Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1612/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(033)-457/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-457/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) İddia qismən təmin edilmiş, Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Cavabdeh1 8700 (səkkiz min yeddi yüz) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 12700 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 və qardaşı Cavabdeh2 ilə tanışlığı olduğundan 2014-cü ilin noyabr ayının 15-də ondan borca 3300 manat pul istəmiş və o, həmin pulu vermişdir. Cavabdeh həmin borcu 2015-ci ilin noyabr ayınadək qaytarmağı öhdəsinə götürmüşdür. 3300 manat borc pulun geri qaytarılmasına cavabdehin özü və qardaşı Cavabdeh2 iştirakı ilə akt rəsmiləşdirilmiş və hər üçü tərəfindən imzaları ilə təsdiqlənmişdir. Bundan sonra xx xxxxxx 2014-cü il tarixdə yenidən cavabdehə 1700 manat borc pul vermişdir. O, həmin pulu cavabdehə paltar alveri edib əvvəlki borc ilə birlikdə cəmi 5000 manat pulu qaytarmaq şərti ilə vermişdir. Cavabdeh həmin pulu xx xxxx 2015-ci il tarixdə qaytaracağına söz versə də buna əməl etməmişdir. Daha sonra cavabdeh ona pulunun batacağını deyərək ondan yenidən borc pul istəmişdir. Cavabdeh ona ot çalınan vaxt olduğundan traktor üçün 4500 manat, ot çalan aqreqat üçün isə 700 manat pul verməsini istəmişdir. O, əvvəlki pulunun batacağından qorxub ot çalmaq üçün traktor almağa 4500 manat, ot çalan aqreqat üçün 700 manat, cəmi 5200 manat pulu cavabdehə vermişdir. Həmin pulun verilməsinə görə akt tərtib edilmişdir. Dördüncü dəfə cavabdeh xx xxxxxx 2015-ci il tarixdə onun yanına gəlib işlərinin gətirmədiyini bildirərək özünü sınamaq üçün fındıq alveri ilə məşğul olmaq istədiyini bildirmiş və ondan 2500 manat pul istəmişdir. Ondan bu dəfə də ona şans verməsini xahiş etmiş və o, sonuncuya verdiyi pulun batacağından qorxaraq yenidən ona 2500 manat pulu vermişdir. Bu barədə aralarında akt tərtib edilmiş və onlar imzaları ilə təsdiq etmişlər. Beləliklə o cavabdehə 12700 manat pul vermişdir. Lakin, hal-hazıradək cavabdeh onu aldadaraq ondan borc aldığı 12700 manat pulu qaytarmamışdır. Bu səbəbdən də, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıya olan 11500 manat borcunu tam şəkildə ödəmiş, sonuncuya heç bir borcu qalmamışdır. Əslində iddiaçı qeyd olunan pulları ona borc deyil, birgə işləmək üçün verilmişdir. İddianın əsassız olmasını şahidlər təsdiq edirlər. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, 2016-cı ilin yanvar ayında Məcidlə görüşmüş və sonuncu iddiaçıya borcu olduğunu bildirmişdir. Həmin vaxt İddiaçı onlara yaxınlaşmış və Məcid sayıb ona 2500 manat pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 məhkəmə iclasında göstərmişdir ki, tərəflərlə uzaq qohumluğu vardır. O, Cavabdeh1 ilə İddiaçı evinə getmişdir. Məcid ona demişdir ki, İsmayıla 3500 manat pul verməlidir. Məcidin İsmayıla 35 ədəd 100 manatlıq əskinazların verdiyini görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında göstərmişdir ki, ona məxsus torpaq satılıb. Torpağın pulundan 2000 manatı borcla əvəzləşdirilmiş, 750 manat və sonda 250 manat olmaqla 1000 manat ona verilmişdir. O, 3000 manatdan cəmi 1000 manat götürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X12 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh X12 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-457/2020 nömrəli qətnaməsindən narazıdır. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddia ərizəsində iddiaçı cavabdeh olaraq onu və qardaşı Cavabdeh2 olduğunu göstərmiş və tələb hissəsində “tərtib olunmuş aktlarla imzalarımızla doğru olduğu təsdiqlənmiş verdiyi 12700 manat pulu onlardan müştərək qaydada tələb edir. Məhkəmə prosesində o və qardaşı iddiaçı ilə aralarında olan pul məsələsinin borc pul deyil, əmlak alqı-satqısı, iş görmək və xidmət göstərilməsi üçün verildiyi və məbləğin cəmi 11500 manat olduğunu göstərsələr də o məhkəməyə saxta şəkildə özünün tərtib etdiyi, imzaladığı 15.1.1.2014-cü il, xx xxxxxx 2014-cü il; xx xxxxx 2015-ci il; xx xxxxxx 2015- ci il tarixli aktlar təqdim edərək verdiyi məbləğin 12500 manat və borc məbləği olduğu barədə məhkəməni aldatmışdır. Zaqatala Rayon Məhkəməsinə dəfələrlə iddiaçının təqdim etdiyi aktların saxta olduğu barədə, yazı xətti ilə imzalanmış müvafiq xəttşünaslıq və digər ekspertizalar təyin edilərək yoxlanması barədə qərardad verilməsi üçün vəsatət versə də, təmin edilməmişdir. Nəticədə birinci dəfə noyabr 2014-cü il tarixdə iddiaçı Zaqatala şəhərində yaşadığı üçün Muğanlı kəndində Daşdəmirov Ramazana məxsus 1.36 ha torpağı 10 illik icarəyə götürməsi üçün vasitəçilik edərək verdiyi 2000 manatı, sonra həmin torpağa 1000 manat əlavə verərək birdəfəlik alqı- satqı etməyimiz sənədləşmə və gediş-gəliş xərclərini ödəməyi üçün verdiyi 3300 manat pulu “borc pul” kimi qiymətləndirmişdir. İddiaçı hal-hazırda onun vasitəsilə 3000 manata aldığı həmin torpağı 11.500 manata sataraq 8000 manatdan çox pul əldə etmişdir. İddia ərizəsində borclular o və qardaşı Elşad olduğu göstərilsə də məhkəmə baxışında qardaşının heç bir əlaqəsi olmadığı ortaya çıxdı. Bundan başqa 12700 manat borclu olduqları göstərilsə də, 4000 manat pulu geri ödədiyini və ya xidmət göstərdiyini iddiaçı etiraf etmək məcburiyyətində qaldı. Beləliklə birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 457/2020 nömrəli qətnaməsinin əsassız olduğu üçün ləğv edilməsini barədə yeni qətnamə çıxarılmasınəı xahiş edir. Apelyasiya şikayətinə qarşı verilmiş etiraz: Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı tərəfindən 2014-2015-ci illərdə ona pul verdiyi iddia edilir və 2017-ci ildə pulun qaytarılması ilə əlaqədar Zaqatala rayon prokurorluğuna və Zaqatala rayon Polis şöbəsinə şikayət verir. Zaqatala rayon prokrorluğundan və Zaqatala rayon Polis şöbəsindən iddiaçıya tövsiyə edilir ki, bu işlə əlaqədar məhkəməyə müraciət edə bilərsiz. İddiaçı onu məhkəməyə 2017-ci ildə yox, 2020-ci ildə məhkəməyə vermişdir. İddiaçı ona pulu iş qurmaq məqsədi ilə vermişdir. İddiaçı 5 il ərzində ona verdiyi borc məbləğini istəməyib. Əgər o borcunu qaytarmasaydı iddiaçı 5 il müddətinə pulu tələb edərdi. iddia müddətinin tətbiq olunmasını xahiş edir. Ona görədə apelyasiya şikayətinin təmin olunmasını Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-457/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə çıxarasınız. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, bocla bağlı akt tərtib olunub, borc tam olaraq ödənilməmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmasın, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-457/2020 qətnaməsinin qüvvədə qalmasını xahiş edir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə оlаn xx xxxxxx 2014-cü il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh1 3300 manat pulu xx xxxxxx 2015-ci il tarixdə qaytarmaq şərti ilə borc olaraq vermişdir. İşdə оlаn xx xxxxxx 2014-cü il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh1 1700 manat pulu xx xxxx 2015-ci il tarixdə qaytarmaq şərti ilə borc olaraq vermişdir. Cavabdeh1 əvvəl götürdüyü 3300 manat pul ilə birlikdə cəmi 5000 manat pulu göstərilən tarixdə qaytaracağına söz vermişdir. İşdə оlаn xx xxxxx 2015-ci il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh1 ot çalımı sezonunda traktor almaq üçün 4500 manat və ot çalan aqreqat almaq üçün 700 manat, cəmi 5200 manat borc pul vermişdir. Cavabdeh1 ot çalımı sezonunda qazandığı pulla İsmayıl Əlimməmmədova olan cəmi 10200 manat borc məbləğini qaytaracağına söz vermişdir. İşdə оlаn “xx xxxxxx 2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 əvvəl götürdüyü 10200 manat pulu qaytara bilmədiyi üçün bir şans istəyərək əvvəlki borcunu ödəmək məqsədi ilə İddiaçı fındıq sezonunda fındıq alveri üçün 2500 manat borc pul götürmüşdür. O cəmi 12700 manat pulu 2015-ci ilin sonunadək İddiaçı ödəyəcəyinə söz vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-457/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli akta əsasən 3300 manat pulu, xx xxxxxx 2014-cü il tarixli akta əsasən 1700 manat pulu, xx xxxxxx 2014-cü il tarixli akta əsasən ot çalımı sezonunda traktor almaq üçün 4500 manat və ot çalan aqreqat almaq üçün 700 manat, cəmi 5200 manat pulu, xx xxxxxx 2015-ci il tarixli akta əsasən 2500 manat olmaqla cəmi 12700 manat pulu İddiaçı Cavabdeh1 2015-ci ilin sonunadək qaytarmaq şərti ilə borc vermişdir. İddiaçı tərəfindən borcun qaytarılmasına kömək olunması məqsədi ilə xx xxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M.Quliyevə, Azərbaycan Respublikası Prokrorluğunun Baş Prokuroru Z.Qaralova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Zaqatala rayon şöbəsinə, Azərbaycan Respublikası Prokrorluğunun Zaqatala rayon prokuroru Ə.Abdullayevə, Azərbaycan Respublikası DİN-nin Zaqatala rayon Polis şöbəsinin rəisi Polis polkovniki A.Ələkbərova şikayət ərizəsi yazmışdır. Bundan əlavə Zaqatala RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Cavabdeh1 barəsində toplanmış HK/1-301 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki iddia qaydasında aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Daha sonra işdə olan Zaqatala Rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktubdan aydın olur ki, sonuncuya Cavabdeh1 verdiyi pul məbləğinin məhkəmə qaydasında alınması üçün ona məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bu fikirdədir ki, cavabdehin hazırkı tələblə bağlı iddia müddətinin keçməsi ilə bağlı vəsatəti əsaslı deyil. Çünki, iddiaçı aidiyyatı üzrə məhkəmədə iddia qaldırmasada, verdiyi pulun qaytarılmasına köməklik göstərilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmiş, onlardan yardış istəmiş və bununla da verdiyi pulun cavabdehə bağışlamadığını, ondan tələb etdiyini bəyan etmişdir. Bu baxımdan da kollegiya hazırkı işə müqavilə tələbləri üzrə iddia iddia müddətinin tətbiqindən imtina edir. Digər tərəfdən nəzərə alsaq ki, iddiaçının 79 yaşı var və sonuncu verdiyi pulun qaytarılması üsulunu məhz müxtəlif dövlət orqanlarına müraciət etməkdə görmüşdür. Həmçinin, öyrənilən işdən o da müəyyən edilir ki, cavabdeh apelyasiya şikayətində həm də aktlarda olan imzaları mübahisələndirmiş və bu imzaların onun tərəfindən icra edilmədiyini göstərmişdir. Lakin, məhkəmə kollegiyası cavabdehin bu dəlini inandırıcı qəbul etmir. Çünki, cavabdehin qardaşı Cavabdeh2 Zaqatala rayon polis şöbəsinə yazdığı izahatında təsdiq etmişdir ki, qardaşı Məcid iddiaçıdan 2014-2015-ci illərdə 11500 manat borc pullar almış və müvafiq olaraq aktlara imza atmışdır (bax mülki iş materialları vərəq 36). İşin müəyən edilmiş bu halı həmçinin cavabdehin Zaqatala rayon polis şöbəsinə yazdığı izahatı, eləcədə xx xxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla ilə bir daha təsdiq olunur (bax mülki iş materialları vərəq 24-25, 38-43). Ona görə də məhkəmə kollegiyası tərtib edilmiş aktlarda olan imzalarla bağlı məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə zəruriət görmür və bu aktları alınmış pulun müqabilində verilmiş borc sənədi kimi qəbul edir. Oxşar münasibətləri nizama salan MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçının cavabdehə 12700 manat pul borc verməsi tədqiq edilən iş materialları ilə təsdiq olunur. Öz növbəsində cavabdeh faktiki olaraq iddiaçıdan 12700 deyil, 11500 manat pul aldığını, həmçinin aldığı bu pulu da qaytardığını iddia etsədə, öz tələbinin əsası kimi gətirdiyi halları sübut edə bilməmişdir. Həmçinin, kollegiya cavabdehin təqdim etdiyi sübutları obyektiv gerçəkliyi əks etdirməməsi səbəbindən inandırıcı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunvericilik aktının qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh öz etirazın əsası kimi gətirdiyi halların təsdiqi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətinin dəlilləri isə ancaq mülahizələrdən ibarət olmuşdur. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, cavabdehin iddiaçıya verdiyi borc sənədi hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu xatırlatmağı zəruri bilir mübahisə predmeti olan 12700 manat borc məbləğindən 4000 manatın qaytarılması məhkəmə iclasında təsdiqini tapmış və işin bu faktiki halını tərəflər mübahisələndirməmişlər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-457/2020saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393cü maddələrini rəhbər tutaraq Qət etdi: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-457/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1612/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1612/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver