Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1608/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi və İddiaçı (bundan sonra iddiaçı) iştirakı ilə iddiaçının Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)- 319/2020 nömrəli qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Göyçay Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən 34970 manat, 1000 manat məbləğində əlavə xərclərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hаkim İ.Fəttahov) xx xxxx 2020-ci il tarixliqətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh onun etibarından sui-istifadə edərək adına –“TBC” bankdan 10000 manat və “Unibank”dan 7000 manat krediti götürərək mənimsəmişdir. Bundan başqa, onun gəlinini universitetə düzəltmək adı ilə 13000 manat təhsil haqqını əvvəlcədən almış, lakin vermiş olduğu vədləri yerinə yetirməyərək ona qarşı dələduzluq etmişdir. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmiş və Nəsimi Rayon Polis İdarəsinin təhqiqat və istintaq bölməsində araşdırma aparılmış, lakin cavabdehin əməlində cinayət tərkibinin olmadığını əsas gətirərək, istintaq orqanı onun barəsində cinayət işinin başlanmasını rədd etmişdir. Cavabdehin onu aldadaraq külli miqdarda pulu ələ keçirməsi faktı onun özünün etirafından başqa, çoxsaylı faktlarla və şahid ifadələri ilə təsdiq olunur. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyаsiyа şikаyəti onula əsaslandırılmışdır ki, cavabdeh etibarından sui - istifadə edərək onu aldatmışdır. O, “TBC” bankdan 10000 manat və “Unibank”dan 7000 manat pulu götürərək ona vermiş, o da bunu mənimsəmişdir. Bundan başqa, onun gəlinini universitetə düzəltmək adı ilə 13000 manat təhsil haqqını əvvəlcədən almış, lakin vermiş olduğu vədləri yerinə yetirməyərək ona qarşı dələduzluq etmişdir. O, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmiş və Nəsimi Rayon Polis İdarəsinin təhqiqat və istintaq bölməsində araşdırılma aparılmış, lakin ədalətsiz bir qərar qəbul edilmişdir. Cavabdehin onun aldatması müxtəlif şahid ifadələri və əsas da öz ifadəsi ilə həmin qərarda öz əksini tapmışdır. Bu da çox vacib sübutlardan biridir. O, Göyçay Rayon Məhkəməsinə öz iddia ərizəsi ilə müraciət etdiyi zaman həmin qərarı da sənədləri ilə birlikdə iş materiallarına əlavə etmişdir. Məhkəmə bütün bunları araşdıraraq icraatına qəbul etmişdir. Göyçay Rayon Məhkəməsində işin içində olan mötəbər sübut olan qərarın olmaması haqqında ona heç bir söz deməmiş, birinci hazırlıq iclasından sonra heç bir araşdırma aparmadan ədalətsiz qərar qəbul olunmuşdur. Ona görədə apelyasiya şikayətimin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdehdən 34970 manat və 1000 manat məbləğində əlavə xərclərin 50 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə təqdim etdiyim sübutlara baxmamaış, ədalətsiz qərar qəbul etmişdir. Mən tanışım Nəzakət xanımın xahişi ilə “Unibank”dan 7000 manat pulu götürüb Cavabdeh vermişəm. Bundan sonra Yaqutla tanışlığımız başlayıb. Yaqutla tanışlığımız başlayandan sonra “TВC” bankdan 10000 manat pulu götürüb ona vermişəm. Bundan sonra yənə də 10000 min manat ona vermişəm, daha sonra bacımdan 3000 manat götürüb ona vermişəm. Bundan başqa, gəlinim üniversitetə və laboratoriya düzəltmək üçün 11000 manat pulu Yaquta vermişəm. Yaqut bu puldan müəyyən məbləğini mənə qaytarsa da, yerdə qalan 34970 manat pulu ondan tələb edirəm. Cavabdeh tələbimlə razılaşdığı üçün iddianı etiraf edib və bu barədə notariat qaydada mənə yazılı ərizə də vermişdir. Həmin ərizəni Sizə təqdim edirə və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdehdən 34970 manat, 1000 manat məbləğində əlavə xərclərin və 30 dövlət rüsumunun cavabdehdən alınıb mənə verilməsi barədə qərar qəbul qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili X2 apelyasiya şikayəti təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının vəkili və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmiş və məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış izahatdan görünür ki, o, iddiaçının Nəsimi Rayon Polis İdarəsinə verdiyi şikayəti təsdiq edir və iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası İddiaçı ərizəsi əsasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində toplanmış xx.xx.2017-ci il tarixli HK-1/460 nömrəli materialın Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin iddiaçı cavabdehin notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəmə kollegiyasına təqdim edərək, iddiaçının ona qarşı qaldırdığı pul tələbinə dair iddiasını tam həcmdə etiraf etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddia tələbini etiraf etdiyi üçün iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinə əsasən, məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər (mad. 14.3). Eyni zamanda, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (mad. 52.2). Həmçinin, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (mad. 191). Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (mad. 191.3). Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (mad. 220.4) Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (mad 106.3). Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır (mad 106.4). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında iddia tələbini etiraf etməsi və bu barədə məhkəməyə ərizə ilə müraciət etməsi qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)-319/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh 34970 manat, 1000 manat məbləğində əlavə xərc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1608/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1608/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver