Məhkəmə qərarları › İş №2(107)-1643/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1643/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1643/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Mingəçevir Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)- 902/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-902/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26.12.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 26.12.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2249,68 (iki min iki yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 22,69 (iyirmi iki manat altmış doqquz qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, cəmi 2282,37 (iki min iki yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində pulun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlə 26.12.2019-cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqavilə üzrə cavabdehdən 2249,68 manat əsas kredit borcu, 22,69 manat faiz borcu, 835,65 manat cərimə borcu olmaqla, cəmi 3108,02 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi X1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, təmsil etdiyi bankla Cavabdeh arasında 26.12.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 0,0833 faiz olmaqla hissə-hissə ödəmək şərti ilə 2249,68 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh 03.03.2020–ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə cavabdehin 2249,68 manat ödənilməmiş borcu qalmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 22,69 manat faiz və 835,65 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən cavabdehlə 26.12.2019-cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqavilə üzrə cavabdehdən 2249,68 manat əsas kredit borcu, 22,69 manat faiz borcu, 835,65 manat cərimə borcu olmaqla, cəmi 3108,02 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, banka pulu hissəhissə ödəyə bilmədiyi halda necə tam şəkildə ödəyə bilər?! Ona görə də, Mingəçevir Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-902/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və pulun yenidən hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-902/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26.12.2019–ci il tarixdə bağlanmış 015A********** saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 60 ay müddətinə, illik 0,0833 faiz dərəcəsi ilə hissə-hissə ödəmək şərti ilə 2249,68 manat məbləğində kredit vermişdir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, 26.02.2021–ci il tarixinə cavabdehin 2249,68 manat əsas kredit borcu, 22,69 manat faiz borcu, 835,65 manat cərimə borcu olmaqla, cəmi 3108,02 manat məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.3, 442.1, 448.2, 467, 739.1, 739.2, 741 və 743-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsaəsn müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında 26.12.2019–cu il tarixdə 015A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 0,0833 faiz ödəmək şərti ilə 2249,68 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2249,68 manat əsas kredit borcu, 22,69 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən, bank tərəfindən cavabdehə 835,65 manat məbləğində cərimə pulu hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan illik 0,0833 faiz dərəcəsi ilə 60 ay müddətinə 2249,68 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın birtərəfli qaydada kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdehdən 26.12.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli müqavilə üzrə 2249,68 manat əsas, 22,69 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467- ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, dəbbə pulunun azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Cavabdehdən 2249,68 manat əsas kredit borcu, 22,69 manat faiz borcu və 10 manat dəbbə pulu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə 26.12.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 26.12.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehdən 2249,68 manat əsas kredit borcu, 22,69 manat faiz borcu və 10 manat dəbbə pulu olmaqla, cəmi 2282,37 manat alınıb iddiaçıya verilsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cəmi 2282,37 (iki min iki yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində pulun cavabdehdən alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cəmi 2282,37 (iki min iki yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində pulun cavabdehdən alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən cəmi 2282,37 (iki min iki yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində pulun cavabdehdən alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-902/2021 nömrəli qətnaməsi cəmi 2282,37 (iki min iki yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində pulun cavabdehdən alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-902/2021 nömrəli qətnaməsi mübahisələndirilən - cəmi 2282,37 (iki min iki yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində pulun cavabdehdən alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar