Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1626/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi Muradxanov Qalib Abdı oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(025)-21/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1710.7 ABŞ dolları əsas, 2771.16 ABŞ dolları faiz və 414.89 ABŞ dolları cərimə borcu olmaqla 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 175.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5072.65 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27.05.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4026.23 ABŞ dolları əsas, 235.89 ABŞ dolları faiz və 414.89 ABŞ dolları cərimə borcu olmaqla 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 175.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5072.65 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 27 may 2021-ci il tarixli, 2(025)- 21/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh (borclu) Cavabdeh 4026 ABŞ dolları 23 sent əsas borcu və 235 ABŞ dolları 89 sent faiz borcu, 10 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 175 ABŞ dolları 90 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4448 ABŞ dolları 02 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. 11 noyabr 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 11 noyabr 2018-ci il tarixədək uzadılmışdır. Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh əsas borcu 2003.06 ABŞ dolları azaldılmışdır. Bundan başqa "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh məxsus **********41 telefon nömərəsinə 21.11.2019-cu il tarixdə sms göndərilərək banka dəvət edilmişdir. Lakin borclunun banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. 2020-ci il mayın 18-dək Cavabdeh banka 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1710.7 ABŞ dolları əsas, 2771.16 ABŞ dolları faiz və 414.89 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 4896.75 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, banka kredit borcuna görə etdiyi ödənişlər çıxılarkən əsasən əsas borc hissəsindən deyil, faiz və cərimə borcundan çıxıldığı üçün sonda ümumi borc düzgün hesablanmamışdır. Hal-hazırki qətnamə üzrə qət olunmuş kredit borcu isə reallığı əks etdirmir və ona görə də qalıq borcun yenidən obyektiv araşdırılması zərurəti vardır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 2(0251-21/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Muradxanov Qalib Abdı oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 12.11.2014-cü il tarixli kredit müqaviləsindən onların xəbəri yoxdur. Belə ki, həmin müqavilə onlara təqdim olunmamış, yalnız ödəniş qrafiki təqdim edilmişdir. Bundan əlavə onlar banka olan borcun böyük hissəsini qaytarmışlar. Bununla bağlı müvafiq qəbzləri də məhkəməyə təqdim edir. Odur ki, birinci instansiya məhkəməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasını kollegiyadan xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfin əvvəllər də banka borcu olmuş, təqdim olunan qəbzlər də əvvəlki borcla bağlıdır. Bundan əlavə cavabdeh tərəfin borcu məlum Fərmanın təsiri dairəsinə düşsə də, sonuncular bank tərəfindən dəvət olunmasına baxmayaraq, yeni şərtlərlə müqavilə bağlamaq üçün banka gəlməmişlər. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(025)-21/2021 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 5000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 5000 ABŞ dolları məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 275 ABŞ dolları, sonuncu ay isə 257 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 11 noyabr 2015-ci il tarixli əlavə sazişə əsasən 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801- 14 saylı kredit müqaviləsinin müddəti 11 noyabr 2018-ci il tarixədək uzadılmışdır. Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 12.11.2014-cü il tarixdə 5000 ABŞ dollarını imza edərək qəbul etmişdir. 18.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801-14 nömrəli kredit müqaviləsi üzrə 1710.7 ABŞ dolları əsas, 2771.16 ABŞ dolları faiz, 414.89 ABŞ dolları cərimə və 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda olaraq 175.9 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.05.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1971-ci ildə Qəbələ rayonu Mamaylı kəndində doğulmuşdur və Qəbələ rayonu Mamaylı kəndində qeydiyyatdadır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 19.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 04.09.2020-ci il tarixli, 267 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: 1) 30.12.2017-ci il tarixə əsas borc üzrə - 3803.61 ABŞ dollar, faiz borcu üzrə - 1884.31 ABŞ dollar 2) 18.05.2020-ci il tarixə əsas borc üzrə - 1747.68 ABŞ dollar, faiz borcu üzrə - 1884.31 ABŞ dollar Qeyd edilir ki, tərəflər arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh cərimə hesablanmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2021- ci il tarixli, 9/956 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0- 3801-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 19.04.2019-cu il tarixə əsas borc üzrə - 4026.23 ABŞ dollar, faiz borcu üzrə - 235.89 ABŞ dollar .Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı işüzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehin 1892,27 manat qalıq borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, iddiaçı cavabdehdən əsas borcu, faiz, cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli 5-MZ2-2-0-3801-14 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh qızına münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12..11.2014-cü il tarixli, 5-MZ2-2-0-3801-14 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 ABŞ dollar məbləğində kredit verilmişdir. Müqavilədə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh 4026 ABŞ dolları 23 sent əsas borcu və 235 ABŞ dolları 89 sent faiz borcu, 10 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 175 ABŞ dolları 90 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4448 ABŞ dolları 02 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı cavabdehdən 235 ABŞ dolları 89 sent faiz borcu, 10 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 175 ABŞ dolları 90 sent məbləğində əldən çıxmış fayda olmaqla,borcun tutulmasını qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman hazırki iş üzrə cavabdehlərə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Məhkəmə kollegiyası sonda cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə münasibət bildirərək qeyd edir ki, həmin qəbzlərə nəzər saldıqda müəyyən edilir ki, ödənişlər mübahisəli müqavilədən əvvəlki tarixə (02.07.2014, 13.11.2014, 30.09.2014, 06.08.2014) təsadüf edir. Ödəniş qrafikindəki müqaviləsi nömrəsi isə 5MZ-1-0-2019-14-dür. Mübahisəli 12.11.2014-cü il tarixli kredit müaviləsinin nömrəsi isə 5-MZ2-2-0-3801-14-dür. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(025)-21/2021 nömrəli qətnaməsi qismən-cavabdehdən 235 ABŞ dolları 89 sent faiz borcu, 10 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 175 ABŞ dollar 90 sent məbləğində əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi həmin hissədə rədd edilməlidir. Qətnamə əsas borca münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(025)-21/2021 nömrəli qətnaməsi qismən- Cavabdeh 235 ABŞ dolları 89 sent faiz borcu, 10 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11.11.2018-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 175 ABŞ dolları 90 sent məbləğində əldən çıxmış fayda olmaqla-cəmi 421.79 ABŞ dolların tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə-yəni Cavabdeh 4026 ABŞ dolları 23 sent (dörd min iyirmi altı dollar 23 sent) əsas borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi və iddia tələbinin təmin olunmyana hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1626/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1626/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver