Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1658/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı), Cavabdeh (bundan sonra cavabdeh) və cavabdehin vəkili – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq 1.280 manat və 12.000 ABŞ dollarının, cəmi 10880 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim A.Bayramov) xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 1280 (bir min iki yüz səksən) manat və 12.000 (on iki min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında borc məbləği və 20 (iyirmi) manat rüsum xərcinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslanmışdır ki, o, Cavabdeh xx.xx.2009-cu ildə 1280 manat, xx xxxxxx 2010-cu ildə isə 12.000 ABŞ dolları borc vermişdir. Dəfələrlə qapısına getməsinə baxmayaraq, cavabdeh bu vaxtadək onun pulunu qaytarmamışıdır. Cavabdehə bu pulu ona inanaraq, etibar edib vermişdir. Hansıki, o pulu götürərkən söz vermişdir ki, 10 gündən sonra, yəni evini satmaqla da olsa verəcək. O, dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək, pulun qaytarılmasından yayınmışdır. Eyni zamanda, cavabdeh borc götürməsinə dair öz dəsti xətti ilə qəbz də vermişdir (həmin qəbzin əsli iddia ərizəsinə əlavə edilir). Odur ki, iddianın təmin edilməsini və cavabdehdən 1.280 manat və 12.000 ABŞ dolları, cəmi 10.880 manatın alınııb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti və ona əlavə isə belə əsaslandırılmışdır ki, mən Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olsam da, faktiki olaraq Bakı şəhərində yaşayıram və 2-ci qrup əlilliyə görə müavinət alıram. 2009-cu ildə İddiaçı 800 ABŞ dolları borc almışam. Hazırda mənə məlum olub ki, əlilliyə görə mənə ayrılan sosial müavinətdən hər ay pul tutulur. Məsələni araşdıranda Yevlax Rayon İcra Şöbəsindən mənə bildirildi ki, guya İddiaçı mənə qarşı iddia tələbinə dair Yevlax Rayon Məhkəməsində 2(039)-496-2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnamə çıxarılmışdır. Halbuki, mən heç vaxt Yevlax Rayon Məhkəməsinə dəvət olunmamışam və belə bir qətnamə mənə çatdırılmamışdır. Ona görə də həmin qətnamə həqiqətən də, mövcuddursa, bu qətnamənin mənə rəsmi qaydada göstərilən ünvan üzrə çatdırılmasını məhkəmədən xahiş etmişəm. Lakin icra məmurlarının mənə təqdim etdiyi məlumatlardan həmin qətnamənin mövcudluğunu öyrənmişəm. Mənə məlum olub ki, qətnamə ilə məndən 1280 manat və 12000 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu qətnaməni qanunsuz və əsassiz hesab edirəm. Fikrimi aşağıdakılarla əsaslandırıram. Mən iddiaçıdan 2009-cu ildə, cəmi 800 ABŞ dolları məbləğində borc almışam və həmin borcu da qaytarmışam. Lakin indi mənə məlum olub ki, məhkəmə guya mənim iddiaçiya 1280 manat və 12.000 ABŞ dolları məbləğində borclu olmağıma dair qətnamə çıxarmışdır. Qətnamə rəsmi qaydada mənə təqdim edilmədiyindən, məhkəmənin bu nəticəsini hansı sübutlarla əsaslandırması mənə məlum deyil. Ancaq işin həqiqi halı ondan ibarətdir ki, mən qətnamədə göstərilən məbləği idiaçıdan almamışam. Qətnamə mənə rəsmi şəkildə təqdim olunduqdan sonra, apelyasiya şikayətinə əlavə ilə mövqeyimi daha dəqiq əsaslandıracağam. 2011-ci ildə isə İddiaçı təzyiqlərinə dözməyib zəhər içmişdim və bununla əlaqədar Yevlax Rayon Mərkəzi xəstəxanasında uzun müddət müalicə almışam. Mən müalicə aldığım müddətdə göstərilən qəbz mənə imzalatdırılmışdır. Həmin vaxtı mən ağır xəstə olduğum üçün öz hərəkətlərimi dərk etmək və iradə ifadəmi əks etdirmək iqtidarında olmamışam. Qeyd etdiyim kimi, mən iddiaçıdan yalnız xx xxxx 2009-cu il tarixdə 800 ABŞ dolları pul almışdım. Həmi pulu qaytara bilmədiyim üçün iddiaçı məni sıxışdırırdı. İddiaçı iddiada göstərir ki, guya mənə xx xxxxxx 2010-cu il tarixdə 12.000 ABŞ dolları pul verib. Halbuki, mən iddiaçıdan bu pulu almamışam. İddiaçı mənim xəstəxanada ağır xəstə olmağımdan istifadə edərək 12.000 ABŞ dollarla bağlı qəbzə imza etdirib. xx xxxxxx 2010-cu il tarixli bu qəbzin məzmunundan görünür ki, guya mən həmin qəbzdə iddiaçıdan 12.000 ABŞ dolları aldığımı və qaytarmadığımı bildirirəm. Halbuki, iddiaçı iddia ərizəsində bu pulu mənə məhz qəbzi imzaladığım xx xxxxxx 2010-cu il tarxidə verməsini bildirir. İddiaçının iddiada göstərdiyi bu hal qəbzin məzmunu ilə ziddiyyət təşkil edir. Qəbzdən görünür ki, guya mən həmin pulu xx xxxxxx 2010-cu il tarixədək almışam və qaytarmamışam. İddiaçı isə pulu mənə xx xxxxxx 2010-cu il tarixdə verdiyini deyir. Necə ola bilərdi ki, iddiaçı elə pulu mənə verdiyi gündə geri tələb etsin və mən də bildirim ki, pulu qaytarmamışam? Mən iddiaçıdan yalnız 800 ABŞ dolları pul almışam, sonradan imzalanmış qəbzə əsasən 1.280 manat borcum yaranmışdır ki, o da tərəfimdən ödənilib, lakin iddiaçı mənə 12.000 ABŞ dollarlıq qəbzə imza etdirib. Digər tərəfdən, məhkəmə iclasında şahid kimi dindirilən X9, Quliyeva Könül Hüseyin qızı və X7 şahid ifadələri də məhkəmə qətnaməsində sübut kimi qiymətləndirilə bilməzdi. Çünki, həmin şəxslər verilməyən və alınmayan pula necə şahidlik edə bilərdilər. Məhkəmə iclas protokolunda və məhkəmə qətnaməsində göstərildiyi kimi, onlar pulun verilməsini yalnız İddiaçı eşitmişlər, yəni pulun və ya qəbzin yazılmasının birbaşa şahidi olmamışlar. Məhkəmənin digər qərəzli yanaşmasından biri də ondan ibarətdit ki, iddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsində məndən 1280 manat və 12.000 ABŞ dollarının (12000*0,80=9600+1280+10880) cəmi 10.880 manat tələb etdiyi halda məhkəmə məndən 1280 (bir min iki yüz səksən) manat və 12.000 (on iki min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında borc məbləği və 20 (iyirmi) manat rüsum tutulması barədə qətnamə çıxarmaqla iddia tələbindən kənara çıxmış və bu halı məhkəmə qətnaməsində əsaslandırmamışdır. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(039)-496/2011 saylı qətnaməsini ləğv edərək iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə çıxarılsın. ETİRAZİN DƏLİLLƏRİ İddiaçı etiraz ərizəsini onunla əsaslandırmışır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(039)- 496/2011 saylı qətnaməsinə əsasən, mənim Cavabdeh qarşı “Pul tələbinə dair” iddiam təmin edilərək cavabdehdən 1280 manat və 12000 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında borc məbləğinin və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı olaraq mənim xeyrimə tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilərək xx.xx.2012-ci il tarixdən bu günədək icra olunmaqla cavabdehdən tutulmaqdadır. Halbuki, müvafiq qətnamənin qanuni qüvvəsini alaraq icra olunmağa başladığı vaxtdan 8 il sonra apelyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən məlumatsız olduğunu bildirmişdir. Onda haqlı bir sual ortaya çıxır ki, ötən səkkiz il ərzində cavabdehin özündən tutularaq iddiaçının xeyrinə yəni mənə ödənilən məbləğdən də məlumatsız olubdurmu? Bu səbəbdən də, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində qeyd olunan hallar heç bir halda həqiqəti əks etdirmir və vaxt qazanmaqdan başqa bir şey deyildir. Odur ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh bildirmişdir ki, apelyasiya şikayətimi müdafiə edirəm. Belə ki, mən Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olsam da faktiki olaraq Bakı şəhərində, Pirşağı kəndində kirayədə yaşayıram və gündəlik təndir çörəyi bişirib bunun müqabilində aldığım pulla ailəmi dolandırıram, 2-ci qrup əliləm və buna görə də müavinət alıram. Oğlum həbs edildiyi üçün İddiaçı 2007-ci ildə 800 ABŞ dolları borc almışam. Bundan başqa mən ondan pul almamışam. Ona görə də hesab edirəm ki, onun xeyirinə müavinətimdən pul tutulması qanunsuzdur. Mən 2007-ci ildə 800 ABŞ dollarını faizlə iddiaçıdan almışam. Aramızda şifahi razılaşma olmuşdur. 800 ABŞ dolların faizini iki il ərzində vermişəm. Sonra iddiaçı məndən həmin pulu kom şəkildə qaytarmağı istədi. Mən onu qaytara bilmədiyim üçün mənə dedi ki, ya 1280 manat borc almağınla bağlı kagıza qol çək, ya da evin əlindən gedəcək. Qəbz yazdığım zaman 800 ABŞ dolları iddiaçıya hələ qaytarmamışdım. İki il ərzində bu pulun faizini qaytarmışam. 800 ABŞ dolları qaytarmamışam. Bu illər ərzində pensiyamdan pul tutulur. Bundan əvvəl apelyasiya şikayətini verməyə imkanım olmayıb. 1280 manatı da, 12 min ABŞ dolları da iddiaçıdan almamışam. Qəbzləri mən yazsam da, iddiaçı məni hədələyərək bu qəbzləri məndən almışdır. Qəbzlərin birinə xəstəxanda, birinə isə iddiaçının evində qol çəkmişəm. Evimin əlimdən getməsindən qorxdum. Əgər mən ona 800 ABŞ dolları qaytarmamışamsa, o nə səbəblə mənə 12 min ABŞ dolları əlavə versin? Odur ki, apelyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti və ona əlavəyə çıxış edən cavabdehin vəkili Abdul Bağırov apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izаhаt verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsində Cavabdeh dəfələrlə məhkəməyə çağırılmış, qeydiyyatda olduğu qəsəbənin icra nümayəndəsinə də məktub göndərilmişdir. Ancaq cavabdeh gizlənib Bakıya qaçmışdır. Xəstəxana barədə mən bu gün eşitdim. Əgər cavabdeh məndən pul almayıbsa niyə qəbzlərə qol çəkirdi. Haqlıdırsa, nə səbəbdən Yevlax Rayon Məhkəməsindən gizlənib. Həmin hadisələrdən xeyli vaxt keçdiyinə görə bir çox məqam yadımda qalmayıb. Amma cavabdehin oğluna görə məndən borc pul aldığı yadımdadır. Sonradan məni aldatdı. Hələ də pulumu qaytarmayıb, pensiyasından bu ilin avqustun axırına qədər 5408 manat ödənilib. Qalan pulumu istəyirəm. Cavabdehə faizlə pul verməmişəm. Mən cavabdehi əvvəlcədən tanıyırdım. O, baldızımın qonşusudur. Qəbzlərin yazılması tarixi yadımda deyil, bundan xeyli vaxt keçib. İddia ərizəmi vəkilə yazdırmışam. Orada nə yazıldığı yadımda deyil. Amma mən cavabdehə dollarla borc vermişəm, dollarla da pulumu qaytarsın. Cavabdehə həmin pulun nə vaxt verilməsi yadımda deyil. Amma cavabdehə pul verəndə ondan qəbz alırdım. Cavabdeh pulu qəbzlə vermişəm. Ondan qəbz almadan pul verməmişəm. Cavabdeh 1280 manat qaytarmasa da, ona 12 min ABŞ dolları ona görə vermişəm ki, cavabdeh “balam ölür” deyə ağlayırdı, yalvarırdı. Mən cavabdehin oğluna görə ona pul verdim. Deyirdi ki, evimi satıb pulunu verəcəm. Cavabdehin xəstəxanada yatması barədə məlumatım yoxdur. Bu söhbəti indi eşidirəm. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Cavabdeh tərəfindən xx xxxxxx 2010-cu ildə yazılmış qəbzdə göstərilmişdir ki, Məmmədova X3 aldığım pulu verməmişəm. 12 min dollar borcum var, 10 gündən sonra verəcəm. İmza Mətanət. Bundan başqa, cavabdeh tərəfindən yzılmış digər bir qəbzdə göstərilmişdir ki, mən Cavabdeh İddiaçı 1280 manat aldım. xx.xx.2009, il tarixdə (imza var). 1 saylı Mənzil-Tikinti kooperativi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 49 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 saylı ünvanda yaşayır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il il tarixli 2(039)496/2011 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra cavabdeh xx xxxxxxxx 2011-ci ildə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə verərək icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Yevlax rayon Aran qəsəbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 1643 saylı arayışdan görünür ki, Cavabdeh uzun müddətdir ki, Yevlax rayon Aran qəsəbəsində yaşamır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il il tarixli 2(039)496/2011 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, İddiaçı Cavabdeh əvvəlcə 1280 (bir min iki yüz səksən) manat, sonradan isə 12000 (on iki min) ABŞ dolları məbləğində borc vermişdir. Ailə üzvü kimi pul onun iştrakı ilə cavabdehə verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Quliyeva Könül Hüseyin qızı bildirmişdir ki, 3 saylı orta məktəbdə işləyir. Cavabdeh İddiaçı Hüseyin qızına 1280 (bir min iki yüz səksən) manat və 12000 (on iki min) ABŞ dolları məbləğində borcunun olduğunu bilirdi. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 məhkəmə iclasında digər şahidlərin ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin Yevlax Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli icra sənədi xx.xx.2012-ci ildə icratımıza daxil olub. Borcluya tələbin könüllü təmin olunması barədə bildiriş göndərilmiş, lakin o, tələbkara ödəniş etməmişdir. Bundan sonra borclunun əmlak və gəlir vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq sorğular verilmiş və onun DSMF-nin Yevlax şəhər şöbəsindən pensiya alması məlum olmuş, xx.xx.2012-ci il tarixli məktubla icra sənədi üzrə tələb onun pensiyasına yönəldilmişdir. Bunlardan əlavə, iddiaçı tərəfindən etiraz ərizəsinə əlavə edilmiş DSMF-nın Yevlax Rayon Şöbəsi tərəfindən verilmiş **********3 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012ci ildən xx.xx.2020-ci il tarixədək cavabdehdən 5408,56 manat tutularaq iddiaçıya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini müfəssəl araşdırıb müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ilə şifahi formada bağladığı borc müqaviləsinə əsasən, ondan 1280 manat və 12000 ABŞ dolları məbləğində borc pulu almış və on gün sonra ödəyəcəyini bildirmişdir. İddiaçı borcun qaytarılması üçün dəfələrlə iddiaçıya müraciət etmiş, lakin cavabdeh borcun ödəməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi də müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə yazılı öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Belə ki, MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra MM) görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (mad. 739). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (mad. 741). Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır (mad. 742.1). İşdən görünür ki, cavabdeh iddiaçıdan 1280 manat və 12000 ABŞ dolları məbləğində borc almış, borc alması və həmin borcu on gün müddətində geri qaytarması barədə qəbzə imza da etmişdir. Ancaq cavabdeh göstərilən şərtə əməl etməmiş, iddiaçıya olan borcunu ödəməmişdir. MM-in tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (mad. 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (mad. 386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (mad. 425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (mad. 442). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (mad. 448.1). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (mad. 449.1). Belə ki, tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıdan 1280 manat və 12000 ABŞ dolları məbləğində borc pul alması öz təsdiqini tapır. Cavabdeh özü qeyd edir ki, iddiaçıdan 2009-cu ildə 8000 ABŞ dolların məbləğində borc pul almış və onu geri qaytarmışdır, lakin iddia edilən pulu isə iddiaçıdan götürməmişdir. Cavabdeh iddiaçıdan 12000 dollar götürərkən yazılı qəbz vermişdir ki, Məmmədova X3 aldığım pulu verməmişəm. 12 min dollar borcum var, 10 gündən sonra verəcəm. Digər bir qəbzdə isə göstərilmişdir ki, mən Cavabdeh İddiaçı 1280 manat aldım. Göründüyü kimi, cavabdeh iddiaçıdan qeyd olunan pul məbləğlərinin götürülməsi barədə yazılı qəbz versə də, həmin məbləğlərin və onun hər hansı bir hissəsinin qaytarılmasına dair iddiaçıdan heç bir qəbz almamışdır. Halbuki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır (MM-in 433.3cü maddəsi). Borcun qaytarılmasını sübutetmə vəzifəsini daşıyan cavabdeh aldığı borcu tam şəkildə həqiqətən iddiaçıya qaytarması və ondan əlavə olaraq 1280 manat və 12000 ABŞ dolları məbləğində borc pul almadığını sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələblərinə görə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla razılaşa bilmir. Belə ki, birinci instansiya məhkəməsinin şahid qismində iştirak edən şəxslərin ifadələrini səhv olaraq sübut qismində qiymətləndirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şahidlərin ifadələri ilə işi həqiqi halları arasında hər hansı bir uyğunsuzluq olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq onların ifadələrinə mötəbər sübut kimi hüquqi qiymət vermişdir. Apelyasiya şikayətində daha sonra bildirilmişdir ki, mən 2011-ci ildə iddiaçının təzyiqlərinə dözməyərək zəhər içmiş və xəstəxanada müalicə almışam. Müalicə aldığım müddətdə həmin qəbz mənə imzalatdırılıb. O zaman mən öz hərəkətlərimi dərk etmək iqtidarında olmamışam. Bu dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan tarixlərdə cavabdehin həmin xəstəxanada müalicə alması, öz hərəkətlərini dərk etmək və iradə ifadəsini əks etdirmək iqtidarında olmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut (onun tibb müəssisəsinə daxil olması, müalicəsi, diaqnozu, tibb müəssisəsinin xəstəlik tarixi, xəstəlik barədə rəyi və s) təqdim edilməmişdir. Bundan əlavə, apelyasiya şikayətində daha bir dəlil kimi göstərilmişdir ki, məhkəmənin digər qərəzli yanaşmasından biri də ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində ondan 1280 manat və 12.000 ABŞ dollarının (12000*0,80=9600+1280+10880) cəmi 10.880 manat tələb etdiyi halda məhkəmə ondan 1280 manat və 12.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında borc məbləği və 20 (iyirmi) manat rüsum tutulması barədə qətnamə çıxarmaqla iddia tələbindən kənara çıxmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsinin iclaslarında, o cümlədən məhkəmə kollegiyasının iclasında 1280 manat və 12.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmasını xahiş etmişdir. İşdə olan yazılı qəbzdən də görünür ki, cavabdeh iddiaçıdan 12.000 ABŞ dolları məbləğində pul aldığını bildirmiş və iddiaçı iddia ərizəsində və izahatlarında da bunu göstərmiş və tələb etmişdir. Belə olan halda həmin zaman mövcud olmuş 12000 ABŞ dollarının manatın həmin dövrdə mövcud olmuş məzənnəsinə çevrilərək göstərilməsi bu gün 12000 ABŞ dollarının qaytarılmaması üçün əsas ola bilməz. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də işin bu halı iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməcinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmaması qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi - nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2ci maddəsi). MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad. 217). İnsan Haqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1658/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1658/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver