Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1642/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Yevlax Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq ondan dəymiş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 2000 manat və 30 manat dövlət rüsumunun cəmi 7030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2807 manat ziyan və 30 manat dövlət rüsumunun alınıb İddiaçıa verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq (Büdcə təsnifat kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3; Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22) Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********; Hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qalan cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. İŞİN HALLARİ İddia tələbində göstərilir ki, mən İran İslam Respublikasının vətəndaşı İddiaçı 19195 saylı, xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair üçtərəfli xx.xx.2017-ci il tarixli KP/AK/77-15-11 saylı əlavə razılaşmaya əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə olan mənzili X1 almışam. Tərəflər arasında mənzilin təhvil-təslimi həyata keçirilib və bununla bağlı xx.xx.2017-ci il tarixli akt da tərtib edilmişdir. Həmin mənzilə köçüb bir müddət yaşadıqdan sonra mənzilin tavanında su damcılarının olduğunu görüb, üst qonşum olan cavabdehə yaxınlaşıb mənzilimə su damcıladığını, bu halı aradan qaldırmasını xahiş etdim. O da halı təsdiq edərək bir daha belə halların olmayacağını bildirdi. Maddi zərər həmin vaxt cuzi olduğundan ondan tələb etmədim. Bir müddət sonra işlərimlə əlaqədar İran İslam Respublikasına getdim. İranda olarkən qohumum X5 mənə zəng edərək bildirdi ki, üst qonşunun suyu axıtması nəticəsində mənzili pis hala düşüb və mənzilə xeyli miqdarda ziyan dəyib. Mən bu səbəbdən təcili Bakı şəhərinə qayıtdım. Mənzilə komendantın, sahə nəzarətçisinin və santexnikin iştirakı ilə baxış keçirtdik. Eyni zamanda, üst qonşunun da mənzilinə baxış keçirilən zaman məlum oldu ki, şaxtada olan krant xarab olduğuna görə mənzili su basıb. Faktla bağlı xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Cavabdehdən artıq ikinci dəfədir ki, mənzilimə ziyan vurduğunu və mənzilimə dəymiş ziyanı ödəməsini tələb etdim. O da hər dəfə “ödəyəcəyəm deməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirtməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilimə 5000 manat maddi ziyan dəymişdir. Hələ üstəlik İran İslam Respublikasındakı işlərimi yarımçıq qoyub Bakı şəhərinə qayıtmağım cavabdehlə uzun mübahisələrim mənə mənəvi ziyan da vurmuşdur. Ona görə də Cavabdeh dəymiş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 2000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7030 manat pulun tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, mən məhkəmənin qətnaməsini qəbul etmirəm. Həmin qətnamə qərəzli və qeyri-obyektiv yazılmışdır. Belə ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 1, blok 1, 12-ci mənzilin sahibi guya mənəm. Mən bunu heç cür qəbul etmirəm. Mən o evi çoxdan satmışam. Tərəfimdən iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Mən heç bir zaman mənzildə suyu açıq qoymamışam. Odur ki, qətnamənin ləğv edilməsini xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki,iddiaçıya heç bir maddi ziyan vurmamışam. Ekspertiza rəyi ilə də razılaşmıram. Mənzilim iddiaçının mənzilinin üzərində də deyil. Onun üzərində başqa adamın mənzili var. Mənzilim iddiaçının mənzilinin yanında yerləşir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası cavabdehi dinləyib, sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan, yəni: DİN-nin BPQMİ-in MAPS şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş arayış və şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx xxxxx 1976-cı il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, 1-ci Kür küçəsi, mənzil 104-də qeydiyyatdadır. xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, Uğur-2 Y/K yerləşən Bina-1, mənzil 139-un üstündə yerləşən mənzil 151-dən mənzil 139-a xx xxxxxx 2018-ci il tarixdə şaxtada yerləşən krantın xarab olması nəticəsində mənzil 139-a ziyan vurulub. Su basması halı Uğur-2 Y/K-nin heç bir su və kanalizasiya xəttinə aidiyyəti yoxdur, sırf mənzil 151-in təqsiri ucbatından baş vermişdir. xx xxxx 2019-cu il tarixli 09-01/178 saylı vəkil sorğusunun cavabından məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 1, blok 1, 12-ci mərtəbə, 119 saylı mənzilin üzərində 129 saylı (yeni nömrə 151) mənzil yerləşir. Həmin mənzilin sahibi xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdehdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 18792 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, Uğur-2 Y/K-da yerləşən bina 1, 151 saylı mənzilin sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğu üçün, 139 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin yuxarıda göstərilənləri, mülki işin materiallarında olan Uğur- 2 Y/K-nin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarına əsasən 151 saylı mənzilin şaxtada yerləşən krantının xarab olması nəticəsində 139 saylı mənzilə ziyan vurulmuşdur. Tədqiq olunan 139 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2807 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 1, blok 1-də yaşayırlar. Cavabdehin mənzili iddiçının mənzilindən bir mərtəbə yuxarıda, onun üzərində yerləşir. Cavabdehin ümumi yaşayış qaydalarına zidd hərəkətləri nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi də qeyd olunan halları müəyyən edərək hesab etmişdir ki, Cavabdeh 2807 manat ziyan və 30 manat dövlət rüsumu alınıb İddiaçıa verilməli, iddianın mənəvi ziyan hissəsi mənəvi ziyanın dəyməsinə və dəymişsə də cavabdehin hərəkətləri nəticəsində dəyməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallar və tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin isə əsas dəlili odan ibarətdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 1, blok 1, 12-ci mənzilin sahibi o deyil, o evi çoxdan satmışdır, tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Göründüyü kimi, cavabdeh ümumiyyətlə mübahisəli mənzilin sahibi olmamasını bildirsə də, işdə olan xx xxxxxx 2018-ci il tarixli aktdan, xx xxxx 2019-cu il tarixli 09-01/178 nömrəli vəkil sorğusuna cavabdan, habelə xx xxxx 2020-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, Uğur-2 Y/K yerləşən Bina-1, mənzil 139-un üstündə yerləşən cavabdehə məxsus 151 nömrəli mənzildə su krantının xarab olması və iddiaçıya məxsus mənzilə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2807 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 1, blok 1, 12-ci mərtəbə, 119 nömrəli mənzilin üzərində 129 saylı (yeni nömrə 151) mənzilin sahibi isə Cavabdehdur. Cavabdehin məhkəmə kollegiyasının iclasındakı izahatından və işdə olan sübutlardan cavabdehin mübahisəli mənzili kimə satması, hazırda həmin mənzilin kimin faktiki sahibliyində olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda mülkiyyətçi olan iddiaçının hüquqları qorunmaya bilməz. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra MM) əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (mad. 16.1). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (mad. 152.1). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (mad. 560.1). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (mad. 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (mad. 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (mad. 1097.1). Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir (mad. 1111.2). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (mad. 1111.5). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatriadis Yunanıstana qarşı iş üzrə xx.xx.1999-cu il tarixli Qərar, № 31107/96, § 54). İddia tələbinin maddi ziyanla bağlı hissəsinin qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası iddianın mənəvi ziyan bağlı hissəsinə də münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə iddianın bu hissəsi mübahisələndirilməsə də, apelyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi tələb edildiyi üçün MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanla bağlı hissəsini təmin etməyərkən də düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi və bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi iddia etsə də, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti nəticəsində baş verməsi, maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 21-ci mаddəsinə əsаsən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 8-ci bəndində isə göstərilmişdir ki, plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki,mənəvi zərərlə əlaqədar işlərə baxdıqda “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın normalarından və X6 Məhkəməsinin presedentlərindən geniş istifadə etsinlər (15-ci bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olmaqla formal mülahizələrə əsaslanır. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM 385.2-ci maddəsi). MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad. 217). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və PMP-in 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1642/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1642/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver