Məhkəmə qərarları › İş №2(107)-1635/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1635/2021

22.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1635/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı su bərəsinin açılaraq bərpa edilməsi və yenidən tutulmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonu, Boyat kəndində iddiaçıya ümumi mülkiyyət hüququ əsasında mənsub olan torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahim etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlil olmaqla Ucar rayonu Boyat kəndində yaşayır. 28 ildir ki, onun həyətinə gələn su bərəsini qonşusu-cavabdeh tərəfindən düzlənib torpaqla doldurub öz şəxsi torpağına keçirilmişdir. Həmin torpaq sahəsi Ucar rayonu Boyat kəndi ərazisində yerləşir və torpaq sahəsinin suvarılması üçün su arxının çəkilməsinə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən yer ayrılmışdır. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Uzun müddətdir ki, həyətyanı torpaq sahəsini eyni su bərəsi vasitəsi ilə suvarmışdır. Cavabdeh su bərəsini bağlayaraq torpaqla doldurub mülkiyyətində olan həyətyanı torpaq sahəsini suvarılmasının qarşısını almışdır. Bunun nəticəsində əkinləri qurumuş, əkin işi apara bilmir. Su bərəsinin açılması üçün cavabdehə etmiş olduğu müraciətlər nəticəsiz qalmışdır. Mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən su bərəsinin keçdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmayan torpaq sahəsi olmasına baxmayaraq cavabdeh suvarma bərəsini torpaqla doldurmaqla ləğv etmiş, bununla da sahəni suvarılmadan məhrum etmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, Ucar rayonu Boyat bələdiyyəsinə cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə gedən su bərəsini torpaq ilə dolduraraq həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısını aldığını əsas gətirərək su bərəsinin açılaraq bərpa edilməsi barədə müraciətinə əsasən həmin əraziyə baxış keçirilmiş, həqiqətən cavabdeh yaşadığı Ucar rayonu, Boyat kəndində mülkiyyətində olan torpaq sahəsinə gedən su bərəsini torpaq ilə dolduraraq həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısının alınması müəyyən edilmişdir. Cavabdehə su bərəsinin açılaraq bərpa edilməsi təklif olunsa da o. təklifdən qərəzli olaraq boyun qaçırmış və həmin təklifi icra etməyəcəyini bildirərək imtina etmişdir. Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ilə Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli. 17 saylı qərarı ilə Ucar rayonu, Boyat kəndində İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.metr torpaq sahəsinə gedən Cavabdeh tərəfindən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının Cavabdeh qadağan edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 300 manatın Cavabdeh X1 və mütəxəssis rəylərinin dəyərinə görə 246.54 manatın Cavabdeh Kadastr və X4 Mərkəzi MMC-nin xeyrinə tutulması qət edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulması müəyyən olunmuşdur. Mütəxəssis və ekspert rəylərinə əsasən, İddiaçı Güləli oğlunun naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Ekspert və mütəxəssis rəylərində Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə işlənilmiş planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan rəylərdə su bərəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir, cavabdeh mübahisəli su bərəsinin ərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini və iddiaçı tərəfindən su bərəsindən istifadə olunan zaman ziyan vurulması ilə bağlı etirazının əsasını istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, həm ekspert, həm də mütəxəssis rəylərində göstərilmişdir ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhədində yeraltı borcu mövcuddur, borunun bir hissəsi iddiaçı, digər hissəsi isə cavabdeh tərəfə yerləşir, iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulması müəyyən olunmuşdur, buna görə də iddiaçının iddiası təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən cavabdehin bu barədə etirazını əsassız hesab edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 158.2, 170.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyət var. Belə ki, rəylərin birində Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi üçün verilmiş 5101,07 kvm torpaq sahəsində su bərəsi elektron baza məlumatlarında nəzərdə tutulmadığı, digər rəydə tərəflərə məxsus torpaq sahəsinin planı və ölçüsü sənədlərində olan döngə nöqtələrinin koordinatlarının naturadakı faktiki istifadəçilyin koordinatları ilə üst-üstə düşməməsi, eyni zamanda iddiaçıya fərdi yaşayış evi tikmək üçün verilmiş 5101,07 kvm torpaq sahəsinə su bərəsinin nəzərdə tutulmaması göstərilsə də sonuncu rəydə iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı borunun mövcud olması, borunun bir hissəsinin iddiaçı, digər hissəsinin isə cavabdeh tərəfdə yerləşməsi, iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmasının, həmçinin İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən olunduğu göstərilmişdir. Lakin ekspert mütəxəssis rəyində Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə işlənilmiş planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğunu da qeyd etmişdir. Maraqlıdır ki, sonuncu rəyi verən mütəxəssis iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı borunun mövcud olmasını, borunun bir hissəsinin iddiaçı, digər hissəsinin isə cavabdeh tərəfdə yerləşməsini müəyyən etdiyini göstərsə dı daha sonra iddiaçının iddia etdiyi su bərəsinin(boru deyil, bərə) cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmasını müəyyən etdiyini qeyd edir. Halbuki məhkəmə tikinti-texniki ekspertizasının 17 may 2019-cu il tarixli rəyində iddiaçıya fərdi yaşayış evi tikmək üçün verilmiş 5101,07 kvm torpaq sahəsinə su bərəsinin nəzərdə tutulmaması göstərilmişdir. Bundan başqa 01 noyabr 2019-cu il tarixli, əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyində mütəxəssis Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə işlənilmiş planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğunu göstərir. Göründüyü kimi rəylər arasında ziddiyyət var və bu ziddiyyətli məqamların aydınlaşdırılması üçün mübahisəli əraziyə baxış keçirilməli, rəyi verən mütəxəssislər məhkəmədə dindirilərək ziddiyyətli məqamlara aydınlıq gətirməli idi. Lakin vəkili məhkəməyə vəsatət verərək iddiaçının düzləndiyini(doldurulduğunu) iddia etdiyi su bərəsinin yerləşdiyi əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirilməsini, məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli rəyinin verilməsi zamanı rəy vermiş mütəxəssis İ.Məmmədov, 17 may 2019-cu il tarixli rəyin verilməsi zamanı rəy vermiş mütəxəssis Rahib Teymurov və 01 noyabr 2019-cu il tarixdə keçirilən əlavə məhkəmə tikintitexniki ekspertizası zamanı rəy vermiş mütəxəssis Yaqub İsgəndərovun məhkəməyə dəvət edilərək dindirilməsini xahiş etsə də hakim heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 11 fevral 2021-ci il tarixli, 2(107)- 37/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizsı Mərkəzinin hesаbа ödənilməsi, iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilməsi qət edilmişdir. İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.06.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-37/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib, proses iştirakçısının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə Ekspertizası Mərkəzinin 13695 saylı, 24.09.2018-ci il tarixli rəyinə əsasən, Ucar rayon Aqrar islahat Komissiyasının 28.12.1998-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi üçün verilmiş 5101.07 kv.m torpaq sahəsində su bərəsi elektron baza məlumatlarında nəzərdə tutulmadığından su bərəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmadı. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.03.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, iş materiallarında təqdim edlmiş iddiaçıya məxuss AN-088476 (kod-**********0239) saylı, cavabdehə məxsus AN088463 (kod- **********0226) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində olan döngə nöqtələrinin koordinatları naturadakı faktiki istifadəçiliyin koordinatları ilə üst-üstə düşmədiyindən qərardadda verilmiş birinci sual üzrə tədqiqat aparılması mümkün olmadı. İş materiallarında təqdim edilmiş Ucar Rayon Aqrar İslahat Komissiyasının 28.12.1998-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m həyətyanı torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10102 saylı, 17.05.2019-cu il tarixli rəyinə əsasən, cavabdehə məxsus AN-088463 (kod-**********0226) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində olan döngə nöqtələrinin koordinatları maturadakı faktiki istifadəçiliyin koordinatları ilə üst-üstə düşmədiyindən qərardadda verilmiş birinci sual üzrə tədqiqat aparılması mümkün olmadı. İş materiallarında təqdim edilmiş Ucar Rayon Aqrar İslahat Komissiyasının 28.12.1998-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m həyətyanı torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əraziyə baxış keçirilən zaman müəyyən olundu ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı borcu mövcuddur, borcunun bir hissəsi iddiaçı digər hissəsi isə cavabdeh tərəfdə yerləşir. İddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuşdur. İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 20640 saylı, 01.11.2019-cu il tarixli rəyinə əsasən, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı boru mövcuddur, borunun bir hissəsi iddiaçı digər hissəsi isə cavabdeh tərəfdə yerləşir. İddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuşdur. İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsasızdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2020-ci il tarixli ekspert rəyində cavabdeh tərəfindən iddiaçının naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənməsi, həmin hissənin cavabdehin deyil, bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Bundan başqa 01.05.2018-ci il tarixli məhkəmə iclasında (İ cil səh 33) iştirak etmiş cavabdeh izahat verərkən iddiaçının onlardan sonra həmin yerə köçməsini, hər bir şəxsin özünün ayrıca su bərəsinin nəzərdə tutulmasını, əvvəlcə onların icazəsi ilə ağacların suvarılması üçün iddiaçının onların su bərəsindən istifadə etdiyini, sonrada özlərinin bərələrini qazmadıqlarını və onun əkin yerinə ziyan gətirdiyi üçün icazə vermədiyini bildirmişdir. Bununla yanaşı, 28.11.2019-cu il tarixində keçirilmiş məhkəmə iclasında da cavabdeh sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, (İ cild səh 196-nın arxa hissəsi) mübahisəli su bərəsi 2018-ci ilin yanvar ayında düzlənmişdir. Belə ki, uzun müddət, təxminən 20 ildir ki, iddiaçı tərəfindən su bərəsi onun razılığı ilə istifadə olunmuşdur. Buradan da aydın olur ki, cavabdeh su bərəsinin mövcudluğunu, həmin su bərəsindən iddiaçının uzun müddət istifadə etməsini və nəhayət su bərəsinin onun tərəfindən düzlənməsini dolayısı ilə etiraf etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar