Məhkəmə qərarları › İş №2(107)-1669/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1669/2021

19.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1669/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X8, 3-cü şəxs Məlikov Surəddin Salaməddin oğlunun və 3-cü şəxsin nüməyəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Ağsu rayonu Cəlayir Bələdiyyəsi) “tutulmuş yolun genişləndirilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(016)-365/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN-0041 Kod: 49010038 nömrəli Şəhadətnamə ilə Ağsu rayonu, Hacıuşağı kəndinin ərazisində xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun kənarının cavabdeh tərəfindən hasarlanmaqla daralan hissəsinin onun hesabına açılaraq genişləndirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(016)-365/2021 nömrəli (hаkim A.Əsgərov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “tutulmuş yolun genişləndirilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən şikаyət verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonunun Hacıuşağı kəndində yaşamaqla kəndin ərazisində onun və ailə üzvlərinin adına Ağsu rayon X6 10 sentyabr 2003-cü il tarixli, 05 saylı Qərarı ilə 6,92 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzrə JN-0041 Kod: 49010038 nömrəli Şəhadətnamə hazırlanmışdır. Həmin torpaq sahəsinin qonşuluğundakı torpaq sahəsinin kənarlarını qeyri-qanuni olaraq cavabdeh zəbt edərək hasarlamışdır. Bununla bağlı əkin sahəsinə gedən yolun eni 4 metr uzunluqda daralmışdır. Həmin yoldan minik maşını keçsə də, “selka” adlanan taxıl səpən və eləcə də taxıl biçən kombaynın keçib getməsi mümkünsüz olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərmişdir ki, onların ailəsinin paylı mülkiyyətində olan həmin torpaq sahəsinin qonşuluğundakı torpaq sahəsi isə kəndin gələcək nəsilləri üçün prespektiv torpaq sahələridir. Bu torpaq sahəsininin qıraqlarını qeyri-qanuni olaraq həmkəndlisi olan Cavabdeh zəbt edərək hasarlamışdır və torpaq sahəsi hasarlanmaqla onun əkin sahəsinə gedən yol 04 metr uzunluqda eni daraldıldığından oradan onun torpaq sahəsinə gedən yoldan minik maşını keçsə də taxıl səpmək üçün “selka” adlanan taxıl səpən və eləcə taxıl biçən kombaynın keçib getməsini mümkünsüz etmişdir. Yolun genişləndirilməsini dəfələrlə ona bildirsə də bunu etməyib. Bununla bağlı kənd bələdiyyəsinin sədrinə, kənd üzrə ərazi icra nümayəndəsinə şifahi olaraq şikayətlənsə də tədbir görülməmişdür. Hətta rayon İcra hahimiyyətində olaraq oranın işçilərinə kömək üçün şifahi olaraq müraciət etsə də oradan ona bildirmişlər ki, bu haqda məhkəməyə müraciət etməlidir. Oradan göstəriş verilərsə gedib yerində araşdırma apararlar. Məhkəmə işə yalnız Ağsu rayonunun Cəlayir Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən qətnaməsi çıxarılmışdır, hansı ki, orada göstərilmişdir: Ağsu rayonunun Cəlayir Bələdiyyəsinin əhatə etdiyi Hacıuşağı kənd ərazisində kəndin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsi ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsi arasında ümumi istifadədə 6-8 metr enində gediş gəliş yolu mövcuddur və həmin gedişgəliş yoluna heç bir müdaxilə edilməmiş və yol əvvəlki kimi kənd sakinlərinin rahat istifadəsindədir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh bələdiyyə ilə əlbir olaraq onun torpaq sahəsinə gedən yolun enini daraltmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs (iddiaçı tərəfdən) Məlikov Surəddin Salaməddin oğlu izahat verərək bildirdi ki, atası tərəfindən mübahisələndirilən yol cavabdeh tərəfindən zəbt olunub. Bu işdə cavabdehə bələdiyyə sədri himayədarlıq edir. Ona görə də ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar heç bir yolu zəbt etməmiş, yol əvvəlki vəziyyətində qalmaqdadır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək bildmişdir ki, iddiaçı onlara qarşı qərəzli olmaqla bu iddianı vermişdir. Belə ki, onlar heç bir yolu zəbt etməmişdir. Həmin yoldan istənilən texnika, hətta kombayn belə asanlıqla keçə bilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin (kənd bələdiyyəsinin) nüməyəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdehin torpaqları qonşudur. İddiaçı tərəfindən mübahisələndirilən yol hazırda mövcuddur və heç bir daralma və ya zəbt olunma yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər 3-cü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(016)-365/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağsu rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 2003-cü il tarixli, 05 nömrəli Qərarı ilə İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə 6.92 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Ağsu rayonu Cəlayir Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağsu rayonu Cəlayir Bələdiyyəsinin əhatə etdiyi Hacıuşağı kəndi ərazisində kəndin perespektiv inkişafı üçün ayrılmış torpaq sahəsi ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsi arasında ümumi istifadədə 6-8 metr enində gediş-gəliş yolu mövcuddur ki, həmin gediş-gəliş yoluna heç bir müdaxilə edilməmiş və yol əvvəlki kimi kənd sakinlərinin rahat istifadəsindədir. Apellyasiya icraatı zamanı Kəndoba kənd İƏDÜN-i tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, 63 nömrəli məktubun məzmunundan aydın olur ki, mübahisəli əraziyə baxış keçirilən zaman iddiaçının qeyd etdiyi yolun Cavabdeh həyətyanı sahəsinin şərq tərəfində yerləşməklə, cənub-şimal istiqamətində hal-hazırda mövcud olması qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən əkin sahəsinə gedən yolun zəbt edilərək 4 metr uzunluğunda daraldığını birdirsə də, o, iddia etdiklərini sübutlarla təsdiq edə bilməmişdir. Üçüncü şəxs Ağsu rayonu Cəlayir Bələdiyyəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən arayışla kəndin perespektiv inkişafı üçün ayrılmış torpaq sahəsi ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsi arasında ümumi istifadədə 6-8 metr enində gediş-gəliş yolunun hazırda da vətəndşların istifadəsində olduğu görünür. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə nəzər saldıqda görünür ki, iddiaçı öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(016)-365/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(016)-365/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar