Məhkəmə qərarları › İş №2(107)-1714/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1714/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1714/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maşının qaytarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-566/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh alınıb maşınının ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 03 iyun 2021-ci il tarixli, 2(033)- 566/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.09.2020-ci il tarixdə X6 ona məxsus olan Vaz 21074 markalı 2010-cı il buraxlışlı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilini nisyə alış-verişlə aralarındakı razılaşmaya əsasən 21 ay müddətinə hər ayın 10-u 320 manat ödəmək şərti ilə satmışdır. Razılaşmaya görə 09.09.2020-ci il tarixdə avtomobili 2 aylıq idarə etməyə etibarnamə vermişdir. X11 onunla alış-veriş edərkən yanında X12 olmuşdur. Tural Məmmədovu ona xalası oğlu kimi təqdim etmişdir. Heç bir ödəniş etmədən avtomaşını aparmışlar. 20 oktyabr 2020-ci ildə X12 gələrək yalvarıb yaxarıb xahiş etmişdir ki, “müharibədir biraz gözlə pulu verəcəyik, güzəştə get. Maşın lazımdır idarə etməyə”. O da Turala inanmışdır. Yenidən ondan xahiş etmişdir ki, “1 ay 20 günlük qaynatasına etibarnamə versin idarə etmək üçün” və sənədləri ona təqdim etmişdir. Sənədlər Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi idi. O da idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 2 ay bundan öncə Cavabdeh evinə gələrək müraciət etmişdir ki, “məni aldatmışlar saxta etibarnamə ilə ondan X12 5500 (beş min beş yüz) manat pul alıb”. Hazırda ona məxsus maşın Zaqatala rayonunda Cavabdeh həyətindədir. Polisə müraciət etmişdir, deyirlər maşını götürmək üçün məhkəməyə müraciət etmək lazımdır. Qeyd olunan iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində ona etibarnamə verilən yəni 20 oktyabr 2020-ci il tarixədək olan məlumatların doğru olub-olmadığını deyə bilməz. Amma ona etibarnaməni Sürəyya qızı vermişdir. Həmin Etibarnamə ona 1 il 20 gün müddətinə verilmişdir. Ona İddiaçı etibarnamə verməmişdir. Belə ki, 21.10.2020-ci il tarixdə X1 20.10.2020-ci il tarixli etibarnamə əsasında **-HT-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı Minik avtomobilini faktiki olaraq 5500 manat ödəniş etməklə almışdır. Həmin avtomobili 18.10.2020-ci il tarixində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Avtomobil bazarında görmüşdür. Həmin avtomobil bazarı həftədə 1 dəfə yenə hər həftənin bazar günü işləyir. Adını unutduğu bir nəfər şəxslə avtmobili 5500 manat qiymətində razılaşmışdır. Həmin günü-18.10.2020-ci tarixdə həmin şəxs avtomobili onun həyətinə gətirib qoymuşdur. Bundan sonra həmin avtomobilə sənəd düzəltmək adı ilə getmiş və 2 gündən sonra onun adına etibarnamə gətirmişdir. O, 18.10.2020-ci il tarixdə sənədləşmə işləri üçün həmin şəxsə öz şəxsiyyət vəsiqəsini və 200 manat qabaqcadan pul vermişdir. Bundan sonra 21.10.2020-ci il tarixdə həmin şəxs bir gün qabaq ona verilən etibarnaməni və şəxsiyyət vəsiqəsini gətirmişdir. 21.10.2020-ci il tarixində o, həmin şəxsə 5300 manat pul vermişdir. Həmin şəxslə aralarında danışıq olmuşduki ona baş etibarnamə (generalni davernost) verəcəkdir. Lakin o, etibarnaməni götürən zaman həmin etibarnamədə nə yazıldığını bilməmişdir. O, kifayət qədər yaşlı adamdır və bu latın qrafikası ilə yazını oxuya bilmir. . Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli avtomobili tanımadığı şəxsdən 5500 manata almışdır. Sonradan məlum olmuşdur ki, avtomobilin sənədləri saxtalaşdırılmışdır. Avtomobili aldığı adam hazırda cəzaçəkmə müəssisəsindədir. Hazırki işlə bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi açılmış və o zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi ətraflı araşdırma apararaq obyektiv qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)- 566/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 20.10.2020-ci il tarixdə verilmiş ƏN-V seriyalı 397532 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı adından X4 VAZ 21074 minik markalı ******* mühərrik nömrəli XTA210740A2953254 Ban nömrəli, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1 ay 20 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün vermişdir. Etibarnamə 10.12.2020-ci il tarixədək qüvvədədir. Etibarnamə imza qrafasında “Salamzadə” qeydi edilməklə imzalanmışdır. 20.10.2020-ci il tarixdə verilmiş ƏN-V seriyalı 397532 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı adından X4 VAZ 21074 minik markalı ******* mühərrik nömrəli XTA210740A2953254 Ban nömrəli ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1 il 20 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün vermişdir. Etibarnamə 10.11.2021-ci il tarixədək qüvvədədir. Etibarnamə imza qrafasında “Salamzadə” qeydi edilməklə imzalanmışdır. 145754 nömrəli 23.09.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X2 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam vermək, öz mülahizələrinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş əqdləri bağlamağı və s. etibar etmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli 016-58779-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına görə «VAZ-21074» markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.07.2020-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1947-ci il təvəllüdlü X7 adında qeydiyyatdadır. Məktuba avtomobil və etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışı əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, 20.10.2020-10.12.2020-ci il müddəti üçün Cavabdeh etibarnamə verilmişdir. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən 18.05.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Vaz-21074 minik markalı 90HT442 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 2 ünvanında Cavabdeh həyətində yerləşir və hal-hazırda sürülmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Mə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Belə ki, işin mübаhisəsiz hаlı оndаn ibаrətdir ki, 09.09.2020-ci il tarixdə X6 ona məxsus olan Vaz 21074 markalı 2010-cı il buraxlışlı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilini nisyə alış-verişlə aralarındakı razılaşmaya əsasən 21 ay müddətinə hər ayın 10-u 320 manat ödəmək şərti ilə satmışdır. Razılaşmaya görə 09.09.2020-ci il tarixdə avtomobili 2 aylıq idarə etməyə etibarnamə vermişdir. X11 onunla alış-veriş edərkən yanında X12 olmuşdur. Tural Məmmədovu ona xalası oğlu kimi təqdim etmişdir. Heç bir ödəniş etmədən avtomaşını aparmışlar. 20 oktyabr 2020-ci ildə X12 gələrək yalvarıb yaxarıb xahiş etmişdir ki, “müharibədir biraz gözlə pulu verəcəyik, güzəştə get. Maşın lazımdır idarə etməyə”. O da Turala inanmışdır. Yenidən ondan xahiş etmişdir ki, “1 ay 20 günlük qaynatasına etibarnamə versin idarə etmək üçün” və sənədləri ona təqdim etmişdir. Sənədlər Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi idi. O da idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 2 ay bundan öncə Cavabdeh evinə gələrək müraciət etmişdir ki, “məni aldatmışlar saxta etibarnamə ilə ondan X12 5500 (beş min beş yüz) manat pul alıb”. Hazırda ona məxsus maşın Zaqatala rayonunda Cavabdeh həyətindədir. Polisə müraciət etmişdir, deyirlər maşını götürmək üçün məhkəməyə müraciət etmək lazımdır. Çünki Cavabdeh aldadıldığı üçün maşını qaytarmaq istəmir. Məhkəmə kollegiyası özünün mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş etibarnamələrdəki iradə ifadəsi mübahisəli fərdi yaşayış evinin müəyyən məbləğ qarşılığında iddiaçının xeyrinə özgəninkiləşdirilməsinə yönəlməmişdir. Halbuki, Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Digər tərəfdən isə Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir. Eləcə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Beləliklə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçının nümayəndəsi X5 bu avtomobillə bağlı Cavabdeh verdiyi etibarnamənin qüvvədə olma müddəti başa çatmış, lakin mübahisəli nəqliyyat vasitəsi iddiaçıya geri qaytarılmamışdır. Göründüyü kimi, mübahisəli avtomobil Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-566/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar