Məhkəmə qərarları › İş №2(107)-164/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-164/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-164/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1291/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1291/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdə müştərək qaydada 3000 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ata və oğuldurlar. O, cavabdeh X4 torpaq sahəsi almaq məqsədilə 3000 manat pul vəsaiti vermiş və o da Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 1.94 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona sataraq (təhvil verərək) ondan 3000 manat pul almışdır. Aralarında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. 13 il torpaq sahəsini sərbəst və maneəsiz istifadə etmişdir. 2020ci ildə isə Cavabdeh2 həmin torpaq sahəsini özü istifadə etməyə başlamışdır. Onların arasında narazılıq və söz-söhbət yaranmağa başlamış və bununla bağlı müxtəlif təşkilatlara şikayətlər etməyə başlamışdır. Yevlax rayon Polis Şöbəsində onun şikayəti əsasında araşdırma aparılarkən cavabdeh X6 həmin vaxt Rusiya Federasiyasında olduğu üçün onunla telefon əlaqəsi yaratmışlar və Elamin Əmiraslanov bildirmişdir ki, torpaq sahəsini satmasına peşman olmuşdur və ondan aldığı 3000 manatı qaytarmağa razıdır. Digər Cavabdeh2 da torpaq sahəsini qaytarmaq istəmədiyini, lakin 3000 manatı qaytarmağa razı olduğunu bildirmişdir. Hər iki cavabdeh sözdə 3000 manatı pulu qaytarmaq istədiklərini bildirsələr də, pulu ona qaytarmamışlar. O, 3000 manatverərək 1.94 ha torpaq sahəsini satın aldığını güman etdiyindən, həmin torpaq sahəsini artıq özününkü bilib, həmin sahənin münbitləşməsi, yüksək kateqoriyalı torpaq olması, o cümlədən daha məhsuldar olması üçün, orada xeyli abadlaşma işləri görmüş, bu məqsədlə xeyli pul vəsati xərcləmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Sevda Bəkirova iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, atası Elamin hazırda Ukrayna Respublikasında olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir. Atası ailələrinə məxsus torpaq sahəsini icarə hüququ əsasında iddiaçıya vermişdir. Atasının torpağı satmaq niyyəti olmamışdır. İddiaçı tərəfindən atasına verilən 3000 manat pul isə iddiaçının 13 il ərzində torpaqdan istifadə etməsi üçün olmuşdur. 13 il ərzində iddiaçı onlara məxsus torpaq sahəsini əkib-becərib və gəlir əldə edib. Bu səbəbdən iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin mübahisə edilməyən halıdır ki, o, cavabdehlərə 3000 (üç min) manat pul vəsaiti vermiş və bunun da müqabilində hazırkı iş üzrə mübahisəli olan, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 1.94 ha torpaq sahəsi ona təhvil verilmişdir. Cavabdeh2 bildirir ki, guya ki, 3000 manat pulu o, onların ailəsinə torpaqdan müvəqqəti istifadə üçün vermişdir. Mübahisəyə bu cür yanaşma, o cümlədən məhkəmənin də məhz eyni mövqeyi inandırıcı, məntiqli və ədalətli deyildir. Çünki, 3000 manat pulu birdəfəyə icarə məqsədilə verilməsi kənd içərisində işgüzar adət deyildir. İcarə haqqı il ərzində 50-100 manat arası olur. Eyni zamanda, torpağın 13 il ərzində fasiləsiz onda olması da onu sübut edir ki, hərgah torpaq sahəsi icarəyə götürülmüş olsaydı, qısa müddət olardı və o, icarəyə götürdüyü torpaq sahəsini ilbəil münbitləşdirilməsi üçün həmin torpaq sahəsinə pul vəsait qoymaz və zəhmət çəkməz, əmək sərf etməzdi. Eyni zamanda, əgər o, müvəqqəti istifadə üçün torpaq sahəsi əldə edirdisə, tam yararlı sahə əldə edərdi, o, əlavə pul vəsaiti xərcləməsin. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)- 1291/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X6 və Cavabdeh2, üçüncü şəxs X2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1291/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 1,9219 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X1, X3 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 54 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh Elamin Əmiraslanova 3000 manat pul verilmişdir. İddiaçı həmin pulu torpaq sahəsinin alqı-satqısı barədə razılıq əsasında verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı 13 il ərzində cavabdehlərə məxsus torpaq sahəsini istifadə edib. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə Mülki Məcəllənin 1092.1ci maddəsinin dispozitiv şərtləri yoxdur. Belə ki, cavabdeh Elamin Əmiraslanov özünə məxsus torpaq sahəsini 3000 manat müqabilində 13 il müddətinə iddiaçının istifadəsinə verməklə əsassız varlanmış şəxs hesab edilə biməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdeh Elamin Əmiraslanova 3000 manat pul verilməsini müəyyən etməsi barədə gəldiyi nəticəni cavabdehlər mübahisələndirmədiyindən həmni hissədə araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1291/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1291/2021 nömrəli dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar