Məhkəmə qərarları › İş №2(107)-1685/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1685/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1685/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- istifadə hüququ, ipoteka, mülkiyyət hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)-97/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(016)-29/2018 saylı qətnaməsinə əsasən cavabdehlər X6, X8, X2 müştərək qaydada cəmi 21.507,39 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Ağsu şəhəri, Səməd Vurğun küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC təhvil verilməsi qət edilmişdir. Hazırda Ağsu şəhəri, Səməd Vurğun küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 31.01.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. X1 şəhəri, Səməd Vurğun küçəsində olan 0.06 ha torpaq sahəsi üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)-97/2021 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddia təmin edilmiş, Cavabdeh Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinə istifadə hüququ itirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağsu Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli, 2(016)- 29/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X6, X11 və X2 müştərək qaydada 13.12.2013-ci il tarixli, 26R000003888 saylı kredit razılaşması üzrə qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla yaranmış 16.007,89 ABŞ dolları məbləğində kredit borcunun, 4.499,5 ABŞ dolları məbləğində faiz borcunun və 1.000 ABŞ dolları məbləğində cərimənin, cəmi 21.507.39 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 49 faiz, yəni 14,7 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının alınıb, iddiaçının hesabına ödənilməsi, tutmanın cavabdeh X4 ünvan 1 ünvanda mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 52.3 kv. metr yaşayış sahəsi, 80.5 kv. metr yardımçı sahəsi, ümumi sahəsi 132.8 kv. metr olan 1 mərtəbəli, ikiotaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün İddiaçı QSC- nin hesabına ödənilməsi, həmin yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan 31.01 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 132.8 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin adına qeydə alınmışdır. Məhkəmənin sorğusu əsasında Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məktubdan görünür ki, Cavabdeh 1980-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 178.1 –ci, 203.1 –ci, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən işə üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məhkəmə bildirişləri ünvanlanmamış, ünvan 3 ünvanına göndərilən zaman belə bir işin olmasından xəbərdar olmuşdur. Məhkəmə qanunvericiliyin tələblərinə riayət etmədən, prosessual pozuntuya yol verməklə, yalnızca iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)-97/2021 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını, İddiaçı QSC-nin ona qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına iddiaçının nümayəndəsi tərəfindən məlumat verilmiş, Cavabdeh tərəfindən isə belə bir məlumat daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)-97/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)- 97/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Ağsu Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli, 2(016)- 29/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X6, X11 və X2 müştərək qaydada 13.12.2013-ci il tarixli, 26R000003888 saylı kredit razılaşması üzrə qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla yaranmış 16.007,89 ABŞ dolları məbləğində kredit borcunun, 4.499,5 ABŞ dolları məbləğində faiz borcunun və 1.000 ABŞ dolları məbləğində cərimənin, cəmi 21.507.39 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 49 faiz, yəni 14,7 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının alınıb, iddiaçının hesabına ödənilməsi, tutmanın cavabdeh X4 ünvan 1 ünvanda mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 52.3 kv. metr yaşayış sahəsi, 80.5 kv. metr yardımçı sahəsi, ümumi sahəsi 132.8 kv. metr olan 1 mərtəbəli, ikiotaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün İddiaçı QSC-nin hesabına ödənilməsi, həmin yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır; Belə ki, Ağsu Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(016)-29/2018 saylı qətnaməsinə əsasən cavabdehlər X6, X8, X2 müştərək qaydada cəmi 21.507,39 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Ağsu şəhəri, Səməd Vurğun küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC təhvil verilməsi qət edilmişdir. Hazırda Ağsu şəhəri, Səməd Vurğun küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 31.01.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ vardır. Kollegiya hesab edir ki, mübahisəli fərdi yaşayış sahəsinə dair iddiaçının adına qeydiyyatın aparılması ilə Cavabdeh hüquqlarına xitam verilmiş, iddiaçının isə bu yaşayış sahəsi üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülkiyyətində olan evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin göstərilən yaşayış sahəsindən könüllü olaraq çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan yaşayış sahəsinə cavabdehin istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)-97/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(016)-97/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar