Məhkəmə qərarları › İş №2(107)-1687/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1687/2021

02.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1687/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Dızaxlı Bələdiyyəsinin sədri X1 və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Dızaxlı Bələdiyyəsinə və Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı "su arxının əvvəlki vəziyyətə gətirilməsi, su arxının hasardan kənara çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(025)-752/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Su arxının cavabdeh tərəfindən əvvəlki qaydaya salaraq aşağı istifadəçilərə şərait yaratması.

2. Həmin su arxının qanunda nəzərdə tutulmuş 2 metr məsafə ilə hasardan kənara çıxarılması. 3. Onlara gələn maddi ziyanın onun təqsirli hərəkəti nəticəsində quruyan ağaclar və əkin sahəsi. 4 Mənəvi ziyana gəldikdə bələdiyyə, polis və icra və Məhkəmə yolunda qoyulan xərc cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(025)-752/2021 nömrəli (hаkim E.İsayev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən şikаyət verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

İşin faktiki halları:

İddia tələbi onunla əsaslandırılmışdır ki, sovet vaxtı kənd təsərrüfatı təyinatlı istifadə olunan kiçik su arxı Sovet dağılandan sonra torpaq islahatı zamanı Cavabdeh torpağının baş hissəsinədək keçərək, aşağıda adları çəkilən şəxslərin kənd təsərrüfatı təyinatlı suvarma arxı cavabdeh tərəfindən doldurulmuş və indiki halda nə kənd təsərrüfatı və həyətyanı suvarılması mümkün olmadığından onlar aşağı istifadəçilərə maddi ziyan vurmuşdur. Torpaq islahatı gedən zaman torpaq islahatı komissiyası tərəfindən həmin aşağı istifadəçiləri nəzərə alaraq həmin su arxı Cavabdeh kənd təsəürrüfatı təyinatlı torpağına salınmamış həmin su arxı hesab edir ki, həmin arxdan iki metr məsafə saxlanaraq aşağı istifadəçilərin istifadəsi nəzərə alınmışdır. İkram isə nəzərə alınmamasını iddia edir. Hesab edir ki, torpaq islahatı vaxtı o, torpaq islahatı komissiyasına müraciət edib həmin vaxt torpaq islahatı komissiyası tərəfindən saxlanmaması barədə əlində əsas olmalıdır ki, həqiqətən o, bildirib su arxı saxlanılmamışdır. Belə ki, Cavabdeh tutduğu hərəkət Mülki Məcəllənin 506-cı maddəsinə əsasən hüququndan sui istifadənin qadağan edilməsi 506.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. O, Qəribov X4 İkram Şaban oğlunun hərəkətindən Dızaxlı kənd İcra Hakimiyyətinin nümayəndəsinə, həmin kəndin sahə polisinə və bələdiyyə sədrinə, Rayon İcra Hakimiyyətinə müraciət etmiş və son nəticə mübahisəli məsələ olduğundan Məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Bələdiyyə sədri Abdullayev Rəşada həmin su arxının Cavabdeh həyətindən keçməsi ilə əlaqədar sizin torpaq haqqında əlinizdə olan (karta) xəritə ilə aydınlaşdırıb. Məhkəməyə vermək üçün ona əsas verir. O, isə ona yalan-imtina edərək məhkəmənin bildirişi əsasında göndərəcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsini nəticə etibarı ilə mümkün olmayacağından və ya təmin olacağından ehtiyyat etməyə əsası olan şəxslər bu sübutların təqdim olunmasını Məhkəmədən xahiş edə bilərdilər. Məhkəmədən xahiş etmişdir ki, Ünvan Reyistr Xidmətinin Kadastrı və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzinə sorğu göndərsin. Bildirmək istəyir ki, ona icra nümayəndəsi və bələdiyyə sədri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə vəzifə səlahiyyətlərindən sui istifadə edərək həmin müqaviləni gizlədərək 11 il ərzində heç bir sovetlik və bələdiyyələr tərəfindən heç bir irad tutulmamışdır. Bunların bu hərəkətlərinə görə bütün lazımi sənədlər iddia ərizəsinin içərisində qeyd olunaraq təqdim etmişdir. Bu baxımdan da bələdiyyə sədrinin və icra nümayəndəsinin hərəkətlərinə görə ki, Alışanov İkramı müdafiə edərək aşağıda adları çəkilən su istifadəçilərinə su verilməməsi Alşanovun şəxsi mülkiyyəti hesab etməsi bir daha bildirir ki, həmin su arxı Cavabdeh tərəfindən zəbt edilmiş və kadastrdan və bələdiyyənin kartasının gizlədilməsi ilə əlaqədar bir daha qanunun 81.5-ci maddəsinə istinad edərək Məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar:

Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Dızaxlı Bələdiyyəsinin sədri X3 izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, həmin torpaq sahəsi ilə bağlı 2009-cu il tarixdə 3 il müddətinə iddiaçının qardaşı ilə icarə müqaviləsi bağlansa da, sonradan müqavilənin müddəti uzadılmamışdır. Bununla bağlı iddiaçı tərəfə təklif olunsa da, sonda iddiaçı tərəf yeni müqavilə rəsmiləşdirməkdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi bələdiyyənin ərazisidir. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Lakin iddiaçı müxtəlif üsullarla onlara təsir göstərməyə çalışır. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işə cəlb edilmiş digər 3-cü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. .

Hüquqi məsələlər:

Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(025)-752/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-104 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.01 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Dızaxlı Bələdiyyəsi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş 49 saylı arayışdan görünür ki, Qəbələ rayon Dızaxlı kənd sakini İddiaçı iddia etdiyi ərazi ona məxsus deyil və heç bir hüquqi sənədi yoxdur. Qəbələ rayon İHB Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş 95 saylı arayışdan görünür ki, İddiaçı iddia etdiyi ərazi ona məxsus deyil və heç bir hüquqi sənədi yoxdur Kollegiya mübahisəyə aydınlıq gətirməsi məqsədilə tərəflərin iştirakı ilə 08.09.2021-ci il tarixdə yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hər hansı mülkiyyət (o cümlədən, istifadə və ya sahiblik) hüququnu təsdiq edən sənəd mövcud deyil. Həmin torpaq sahəsi ilə bağlı iddiaçının təqdim etdiyi sənəd yalnız 2009-cu il tarixdə 3 il müddətinə, İlqar Qəribov adlı şəxslə bağlanmış icarə müqaviləsi olmuşdur ki, həmin müqavilənin də müddəti bitmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq hüquq normalarının təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin faktiki halından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ona məxsus deyildir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. Kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(025)-752/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(025)-752/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar