Məhkəmə qərarları › İş №2(107)-1700/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1700/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1700/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(046)-946/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və zaminlərindən müştərək qaydada cəmi 9579.12 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə prosesinin gedişində vəsatətlə müraciət edərək mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə (cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsi qeyd etmişdir) gösndərilməsini xahiş etmişdir. Cavabdeh2 ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı AccessBank» QSC-nin iddia ərizəsindən göründüyü kimi iddia tələbi bilavasitə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsə, yəni özünə qarşı yönəldilmişdir. İddiaçı QSC də hüquqi şəxsdir. Həmçinin Bankdan götürülmüş pul da sahibkarlıq fəaliyyətimin inkişafına xərclənmiş və mülki iş üzrə cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Bu səbəbdən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə iqtisadi mübahisədir və buna görə də mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 11 iyun 2021-ci il tarixli 2(046)- 946/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Sözügedən qərardaddan narazı qalan cavabdeh şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işi Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməli olduğu halda MPM-nin 26.1 maddələrini pozaraq idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid olmasına baxmayaraq vəsatətini təmin etməmişdir. Göyçay Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işin materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadının mahiyyətinə toxunulmadan, həmin qərardaddan irəli gələn 05.07.2021-ci il tarixli qərardad qismən- “qərardaddan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, iddia ərizələrinin məhz məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair qərardadlardan verilən şikayətlərə baxılması zamanı da qeyd edilən məsələlər nəzərə alınmalıdır. Belə ki, MPM-lə iddia ərizəsinin geri qaytarılmasına dair qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, iddia ərizəsinin məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadlarının apelyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılması faktiki olaraq məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnmiş olacaqdır. Bu isə qanunvericiliyə edilmiş son dəyişikliklərin məqsədinə zidd olmaqla yanaşı, məhkəmə aidiyyəti ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin olunmasına da maneə yaradacaqdır. Odur ki, belə hallarda apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə mahiyyəti üzrə toxunmadan, sadəcə bu əsasla iddia ərizəsinin geri qaytarılmasının qanunsuzluğuna istinad etməklə həmin qərardadın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin; 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (MPM-in 25-ci maddəsi). 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləlilkə yuxarıda qeyd olunanları və tətbiq edilməli olan hüquq normalarını əsas tutaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin şikayəti baxılması üçün Şəkiu Apellyasiya Məhkəməsinə göndərilməsi barədə mövqeyi səhvdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Ona görə də kollegiya məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə mahiyyəti üzrə toxunmadan, sadəcə bu əsasla iddia ərizəsinin (vəsatətin təmin edilməməsi) geri qaytarılmasının (yolverilməzliyinin) qanunsuzluğuna istinad etməklə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadın mahiyyətinə toxunulmadan, 05 iyul 2021-ci il tarixli, 2(046)-946/2021 nömrəli qərardadı qismən, yəni- “qərardaddan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilməli və Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadının mahiyyətinə toxunulmadan, həmin qərardaddan irəli gələn 05.07.2021-ci il tarixli qərardadı qismən- “qərardaddan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilsin və mülki iş Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə Göyçay Rayon Məhkəməsinə qaytarılsın.. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar