Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1624/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(035)-161/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zərdab Rayon Məhkəməsində cavabdehlər X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlərdən vurulan maddi ziyana görə 5300 manat, mənəvi ziyana görə 10.000 manat, ödədiyi dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 15.330 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyana görə 5030 manat, mənəvi zərərə görə 500 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5560 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın cavabdeh X2 münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və X6 аpelyаsiyа şikаyəti vermişlər. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon 2-ci Alcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 5,0 ha torpaq sahəsi 30 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsində növbəli olaraq yonca və taxıl əkib becərmişdir. 2019-cu ildə isə həmin 5 ha torpaq sahəsinin hamısında arpa (bəzi yerlərdə yonca qarışıq arpa) əkmişdir. Lakin cari ilin yanvar ayının 13-dən başlayaraq səkkiz gün ərzində cavabdehlər həm özlərinə məxsus mal-qaranı, həm də kəndin naxırını nümayişkarcasına ona məxsus arpa sahəsinə salaraq otarmış və nəticədə ona maddi ziyan vurmuşlar. Bu barədə kənd icra nümayəndəsinə və kənd bələdiyyəsinin sədrinə müraciət etsə də, cavabdehlərin etdiyi qanunsuz hərəkətin qarşısını alan olmamışdır. Təkidli tələbindən sonra kənd icra nümayəndəsi Ə.Əsədov tərəfindən xx.xx.2020-ci il tarixdə taxıl sahəsinə baxış keçirilmiş və taxıl sahəsinin tamamilə otarılması müəyyən edilərək, bu barədə akt tərtib edilmişdir. Bundan başqa, onun müraciəti əsasında Zərdab rayon dövlət aqrar inkişaf mərkəzinin mütəxəsisi tərəfindən də taxıl sahəsinə baxış keçirilmiş və ona ümumilikdə 5000-5300 manat məbləğində maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər apelyasiya şikayətini belə əsaslandırmışlar ki, onların mal-qara otardıqları yerlər Alıcanlı kəndinin örüş sahələri olmuşdur. Alıcanlı bələdiyyəsinin İddiaçı Əhəd oğlu ilə necə müqavilə bağlaması onlara maraqlıdır. Örüş sahələri icarəyə verilə bilməz. Zərdab Rayon Məhkəməsi heç bir sorğu vermədən, araşdırmada aparmadan iddianı qismən təmin etmişdir. İşə baxan məhkəmə yanlış nəticəyə gələrək sözü gedən qətnaməni qəbul etmişdir. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə Zərdab Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(035)-161/2020 nömrəli qətnaməsinin ləğv edilməli, ilk iddia rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı etirazına uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bundan sonra iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, həmin torpağı əkdirəndə müxtəlif xidmətlər üçün pul ödəməyimlə bağlı rəsmi sənədim yoxdur. İcra nümayəndəsi tərəfindən ziyanın müəyyən edilməsində mən də iştirak etmişəm. Cavabdehlər mənə mənəvi ziyan vurmuşdur. Qarabağ müharibəsi veteranıyam, böyrək xəstəsiyəm. Mən cavabdehlərin etdiklərini görəndə stress yaşadım, pis günə düşdüm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və X6 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat erməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ETİRAZLAR İddiaçı məhkəmə kollegiyasına etiraz göndərərək bildirmişdir ki, 2-ci Alıcanlı bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı və həmin tarixli icarə müqaviləsi ilə 30 il müddətinə icarəmə 5 ha torpaq sahəsi verilmişdir. Müqavilənin 2-ci bəndində müqavilənin xüsusi şərti olaraq torpaq üzərində əsaslı tikintinin aparılmasına məhdudiyyət qoyulduğu şərtləndirilmişdir. Müqaviləyə müvafiq olaraq torpaq sahəsi faktiki olaraq ayrılıb sərhədləri tanıtdırılmış, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, səlahiyyətli dövlət orqanları tərəfindən rəy verilmişdir. Torpaq sahəsi üzərində istifadə hüquqlarım qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış, bu barədə çıxarış verilmişdir. Torpaq sahəsi istifadəmə verildiyi gündən həmin sahənin keyfiyyətinin yaxşılaşdırılması üçün sərmayə qoymuş, torpağı tam yararlı vəziyyətə gətirmişəm. Cavabdehlərin apelyasiya şikayəti qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Bildirirəm ki, örüş torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlardır, hətta onun icarəyə qanunsuz verildiyi sübut edilsə belə, cavabdehlərin özbaşınalığına, mülkiyyətimi məhv etmələrinə əsas vermir. Bundan başqa, mən icarəmə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmişəm, icarədarın bununla bağlı heç bir iradı olmamışdır. Cavabdehlərin qanunsuz hərəkətləri mülkiyyət hüquqlarım pozulmuşdur. Ona görə də Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirmədən saxlanmasını, apelyasiya şikayətinin isə rədd edilməsini xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyanın qismən təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan sübutlardan, yəni: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 saylı iclas protokolundan cıxarışa əsasən Zərdab rayon 2-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 il müddətinə İddiaçı icarəyə verilmiş, həmin icarə müqaviləsi və icarə hüququ xx.xx.2019-cu il tarixdə, 39 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində dövlət qeydiyatına alınmışdır. Zərdab Rayon İcra Hakimiyyəti başçısının Alcanlı kənd icra nümayəndəsi Ə.Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı müraciəti əsasında sonuncunun icarəyə götürdüyü 5,0 ha torpaq sahəsinə baxış keçirmiş və baxış zamanı taxıl sahəsinin mal-qaraya otarılması müəyyən edilmişdir. Zərdab rayon dövlət aqrar inkişaf mərkəzinin Bitkiçilik şöbəsinin müdiri S.Rəhimov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsinə verilmiş 5,0 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsində payızlıq arpa, bir hissəsində isə örtülü əkin (arpa və yonca) əkildiyi, sahənin suvarma üçün arxlarla və böyük su arxı ilə təmin edildiyi, sahənin iri və xırda buynuzlu heyvanlara tamamilə otarıldığı, sahənin çox hissəsində (3,8 ha) əkinin hiss olunmadığı müəyyən edilmişdir. Çəkilən xərc: şum - 5 x 40 = 200 manat, hamarlama - 5 x 120 = 600 manat, mala - 5 x 25 = 125 manat, səpin – 5 x 20 = 100 manat, toxum – 800 kq x 0,55 = 495 manat, kanal işləri - 210 manat, suvarma xərci 600 manat, yanacaq 360 manat, suçu 250 manat, cəmi 2330 manat, məhsula dəymiş ziyan 20-22 sentner, bazar qiyməti ilə məbləği 2700-3000 manat aralığındadır. Çəkilmiş xərc və əldən çıxmış gəlirlə birgə, ümumi ziyan 5000-5300 manat qiymətləndirilmişdir. İş materiallarında olan video-görüntüdən görünür ki, iddiaçıya məxsus əkin sahəsi tamamilə otarılmışdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsində izahat verən cavabdeh X3 iddianı qəbul etməyərək bildirmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Özünün də kənddə 5,0 ha icarəyə götürdüyü torpağı olmuş, orada 01 ha buğda, 01 ha arpa, qalan hissədə isə yonca əkmişdir. Cari ilin əvvəlində kənd sakinləri, o cümlədən hazırkı iş üzrə digər cavabdehlər yığışaraq ondan və digər icarədarlardan torpaq sahəsini boşaltmağı tələb etmişlər. Bir çox icarədar, o cümlədən o, özü icarəyə götürdüyü torpaq sahəsini boşaltmağa razı olduğunu bildirmiş və camaatdan taxıl biçilənədək ona vaxt verilməsini xahiş etmişdir. Kənd camaatı da onunla razılaşaraq onun yerini otarmamışlar. Lakin hazırki iddiaçı camaatla, o cümlədən hazırki iş üzrə digər cavabdehlərlə razılaşmamışdır. Ona görə də iddiaçının əkin yeri cari ilin yanvar ayının ortalarından başlayaraq otarılmışdır. Həmin vaxt digər cavabdehlərlə birlikdə iddiaçının yerinə getmiş, digər cavabdehlər iddiaçının yerinə heyvan salarkən özü şəxsən orada olsa da, heyvanlarını iddiaçının yerinə aparmamışdır. Hazırda heyvanlarını kəndin naxırına qoşur. Naxırçının heyvanları hara aparıb otarmasından onun xəbəri olmur. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh4 iddianı qəbul etməyərək göstərmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir-neçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırki iş üzrə digər cavabdehlər kimi, o da cari ilin yanvar ayının ortalarında özünün 04 baş inək, 01 baş camış olmaqla, heyvanlarını iddiaçının icarəyə götürdüyü 5,0 ha sahəyə apararaq üç gün müddətində otarmışdır. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh5 iddianı qəbul etməyərək bildirmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir-neçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərərk əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Əslində onun özünündə 1,5 ha icarə torpağı olmuş, orada yonca əkmişdir. Lakin kənd camaatının tələbindən sonra həmin yerdən imtina etmişdir. İddiaçıya təklif olunsa da, o yerdən imtina etməmişdir. Bu səbəbdən də hazırki iş üzrə digər cavabdehlər kimi, o da cari ilin yanvar ayının ortalarında özünün 08 baş heyvanlarını (inək olmaqla) iddiaçının icarəyə götürdüyü 5,0 ha sahəyə apararaq üç gün müddətində otarmışdır. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir-neçə kənd sakini, o cümlədən hazırki İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırki iş üzrə digər cavabdehlər kimi, o da cari ilin yanvar ayının ortalarında özünün 08 baş inək, 04 baş camış olmaqla, heyvanlarını iddiaçının icarəyə götürdüyü 5,0 ha sahəyə apararaq üç gün müddətində otarmışdır. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir-neçə kənd sakini, o cümlədən hazırki İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırki iş üzrə digər cavabdehlər kimi, o da cari ilin yanvar ayının ortalarında özünün 06 baş inək, 01 baş camış olmaqla, heyvanlarını iddiaçının icarəyə götürdüyü 5,0 ha sahəyə apararaq üç gün müddətində otarmışdır. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir-neçə kənd sakini, o cümlədən hazırki İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırki iş üzrə digər cavabdehlər kimi, o, da cari ilin yanvar ayının ortalarında özünün 26 baş qoyun, 10 baş inək, 03 baş camış olmaqla, heyvanlarını iddiaçının icarəyə götürdüyü 5,0 ha sahəyə apararaq üç gün müddətində otarmışdır. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Zərdab rayon 2-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 saylı iclas protokolundan cıxarışa əsasən Zərdab rayon 2-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 il müddətinə İddiaçı icarəyə verilmiş və həmin icarə hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyatına alınmışdır. Həmin vaxtdan, yəni ötən 16 il müddətində iddiaçı hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək, istifadə etmiş və 2019-cu ilin payızında 5,0 ha torpaq sahənin hamısına arpa (bəzi yerlərdə yonca qarışıq arpa) əkmiş və cari ilin əvvəllərindən cavabdehlər iddiaçıya məxsus həmin əkini özbaşına iri və xırdabuynuzlu heyvanlarla otarıb iddiaçıya maddi ziyan vurmuşlar. Birinci instansiya məhkəməsi də qeyd olunan halları müəyyən edərək hesab etmişdir ki, cavabdeh X1 iddiaçıya məxsus əkin sahəsinin otarılmasına aidiyyəti sübut olunmadığı üçün, o, iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımamalı, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə iddiaçıya məxsus əkin sahəsinin otarılmasına aidiyyətləri məhkəmə iclasında sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımalı və maddi ziyana görə 5030 manat, mənəvi zərərə görə 500 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5560 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası velə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın maddi ziyanla bağlı hissəsini qismən təmin etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (mad. 2.1). Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur (mad. 4.0.2). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (mad. 5.1). Ona görə də mübahisəli torpaq sahəsi Zərdab rayon Alıcanlı bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adı çəkilən normalarının tələbləri baxımından bələdiyyə həmin torpaq sahəsini başqasına icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirtməkdə haqlı olmuşdur. Mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi məhkəmə qaydasında ləğv olunmadığı halda cavabdehlərin iddiaçının icarəsində olan əkin altında olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşnalıqdır. Çünki, Azərbaycan Respublikası Kostitusiyasının 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə göstərilir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (mad. 16.1). Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar (mad. 17.1). Sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (mad. 164.1). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (mad. 560.1). Cavabdehlər iddianı qəbul etməsələr də, iddiaçının icarə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını əsaslandıra bilməmişlər. Ona görə də cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri başqasına ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşnalıq kimi qiymətləndirilməlidir. Bundan əlavə, cavabdeh X1 iddiaçıya məxsus əkin sahəsini otarması sübut olunmadığı üçün o, iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıya və iddia tələbi ona qarşı təmin oluna bilməz. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaya qarşı etiraz etsələr də, öz etirazlarını əsaslandıra bilməmiş, iddianın rədd olunması üçün məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatriadis Yunanıstana qarşı iş üzrə xx.xx.1999-cu il tarixli Qərar, № 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanunu gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. İddiaçı icarə hüququ əsasında ona məxsus torpaq sahəsində əkdiyi əkin onun mülkiyyəti olmuş, həmçinin həmin əkindən gözlənilən fayda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, onun üçün mülkiyyətin ədə edilməsinin “qanuni gözləntisi”ni təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (mad. 13, hissə 1). Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyəthüququ qanunla qorunur (mad. 29, hissə 2). Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (mad. in 152.1). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən isə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir (Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı mаddəsinə görə, mülki hüquq pоzuntusu (delikt) hüquqlа və yа qаnunlа müdаfiə edilən bаşqа şəxsə (zərərçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıxаrаn təqsirli hüquqаzidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti dаşıyır. Həmin Məcəllənin 1097.1-ci mаddəsinə əsasən isə mülki hüquq pоzuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlаkınа vurulmuş zərərin, hаbelə hüquqi şəxsin əmlаkınа və işgüzаr nüfuzunа vurulmuş zərərin əvəzi zərərvurаn tərəfindən tаm ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyanla bağlı hissəsinin təmin olunması ilə razılaşır. Bununla belə, məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşa bilmir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinə əsаsən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 8-ci bəndində isə göstərilmişdir ki, plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki,mənəvi zərərlə əlaqədar işlərə baxdıqda “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın normalarından və X9 Məhkəməsinin presedentlərindən geniş istifadə etsinlər (15-ci bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşıiş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunanLuluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti nəticəsində baş verməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və cavabdehlərin hansı hərəkəti nəticəsində baş verməsi, maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (mad. 9.1 və 9.3). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad.88). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyanın qismən təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilib, iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyanın qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə, yəni cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyana görə 5030 manat və dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1624/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1624/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver