Məhkəmə qərarları › İş №2(107)-1630/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1630/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1630/2020 24.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)-1625/2019 nömrəli qərardadındanCavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2000 manat miqdarında borcunun, ona dəymiş 2000 manat maddi zərərin əvəzinin, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2000 (iki min) manat pulun Cavabdeh alınıb İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbi təmin olunmaması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1625/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan Cavabdeh şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qəradadı ilə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, karantin rejimi ilə əlaqədar insanlar gün ərzində yalnız 1 SMS göndərməklə bir dəfə küçəyə çıxa bilərdilər. - təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; - yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Göründüyü kimi, karantin rejimi tətbiq edilən gündən insanların normal fəaliyyəti məhdudlaşdılmış, bu üzrlü səbəb nəticəsində mən Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətini ötürmüşəm. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə iclasında çıxış edən Cavabdeh şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxxxx 2019-cu ildə qəbul olunub, mən isə xx xxxxxx 2019-cu ildə Azərbaycanı tərk etmişəm. xx xxxxxx 2020-ci ildə isə Azərbaycana qayıtmışam. Evimdə heç kim yaşamadığından, poçtalyon mənə qətnamə çatdırmayıb. Qətnaməni əldə edəndən sonra apelyasiya şikayəti vermişəm. xx xxxxxx 2020-ci ildə qətnaməni ala bilməzdim, çünki Rusiya Federasiyasından Azərbaycana fevral ayında gəlmişəm. Həmin ərəfələrdə evimdə heç kim yaşamırdı. Qətnamə kəndin dükanına verilib. Uzaq qohumum olan dükançı gəlməyimi gözləyib və gələndə məhkəmənin məktubunu 15 ya da 16 fevral tarixində mənə təqdim etdi. Ümumiyyətlə şikayət vermə qaydasını bilmirdim, bu səbəbdən qətnaməni aldığım vaxtdan bir ay keçdikdən sonra şikayət verə bilmədim. Odur ki, şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası isə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cаvаbdeh Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini xx.xx.2020-ci il tarixdə rəsmi qaydada, yəni xəbərnaməyə şəxsən imza etməklə almışdır. Bundan sonra o xx.xx.2020-ci ildə yenidən məhkəməyə müraciət etmiş və qeyd edilən qətnamənin surətini xx.xx.2020-ci il tarixdə ona təkrarən verilmişdir. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cаvаbdeh Cavabdeh qətnamədən şikayət vermə müddətinin buraxmasını xüsusi karantin rejiminin tətbiq edilməsi və maddi imkanının olmaması ilə əlaqələndirməsi üzrlü səbəb kimi hesab edilə bilməz. Ona görə ki, apelyasiya şikayəti qətnamə qəbul edildiyi vaxtdan 6 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Xüsusi karantin rejiminin müddəti isə xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə əsasən: Prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir (mad. 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (mad. 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (mad. 133.1). Birinci instаnsiyа məhkəməsinin аktlаrı rəsmi qаydаdа verilməlidir (mad. 134.1.5). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (mad. 135.3). Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (mad. 135.5). Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər (mad. 357.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (mad. 360). Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (mad. 363.1.3). “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət əsaslı deyil, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli il tarixli qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin oluna bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və MPM-in 264, 398, 402-ci mаddələrini rəhbər tutаrаq məhkəmə kоllegiyаsı QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar