Məhkəmə qərarları › İş №2(107)-1634/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1634/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1634/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(014)-165/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5020 manat əsas borcun və 4518 manat faiz üzrə borcun, cəmi 9538 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 06 may 2021-ci il tarixli, 2(014)- 165/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 5020 manat əsas borc və 50 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5100 manat (beş min bir yüz manat) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və İddiaçı apellyasiya şikayəti vermişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə aralarında bağlanmış 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əsasən Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 10 oktyabr 2019-cu il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 9360 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 4340 manat ödəniş aparmışdır. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdehnun maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 4518 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən narazıdır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(014)-165/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, təqdim olunmuş sübutlar əsasında mülki iş üzrə yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Cavabdeh ilə aralarında bağlanmış 10.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Kia Picanto” markalı, ** CH *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 10.10.2019-cu il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 9360.00 AZN məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə və müqaviləyə əlavə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq kredit borcunu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmədiyinə görə onun borcu yaranmışdır. Ona görə də yaranmış borc üzrə əlavə olaraq 4518 manat illik 90 faiz artırılmış faiz (cərimə borcu) hesablanmışdır. Cərimə borcu hesablanarkən tərəfindən cavabdehin maddi və əmlak vəziyyəti nəzərə alınaraq borc azaldılmışdır. Bildirir ki, müqavilədə əsas borca faiz borcu yox, geçikməyə görə artırılmış faiz borcu nəzərdə tutulmuşdur. Lakin işə baxan məhkəmə həmin gecikməyə görə hesablanmış artırılmış faiz borcunu faiz borcu kimi nəzərə almış, müqavilədə isə faiz borcu qeyd edilmədiyinə görə dəbbə pulu kimi nəzərə almış, 5020 manat əsas borca hesablanmış 4518 manat cərimə borcunun əsas borca nisbətdə çox yüksək olduğu qənaətinə gələrək həmin borcun azaldılaraq 50 manat məbləğində müəyyən etmişdir. Artırılmış faiz borcun əsas borca münasibətdə 50 manat hesablanmalı olduğunu qətnaməsində əsaslandırmamışdır. Halbuki hakim müqavilənin şərtlərini, pulun infıliyasiyasını, dolların devalivasiyasını nəzərə almalı, cavabdehi düşünərkən onun da maddi vəziyyətini, öhdəliklərini düşünməli idi və haqlı qərar çıxarmalı idi. Artırılmış faiz borcunun cüzi məbləğdə saxlanılması hakimin birtərəfli, qərəzli, ədalətsiz qərar verməsinin və onun sahibkar kimi hüquqlarının pozulmasının sübutudur. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin əsaslı olduğundan təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onunla cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, sonuncu bu günədək qalıq borcunu ödəməkdən yayınır. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh buna əhəmiyyət vermir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, istifadəsində olan 050 309 74 54 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: Tərəflər arasında bağlanmış 10 oktyabr 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əsasən Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobilin alınması məqsədi ilə Cavabdeh 48 ay müddətinə, yəni 10 oktyabr 2019-cu il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 9360 manat məbləğində borc verilmişdir. Tərəflərin iştirakı ilə tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əsasən Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobil 10 oktyabr 2015-ci il tarixdə tam yararlı və saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 5020 manat əsas borcu,4518 manat artırılmış faiz borcu,cəmi 9538 manat borcu vardır.Ödəniş aparılmadığı dövr 10 may 2018-ci ildən 12 oktyabr 2020-ci il tarixinə kimidir. İşdə olan borcun ödənilmə qrafikindən görünür ki, Cavabdeh 10 oktyabr 2015-ci il tarixli borc müqaviləsi üzrə 48 ay müddətinə hər ay 195 manat olmaqla borc üzrə ödəniş etməli idi. Azərbaycan Respublikası Baş X3 İdarəsinin 19 fevral 2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobil Cavabdeh məxsusdur. Məhkəmə Ekspertiza Mərkəzinin 4/203 saylı imtina məktubundan görünür ki, məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi üçün zəruri olan Cavabdeh imza və sərbəst xətt nümunələrinin təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyi üçün ekspertiza aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc müqaviləsi və akt tərtib edilməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində əsasən faizi mübahisələndirsə də, bununla bağlı məhkəmə hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, hesablanmış faiz məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Birinci, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. İkinci, cavabdeh tərəf iddiaçı ilə aralarında hər hansı müqavilə bağlamadığını bildirsə də birinci instansiya məhkəməsi tərəsfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsinə baxmayaraq ekspertiza keçirilə bilməsi üçün ekspert vəsatətində tələb edilən sərbəst xətt və imza nümunələrini təqdim etməkdən imtina etmişdir. Belə olan halda məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbinə əsasən işin hallarına görə tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. göründüyü kimi cavabdeh onun tərəfindən mübahisələndirilən halların sübutu heç bir hərəkət etməmiş yalnız formal mülahizələrə əsaslanmaqla özünün haqlı olduğunu sübut etməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə borc müqaviləsi əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Üçüncüsü, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Dördüncüsü, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış əsas borca münasibətdə düzgün nəticəyə gəlsə də, tələbin faiz hissəsinin cərimə (dəbbə) pulu kimi qiymətləndirməsində düzgün nəticəyə gəlməmiş, faizi cərimə pulu kimi qiymətləndirməklə iddia tələbindən kənara çıxmışdır. Beşinci, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdeh müqaviləyə imza etmədiyini mübahisələndirmiş, işə baxan birinci instansiya məhkəməsi də bununla bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspertiza idarəsindən müvafiq xətt və imza nümunələrinin təqdim olunması ilə bağlı vəsatət verilsə də, cavabdeh tərəf yenidən imza xə xətt nümunələrinin verilməsinən imtina etmişdir (i/m səh.95-97). İşə baxan birinci instansiya məhkəməsi də yekun qərar qəbul edərkən MPM-in 97.5- ci maddəsinə istinad etmişdir Apellyasiya şikayətin dəlillərində isə cavabdeh ümumiyyətlə bu məsələyə toxunmadığından kollegiya həmin hala qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddianın təmin olunmuş 50 manat hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(014)-165/2021 nömrəli qətnaməsi qismən - yəni “iddianın təmin olunmuş 50 manat” hissəsində ləğv edilsin . İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnаmə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar