Məhkəmə qərarları › İş №2(107)-1706/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1706/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1706/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcu, faiz, problemli kredit) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tаrixli, 2(037)-484/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) 1095,18 ABŞ dolları əsas, 711,27 ABŞ dolları faiz, 1014,14 ABŞ dolları cərimə, 195,60 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 3016,19 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı ilə birinci cavabdeh arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 19_USD nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Birinci cavabdeh krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. İddiaçı cavabdehlərdən 1095,18 ABŞ dolları əsas, 711,27 ABŞ dolları faiz, 1014,14 ABŞ dolları cərimə, 195,60 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 3016,19 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “Kredobank" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tаrixli, 2(037)-484/2021 saylı qətnaməsi ilə (R.Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 1861,80 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 1891 (bir min səkkiz yüz doxsan bir) manat 80 (səksən) qəpik tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə birinci cavabdeh arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 19_USD nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin İsmayıllı filialı ilə ikinci cavabdeh arasında 03 avqust 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 1042,73 manat kompensasiya ödənilmiş və 1861,80 manat qalıq borcu qalmışdır. İddiaçı cavabdehlərdən 1095,18 ABŞ dolları əsas, 711,27 ABŞ dolları faiz, 1014,14 ABŞ dolları cərimə, 195,60 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 3016,19 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “Kredobank" ASC-yə ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab etmişdir ki, iddiaçı 03 avqust 2015-ci il tarixli, 19_USD nömrəli kredit müqaviləsi üzrə 1095,18 ABŞ dolları əsas, 711,27 ABŞ dolları faiz, 1014,14 ABŞ dolları cərimə, 195,60 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 3016,19 ABŞ dolları kredit borcunu ikinci cavabdehdən tələb etməkdə haqlı deyil. Çünki həmin müqavilə üzrə kredit 24 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 03 avqust 2017-ci il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək, yəni 03 avqust 2019-cu ilədək qaldıra bilərdi. İddiaçı cavabdeh zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onun zaminliyinə xitam verilməlidir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, birinci cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 01 mart 2019-cu il tarixinə kredit borcu üzrə əsas qalıq borcu 1861,80 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərdən tələb etdiyi əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalmış qalıq borca bərabərdir. Birinci cavabdeh müqavilə bağlanılması üçün iddiaçıya müraciət etməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə hesablanmış 1042,73 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldilmiş, qalıq borcunun məbləği 1861,80 manat müəyyən edilmişdir. Ona görə də borc məbləği Fərmana uyğun olaraq manatla müəyyən edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbi qismən, 23 fevral 2015-ci il tarixli, 101 İK_USD nömrəli kredit müqaviləsi üzrə birinci cavabdehdən 1861,80 manat əsas borc məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, birinci cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 448.1-ci, 449.1-ci, 477.0.4-cü maddələri, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-484/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18.06.2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və iş üzrə bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş müvafiq kredit sənədləri əsasında da borclunun öz öhdəliklərini lazımınca yerinə yetirmədiyini aydın görmək olar. Bu hallar birinci instansiya məhkəməsində tərəflərin verdiyi izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin məhkəmə əsassız olaraq qətnamədə yalnız əsas borc məbləğini təmin etmiş, müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcunu təmin etməmişdir. Müvafiq borc məbləğlərindən yalnız əsas borc məbləğinin təmin olunma əsası kimi isə kredit borclarının restrukturizasiyası ilə əlaqədar Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı qeyd edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” müəyyən edilmişdir. Həmin Qaydaların 6.15-ci bəndində qeyd edilmişdir ki, “Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür.” Həmin Qaydanın 6.16-cı bəndinə əsasən isə, “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.” Azərbaycan Respublikası MBNP tərəfindən tərtib edilmiş qaydalara əsasən kredit götürən şəxsin müvafiq kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiya məqsədi ilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətin son günü 31.12.2019-cu il tarix müəyyən edilmişdir. Bir daha qeyd etmək istərdik ki, sözügedən mülki iş üzrə cavabdeh ona edilən müraciətlərə və kreditin restrukturizasiyası ilə bağlı bildirişə baxmayaraq bugünədək bankın ləğvedicisinə ərizə ilə müraciət etməmişdir.Eyni zamanda bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014cü il tarixli qərarını nəzərə almamışdır. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-484/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsi ilə faiz borcu, cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tаrixli, 2(037)-484/2021 saylı qətnaməsinin faiz borc, cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni əsas borca görə yaranmış 711,27 manat faiz, 1014,14 manat cərimə və 195,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcuna aid hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tаrixli, 2(037)-484/2021 saylı qətnaməsini 711,27 manat faiz, 1014,14 manat cərimə və 195,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcuna və zaminə olan münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tаrixli, 2(037)-484/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “İddiaçı ASC-nin İsmayıllı filialı ilə birinci cavabdeh arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 19_USD nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin İsmayıllı filialı ilə ikinci cavabdeh arasında 03 avqust 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 1042,73 manat kompensasiya ödənilmiş və 1861,80 manat qalıq borcu qalmışdır. İddiaçı cavabdehlərdən 1095,18 ABŞ dolları əsas, 711,27 ABŞ dolları faiz, 1014,14 ABŞ dolları cərimə, 195,60 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 3016,19 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “Kredobank" ASC-yə ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 01 mart 2019-cu il tarixinə kredit borcu üzrə əsas qalıq borcu 1861,80 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərdən tələb etdiyi əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalmış qalıq borca bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Birinci cavabdeh müqavilə bağlanılması üçün iddiaçıya müraciət etməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman birinci cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə hesablanmış 1042,73 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldilmiş, qalıq borcunun məbləği 1861,80 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021ci il tаrixli, 2(037)-484/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tаrixli, 2(037)-484/2021 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar