Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-170/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ üzrə ona məxsus olan “Mercedes Benz C230” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1820 (bir min səkkiz yüz iyirmi) manat maddi zərərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cəmi 1860 (bir min səkkiz yüz altmış) manat pul məbləğinin cavabdeh Zaqatala rayonu Maqov kəndində yaşayan Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Zaqatala rayonu, Maqov kəndində yaşayan Cavabdeh sürücülük hüququ olmadan, eyni zamanda idarə etdiyi motosikletin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi İJ markalı motosikletlə üzü Zaqatala şəhəri istiqamətində hərəkət etmiş, sonradan yolun sağ çiyninə çıxaraq geriyə dönmə əməliyyatı aparmaq məqsədi ilə yolun hərəkət hissəsinə çıxmaqla geriyə dönmə əməliyyatı apardığı zaman üzü Zaqatala şəhəri istiqamətində hərəkətdə olan idarə etdiyi “Mercedes Benz C 230” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə idarə etdiyi avtomobilə 1820 manat maddi zərər dəymişdir. Zaqatala rayon polis şöbəsinin TBdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış material əsasında təqsirkar Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi haqqında 7 dekabr 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən mülki iş üzrə Cavabdeh təqsirli bilinmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsinə dair dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh dəymiş zərərin əvəzini ödəməkdən boyun qaçırdığı və mülki məsuliyyətdən yayındığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işə əlavə olunan “Avtoservis 100” sexindən götürülmüş zərər aktından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür, avtomobilinə dəymiş zərər 1820 manatdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia tələbi təmin edilmiş, Cavabdeh 1820 (bir min səkkiz yüz iyirmi) manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi, 1,80 (bir manat səksən qəpik) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində motodəbilqə geymədən, sürücülük hüququ olmadan və idarə etdiyi «İj» markalı motosikletin dövlət qeydiyyat nişanları olmadan üzü Zaqatala şəhəri istiqamətində hərəkət edərkən sonradan yolun sağ çiyninə çıxaraq geriyə dönmə əməliyyatı apararkən «X10» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə Zaqatala şəhəri istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1820 manat maddi zərər dəymişdir. Qeyd edilən hallar 7 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmışdır. Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 332.4 və 342.1.3-cü maddələrinin tərkibi olduğundan Zaqatala rayon polis X4 təhqiqatçısı Namiq Orucov tərəfindən 7 dekabr 2021-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar cavabdeh barəsində tədbir görülməsi üçün Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Zaqatala RPŞ DYPB tərəfindən iş üzrə icraat aparılan Cavabdeh olduğu yerin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 342.4 və 332.4-cü maddələrinə əsasən inzibati icraatın açılması qərara alınmış, daha sonra inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Hazırda İddiaçı 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində baş vermiş yol nəqliyyat hadissəsi zamanı onun əmlakı olan “Mercedes benz C230” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1820 manat zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmiş, iddianın rədd olunmasına əsas ola biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsi mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqaziddliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan hallarla bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarətdir ki, məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasında müəyyən edilən hallardan da görünür ki, Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına 1820 manat maddi zərər dəymişdir və buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği 1820 manat həcmində müəyyən edilməlidir. Belə ki, zərərin məbləği cavabdeh tərəfindən də mübahisələndirilməmiş, eyni zamanda cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla da İddiaçı məxsus «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş ziyanın məbəği 1820 manat məbləğində müəyyən edilmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 1820 manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş, iddia tələbinin məbləğinə mütənasib olaraq 38.20 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 1,80 manat iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3, 1115-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 106.1, 119.1, 217.4 və 218.3-ci maddələri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 65.4, 87.1-ci maddələri, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997ci il tarixli 4 saylı Qərarları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işi hərtərəfli tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, yəni dəymiş zərəri dəqiq müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. İddiaçı öz tələbini sübut edə bilməmiş, yəni zərər aktında qeyd olunan ehtiyat hissələrinin alınmasına dair ödəniş qəbzlərini, avtomobili təmir edən ustalara ödədiyi xidmət haqqı qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qətnamədən göründüyü kimi hadisə 2 il bundan əvvəl baş vermişdir və iddiaçı çoxdan avtomobili təmir etmiş və istifadə edir. Belə olan halda o, məhkəməyə təmirlə xərclədiyi pulun hesabatına dair sənəd təqdim etməli idi. Məhkəmə isə bu barədə ümumiyyətlə sorğu sual etməmiş və araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən avtomobilə dəymiş zərəri səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş zərər aktına əsasən müəyyən etmişdir. Avtomobildə zədələnmiş hissələr qabaq bir tərəfdə yerləşən işıq fənəri və avtomobilin qabaq bir qanadı olmuşdur. Bu hissələrə görə dəymiş zərər 1820 manat təşkil edə bilməz. Burada mübahisənin düzgün həlli üçün, MPM-in 97-ci maddəsinə əsasən ekspertiza təyin edilməlidir, ona görə ki, xüsusi bilik tələb olunan suallara izah versin, məhkəmə ekspertizanı öz təşəbbüsü ilə də təyin edə bilərdi, lakin bunu etməmiş və yüksək qiymət etməklə iddiaçının əsassız varlanmasına şərait yaratmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə prosessual hüquq normalarının, eyni zamanda maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi” 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı: 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni tutulan pulun məbləğinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsi «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 1820 manat hissəsi, «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 1720 manat şəklində dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində motodəbilqə geymədən, sürücülük hüququ olmadan və idarə etdiyi «İj» markalı motosikletin dövlət qeydiyyat nişanları olmadan üzü Zaqatala şəhəri istiqamətində hərəkət edərkən sonradan yolun sağ çiyninə çıxaraq geriyə dönmə əməliyyatı apararkən «X10» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə Zaqatala şəhəri istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1820 manat maddi zərər dəymişdir. Qeyd edilən hallar 07 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmışdır. Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 332.4 və 342.1.3-cü maddələrinin tərkibi olduğundan Zaqatala rayon polis X4 təhqiqatçısı Namiq Orucov tərəfindən 7 dekabr 2021-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar cavabdeh barəsində tədbir görülməsi üçün Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Zaqatala RPŞ DYPB tərəfindən iş üzrə icraat aparılan Cavabdeh olduğu yerin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 342.4 və 332.4-cü maddələrinə əsasən inzibati icraatın açılması qərara alınmış, daha sonra inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Hazırda İddiaçı 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində baş vermiş yol nəqliyyat hadissəsi zamanı onun əmlakı olan “Mercedes benz C230” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1820 manat zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmiş, iddianın rədd olunmasına əsas ola biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçı öz tələbini sübut edə bilməmiş, yəni zərər aktında qeyd olunan ehtiyat hissələrinin alınmasına dair ödəniş qəbzlərini, avtomobili təmir edən ustalara ödədiyi xidmət haqqı qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, şikayət əsassızdır. İşdə olan Zaqatala Rayon Polis X4 təhqiqatçısı X5 tərəfindən 07 dekabr 2021-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, vət. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 332.4 və 342.1.3-cü maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Zaqatala RPŞ-nin DYPB-nə göndərilməsi, vət. İddiaçı məxsus «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş 1820 manat ziyanın ödətdirilməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İşdə olan Avtoservis 100 X1 tərəfindən 23 sentyabr 2021-ci il tarixdə verilmiş 48 nömrəli avtomobilə dəymiş zərər aktından görünür ki, İddiaçı məxsus «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1820 manatdır. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, avtomobildə zədələnmiş hissələr qabaq bir tərəfdə yerləşən işıq fənəri və avtomobilin qabaq bir qanadı olmuşdur. Bu hissələrə görə dəymiş zərər 1820 manat təşkil edə bilməz. Burada mübahisənin düzgün həlli üçün, MPMin 97-ci maddəsinə əsasən ekspertiza təyin edilməlidir ona görə ki, xüsusi bilik tələb olunan suallara izah versin, məhkəmə ekspertizanı öz təşəbbüsü ilə də təyin edə bilərdi, lakin bunu etməmiş və yüksək qiymət etməklə iddiaçının əsassız varlanmasına şərait yaratmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili qismən əsaslıdır. Məhkəmə Kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2- 9/179/2024 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, iş materiallarında olan “Avtoservis 100” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1720 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaçıya vurmuş olduğu maddi zərər ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsi «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 1820 manat hissəsi, «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 1720 manat şəklində dəyişdirilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan tərəflərin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsi dəyişdirilsin. «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 1720 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Zaqatala Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(033)-786/2023 saylı qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-170/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-170/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver