Məhkəmə qərarları › İş №2(107)-161/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-161/2020

09.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-161/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1526/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onlara dəymiş maddi zərərin əvəzi olaraq 1430 manatın və vurduğu ziyanın əvəzinin gec verilməsi ilə bağlı pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdikləri xərclərin, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun Cavabdehn alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1526/2019 saylı qətnaməsi ilə iddiа qimən təmin edilmiş, Cavabdeh 1430 (min dörd yüz otuz) manat məbləğində pul və 30 manat dölət rüsumunun tutularaq İddiaçı2 verilməsi və iddianın qalan hissədə və İddiaçı1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçılar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1526/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul tutularaq iddiaçı X1 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş maddi zərərin əvəzi olaraq 1430 manat tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehə məxsus 1 baş malın İddiaçı2 məxsus “Toyota Camry” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobilə çırpılması nəticəsində iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Həmçinin iş materiallarından məlum olur ki, həmin yol nəqliyyat hadisəsi zamanı sözügedən “Toyota Camry” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə üzrə idarə etmək səlahiyyəti verilmiş İddiaçı1 idarə etsə də, həmin avtomobil faktiki olaraq İddiaçı2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddiaçı avtomobilinə 1430 manat maddi zərər deydiyini göstərə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Qüsur aktı isə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, maşın təmir edilmiş, maşına dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Hazırda da ekspertizanın keçirilməsi qeyri-mümkündür. Çünki avtomobil artıq təmir edilmiş və istifadəyə verilmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iş üzrə cavabdehin etirafından başqa heç bir sübut yoxdur. Cavabdeh isə İddiaçı2 məxsus “Toyota Camry” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin və ya çəkilən xərclərin təxminən 600 (altı yüz) manat məbləğində olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1526/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul və 30 manat dölət rüsumu tutularaq İddiaçı2 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləlikə kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1526/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul və 30 manat dölət rüsumu tutularaq İddiaçı2 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1526/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul və 30 manat dölət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar