində uyğunsuzluq yaranmış, torpaq sahəsinin alqı-satqısının sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı ödədiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh 4750 ABŞ dolları və 360 manat pulu İddiaçı qaytarmamışlar. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazı əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş ziyanın dəyməsini, zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. İddiaçı tərəfindən də tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməklə yanaşı, cavabdeh də işin bu halını mübahisələndirməmiş, əksinə məhkəmə iclasında pulu qaytarmağa hazır olduğunu, həmin puldan 5500 manatı indi, qalan hissəsini isə bir il müddətinə qaytramaq istədiyini bildirmişdir. Cavabdehin mübahisələndirdiyi hal əsasən qalıq pulun 400 manatını iddiaçıya qaytarmamaq olmuşdur ki, bunun da əsl səbəbini inandırıcı şəkildə məhkəməyə izah edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(025)-740/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar