Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1656/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən aldığı 2 yaşar boğaz qoyunun ölməsi nəticəsində vurulmuş 250 manat zərərin və 20 manat məbləğində Kapital Banka keçirdiyi dövlət rüsumun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və ya vurulmuş zərərin 2 yaşar boğaz qoyunun verilməsi ilə əvəzlənməsi tələbinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-392/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı 2 yaşar boğaz qoyunun ölməsi nəticəsində vurulmuş 250 manat zərərin və 20 manat məbləğində Kapital Banka keçirdiyi dövlət rüsumun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və ya vurulmuş zərərin 2 yaşar boğaz qoyunun verilməsi ilə əvəzlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-392/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddianın təmin olunmaması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, bir baş boğaz qoyun almaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonunda fəaliyyət göstərən “Sultan” X1 mal bazarına getmişdir. Mal bazarında olan qoyunlarla maraqlanmışdır. Bazarda olan 2 yaşar boğaz qoyunların qiyməti 180-220 manat dəyərində idi. Qoyunlara baxan zaman qoyunu satan həmkəndlisi Cavabdeh ilə rastlaşmışdır. Maraqlandıqda bazar qiymətindən aşağı verəcəyini bildirmişdir. Qoyunun sağlam olduğunu, 2 yaşar və 3 aylıq boğaz olduğunu bildirmişdir. Vəziyyəti ağır olduğu, pula ehtiyacı olduğu üçün qoyunu 150 manata satdığını demişdir. Qoyunun xəstə olmadığını, pul lazım olduğu üçün bazar qiymətindən aşağı verdiyini bildirmişdir. Qoyunu yoxlamaq üçün bazarda olan tanış şəxsləri, bu sahə üzrə biliciləri dəvət etmiş, həmin şəxslər qoyunun sağlam olduğunu bildirmişlər. Həm də həmkəndlisi olduğu üçün cavabdehə inanmışdır. Cavabdehlə razılaşıb, 150 manat pulu verib, ondan qoyunu almışdır. O, özü də ailəsini dolandırmaq üçün imkanı daxilində hər il 6-10 baş qoyun saxlayır. Cavabdeh aldığı qoyunu evə gətirmişdir. Digər qoyunları ilə birlikdə onu da baxmağa başlamışdır. 5-6 gündən sonra Cavabdeh aldığı qoyunun hərəkətində zəifləməmnin baş verdiyini görmüşdür. Baytar həkim qoyuna baxdıqdan sonra aldığı qoyunun xəstə olduğunu demişdir. Onda xəstəlik demək olar ki, 2-3 ay əvvəl başlamışdır. Bu halı bilən kimi fevral 9-da qoyunu aldığı Cavabdeh yanına getmiş, aldığı qoyunun xəstə olduğunu demiş və qoyunu geri götürməsini tələb etmişdir. Amma cavabdeh qoyunu geri götürməkdən imtina etmişdir. Ona məlum olmuşdur ki, cavabdeh qoyunçuluqla məşğul olur və xeyli qoyun saxlayır. Xəstəliyə tutulmuş qoyunları bazara çıxarıb, «vəziyyəti ağırdır, pula ehtiyacı var, ona görə qoyunu aşağı qiymətə verir» deyib, alıcılara yalan danışıb, xəstə qoyunları sağlam qoyun kimi satır. O, qoyunu sağaltmaq üçün onun müalicəsinə başlamışdır. Baytarlıq apteklərindən baytar həkimlərin məsləhəti ilə 50 manat dəyərində dərmanlar alıb qoyunu müalicə edib sağaltmağa çalışmışdır. 15 gün müddətində apardığı müalicə heç bir nəticə verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə qoyun ölmüşdür. Baytar həkiminə müraciət etmiş, baytar həkimi Vüqar Qafarov gəlmiş, ölmüş qoyunu yarmış, qoyunun ölümünün hansı xəstəlikdən baş verdiyini müəyyənləşdirmişdir. Baytar həkimin verdiyi arayışdan aydın olur ki, heyvanda ağciyər pnevmaniyası müşahidə olunmuşdur. Bu xəstəlik qoyunda o, qoyunu alınca 2-3 ay əvvəl baş vermişdir. Yaranmış vəziyyətlə bağlı tədbir görülməsi üçün Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, polis şöbəsi tərəfindən ünvanına göndərilən məktubda ərizəsində qeyd olunan xüsusatların məhkəmə səlahiyyətinəd aid olduğu və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2 yaşar boğaz qoyun almışdır. O qoyunları bazar qiymətindən 40-50 manat ucuz almışdır. Soruşduqda isə cavabdeh vəziyyətinin pis olduğunu və bu səbəbdən qoyunları ucuz satdığını bildirmişdir. Təxminən 4-5 gün sonra qoyunlardan birinin vəziyyətinin pisləşdiyini görmüşdür. O bu barədə cavabdehə məlumat vermiş və o da qoyunu qaytarmağa razılaşmışdır. Lakin, dəfələrlə qoyunu bazara aparsa da cavabdeh gəlməmiş və o da qoyunu qaytara bilməmişdir. Qoyunun müalicəsinə 50 manat pul xərcləsə də heç bir nəticə olmamış və qoyun ölmüşdür. Baytar həkimin verdiyi arayışa əsasən qoyun ağciyər pnevmaniyasından ölmüşdür. Göründüyü kimi cavabdeh bilə-bilə ona xəstə qoyunları satmışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı bildirdi ki, xx.xx.2020-ci ildə o qonşusu Əhməyev İlhamla bir neçə dəfə Cavabdeh heyvanına baxıblar. İlham ona bu heyvanların xəstə olduğunu bildirmişdir. O Ramizdən heyvanların xəstə olub-olmamağı barəsində soruşanda o demişdir ki, heyvanlar sağlamdır, əgər xəstə olsalar gətirib qaytararsan. Həm də Ramiz heyvanları bazar qiymətindən 40-50 manat ucuz qiymətə satırdı. O 150 manat pulu Ramizə verdikdən sonra qoyunu evə gətirib və öz qoyunları ilə birlikdə qulluq etməyə başladır. Təxminən 4-5 gündən sonra qoyun yeməməyə başladı. O Əhməyev İlhamı qoyuna baxması üçün çağırıb. O da demişdir ki, bu qoyun xəstədir. O Ramizə zəng vuraraq onun satdığı qoyunun xəstə olduğunu və həmin qoyunun qaytarmaq istədiyini bildirib. Ramiz bazar günü qoyunu bazara gətirməsini bildirib və o da x xxxxxx 2020-ci ildə saat 9:30-da qoyunu bazara gətirib. Bazarda Ramiz ona qoyunun gec gətirdiyini, bu saatdan sonra qoyunu sata bilməyəcəyini, qoyunu bazara fevralın 16-sı gətirməyini demişdir. O ayın 16-sı bazara gələndə Ramizin bazarda olmadığını görmüşdür. xx xxxxxx 2020-ci ildə isə qoyun ölmüşdür. Baytar qoyunu yaranda ağ ciyərin pnevmaniyasından öldüyünü bildirib və buna dair ona arayış verib. Qeyd olunanlara və mövcud qanunvericiliyə əsaslanaraq Balakən Rayon Məhkəməsinin xx.xx.2020.ci il tarixli 2(019)-392/2020 nömrəli qətnaməsinin ləğv edib iddianın təmin edilməsi haqda yeni qətnamə çıxarmağı xahiş edirəm Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o xx xxxxxx 2020-ci ildə İddiaçı qoyunu bazarda 150 manata satmışdır. Həmin satdığı qoyun xəstə olmamışdır. İddiaçı ona qoyunun xəstə olduğunu bildirəndə o, qoyununu geri gətirib ona qaytarmasını və pulunu aparmasını Osmandan xahiş etmişdir. Lakin, iddiaçı onun qoyununu geri gətirməmişdir. Heyvan öləndən sonra o həmin heyvanı görməyib və İddiaçı ölən qoyunu ona göstərməyib. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-392/2020 saylı qətnaməsinin isə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 392/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işdə olan «Sultan» X1 xx.xx.2020-ci il tarixli, 688 №-li arayışından görünür ki, Balakən mal bazarında bir baş 2 yaşar boğaz qoyunun orta bazar satış qiyməti 240-260 manatdır. İşdə olan Hənifə sahə baytarlıq məntəqəsinin həkimi Qafarovun xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı bir baş qoyunu olmuşdur. Heyvan xx.xx.2020-ci il tarixdə həkim tərəfindən yarılmışdır. Heyvanda ağ ciyərin pnevmaniyası müşahidə olunmuşdur. Yəni heyvan ağ ciyərin pnevmaniyasından ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Balakən rayon Baytarlıq İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 70 nömrəli arayışından görünür ki, İddiaçı özünə məxsus xırda buynuzlu heyvanlar arasında hər hansı bir xəstəlik hadisəsinin olması barədə heç bir baytar həkiminə müraciət etməmiş, lazım olan müalicə tədbirlərini vətəndaş özü aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə 1 (bir) baş ana qoyunun ölümü haqqında Hənifə sahə baytarlıq məntəqəsinin müdiri Vüqar Qafarova məlumat verilmişdir. Həmin tarixdə cəmdək üzərində patoloji yarma aparılmış və heyvanın pnevmaniyadan ölməsi məlum olmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə bir baş boğaz qoyunun alqı-satqısı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdeh satıcı kimi özünə məxsus bir baş boğaz qoyunu 150 manata alıcı olan iddiaçıya satmışdır. Eyni zamanda tərəflərin izahatlarından da müəyyən olunur ki, iddiaçı kənar şəxsləri dəvət edərək, qoyunu yoxlamış və bundan sonra onunu pulunu cavabdehə verərək, qoyunu aparmışdır. İş materiallarından o da görünür ki, iddiaçı həmin qoyunun xəstə olması, yəni alqı-satqı müqaviləsinin keyfiyyət şərtlərinə cavab verməməsi və bununla da alqı-satqı müqaviləsinin şərtlərinin pozulması ilə bağlı cavabdehə bildiriş verməmiş, cavabdehdən bu qoyunun başqa qoyunla dəyişdirilməsini, onun qusurunun aradan qaldırılmasını, qoyunun qaytarılmaqla onun satış qiymətinin ödənilməsini və ona çəkilən xərclərin əvəzinin ödənilməsini tələb etməmişdir. Bundan əlavə xx xxxxxx 2020-ci il tarixdə iddiaçı cavabdehə qoyunun xəstə olmasını bildirdikdə, cavabdeh iddiaçıdan qoyunun geri qaytarılmasını və gəlib pulunun aparılmasını bildirmiş, lakin iddiaçı qoyunu cavabdehə qaytarmamış və özünün bildirdiyinə görə xx xxxxxx 2020-ci il tarixədək qoyun iddiaçıda qalmışdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materialında olan sənədlərdən qoyunun ağ ciyər pnevmaniyasından öldüyü öz təsdiqini tapsa da, iddiaçının qoyunu aldığı vaxt həmin xəstəliyin mövcud olub-olmaması barədə, eyni zamanda həkim rəylərində ağ ciyər pnevmaniyasının təxminən hansı müddətdə başlaması və ya xəstəliyin başlamasından hansı müddət sonra qoyunu öldürə bilmə ehtimalının olduğu barədə heç bir sənəd, sübut və ya məlumat verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə xəstəliyin nə vaxt yaranması və ya hansı müddətdə heyvana ölümcül təsirə malik olmasını müəyyənləşdirmək mümkün deyildir. Hazırda apelyasiya şikayətində göstərilən dəlillər ehtimallara əsaslanmışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-392/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1656/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1656/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver