Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1627/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə (Açar sözlər: iddia- alimentin artırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı, qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan aylıq alimentin miqdarının artırılaraq 200 manat müəyyən edilməsi və X2 3 yaşına çatanadək cavabdehdən ayda 100 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 2019-cu ildə nikah bağlamışlar. Birgə nikahdan 10.08.2019-cu il təvəllüdlü X2 adlı uşaqları var. Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və uşağın onun yanında qalması, uşağın saxlanılması üçün hər ay 130 manat alimentin tutulması qət edilmişdir. Uşaq onunla yaşayır. Alimentin məbləği artırılmalıdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı, qətnaməsi ilə (hakim G.Cavadova) iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmiş, eyni zamanda ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1696/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə, 10 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 sentyabr 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 10 avqust 2019-cu il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2020cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilməlidir. Eyni zamanda iddia tələbinin X1 3 yaşına çatanadək cavabdehdən ayda 100 manat aliment tutularaq ona ödənilməsi hissəsi barədə qeyd etmişdir ki, alimentin tutulması üçün aliment tutulmalı olan şəxs buna zəruri vəsaitə malik olmalıdır. Lakin hazırkı işdə bu hallar təsdiq edilmir. Çünki cavabdehin maddi vəziyyəti və onun işləməsi və aylıq qazancı barədə sübutlar təqdim olunmadığına görə onun zəruri vəsaitə malik olması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci, 85.1.1-ci, 112.1-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 №li Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı, qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, bir uşağın saxlanması üçün minimum yaşayış meyarı dövlət tərəfindən müəyyənləşdirilmişdir. Lakin məhkəmə araşdırma aparmadan alimentin miqdarını az məbləğdə müəyyən etmişdir. Odur ki apellyasiya şikayətinin təmin olunmasını, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq iddianın tam təmin olunmasını, cavabdehdən onun xeyrinə uşağın saxlanması üçün dövlət tərəfindən müəyyən edilmiş minimum yaşayış meyarı həcmində alimetin alınaraq ona verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 84.2-ci və 84.2.2-ci maddələrinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq iddianın tam təmin olunmasını, xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı qətnaməsi ilə, 10 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 sentyabr 2020ci il tarixindən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin iddianın təmin edilməyən hissəsinin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı iş üzrə isə cavabdehin belə vəsaitə malik olduğu iş materialları ilə sübuta yetirilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, uşağın saxlanılması üçün 140 manat aliment ödəməli olduğu nəzərə alınadığında ondan keçmiş arvadının saxlanılması üçün əlavə 100 manat pulun da tutulması ədalətli deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı alimentə aid hissədə düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli, 2(039)-1030/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1627/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1627/2021
23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver