Məhkəmə qərarları › İş №2(107)-1650/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1650/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1650/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(039)-708/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan ”İddiaçı” ASC-nin X1 Fondu Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələblərinə riayət edilmədən tərtib edildiyi üçün iddiaçıya qaytarılmış və iddiaçıya göstərilən nöqsanların aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilmək hüququ izah edilmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş, lakin Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qəradadı ilə şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. İddiaçı Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qəradadı ilə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Şikayət isə belə əsasladırılmışdır ki, qərardadda şikayətin geri qaytarılmasının əsas kimi X3 tərəfindən qərardaddan şikayət verilmə müddətinin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə sübut təqdim edilməməsi göstərilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyimiz şikayətdə ölkədə və dünyada baş verən Covid-19 koronovirus pandemiyası nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiqi ilə əlqədar olaraq, şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılması qeyd olunmuşdur. Hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiqinə dair tərəfimizdən şikayətə hər hansı bir sübut əlavə etməyimizə ehtiyac yoxdur. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmiş, məhkəmə kollegiyası isə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 267.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-ə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir (mad. 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (mad. 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (mad. 133.1). Birinci instаnsiyа məhkəməsinin аktlаrı rəsmi qаydаdа verilməlidir (mad. 134.1.5). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soy adını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (mad. 135.3). Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (mad. 135.5). Gösrilənlərlə yanaşı, o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə xx xxxxx 2020-ci il tarixli Qərarının Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə xx xxxxx 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən, ölkədə hərəkət məhdudiyyətlərinin x xxxxx 2020-ci il, saat 00:00-dan xx xxxxx 2020-ci il, saat 00:00-dək tətbiqi ilə bağlı bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmçinin, həmin qərarda göstərilir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 2020-ci il tarixdə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar qəbul etmişdir. Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması, məhkəmələrə, həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə edilmiş, Qərarın martın 20-dən aprelin 20-dək qüvvədə olacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti xx xxx 2020-cı il tarixədək uzadılmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiacı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-708/2020 nömrəli qərardadını Nazirlər Kabinetinin qeyd olunan qərarının qəbulundan əvvəl, xx xxxx 2020-ci ildə qəbul etmiş, lakin qərardaddan verilmiş şikayət iddiaçının münayəndəsi tərəfindən xx xxx 2020-ci ildə məhkəməyə təqdim edilmişdir. Şikayətin əsas dəlili olan ölkədə və dünyada baş verən Covid-19 koronovirus pandemiyası nəticəsində müddətin ötürülməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərardadı iddiaçı tərəfindən xx xxxx 2020-ci ildə alınmış, şikayət vermə müddəti isə xx xxxx 2020-ci ildə bitmişdir. Xüsusi karantin rejiminin tətbiq olunmasına qədər, yəni xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək iş günləri olmuş və iddiaçının şikayət vermək üçün əlverişli imkan və şəraiti olmuşdur. Bundan əlavə, sərt karantin günlərində də, ...bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar icazə mövcud olmuşdur. Lakin iddiaçı bu imkanlardan istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və MPM-in 264, 398, 402-ci mаddələrini rəhbər tutаrаq məhkəmə kоllegiyаsı QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar