Məhkəmə qərarları › İş №2(107)-1716/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1716/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1716/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 16.500 (on altı min beş yüz) ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh ilə bir müddət öncə tanış olmuş və bir-birlərinə etibarlıqları yaranmışdır. Cavabdeh iddiaçı ilə danışaraq ortaq iş görmələrini təklif etmişdir. Belə ki, cavabdeh əvvəlcə iddiaçıya kafe, sonra isə gözəllik salonu açaraq işlətməsini təklif etmiş, o da öz növbəsində razılaşaraq hissə-hissə cavabdehə pul ayırmasına razılıq vermişdir. Bu minvalla iddiaçı 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayı da daxil olmaqla ümumilikdə cavabdehə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini faizsiz olaraq borc vermiş və hər dəfə də Fəzilət iddiaçıdan pul götürərkən iddiaçıya məxsus qeyd dəftərçələrində öz xətti ilə götürdüyü məbləğləri qeyd etmişdir. Cavabdeh icarəyə qeyri-yaşayış sahəsi götürüb, oranı təmir etdirib, salon kimi fəaliyyətə başlamalı idi və bu məqsədlə də iddiaçıdan borc olaraq hissə-hissə ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Qarşılıqlı razılaşmaya əsasən Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu «salon» işə düşəndən sonra qısa müddətdə qaytarmağı və bundan sonra isə iddiaçıya əlavə hörmət edəcəyini vəd etmişdir. Lakin artıq uzun müddət keçməsinə baxmayaraq Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu qaytarmır. Həmçinin sonradan məlum olmuşdur ki, Fəzilət hərhansı bir yeni obyekt götürməmiş və oranı təmir etdirməmişdir. İddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar iddiaçı dəfələrlə cavabdehin işlədiyi gözəllik salonuna getmiş və borcunu ondan tələb etmişdir. Belə günlərin birində cavabdeh onunla kobud rəftar etmiş və cavabdeh onu döymüşdür. Buna görə də cavabdehin qeyd edilən hərəkətləri barədə Bakı şəhəri, Nərimanov RPİ-nə şikayət etmişdir. Polis İdarəsində araşdırma aparılmış və cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də hazırda iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsi ilə (hakim C.İmanov) iddia qismən təmin edilməsi, Cavabdeh 2000 (iki min) ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə alınaraq İddiaçı verilməsi və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, İş üzrə 250 manat ekspertiza xərcinin 220 manatı İddiaçı, 30 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X3, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİKCTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, cavabdehə 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayı da daxil olmaqla ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini faizsiz olaraq borc vermişdir. İddiaçının deməsinə görə Cavabdeh icarəyə qeyri-yaşayış sahəsi götürüb, oranı təmir etdirib, salon kimi fəaliyyətə başlamalı idi. Qarşılıqlı razılaşmaya əsasən Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu «salon» işə düşəndən sonra qısa müddətdə qaytarmağı və bundan sonra isə iddiaçıya əlavə hörmət edəcəyini vəd etmişdir. İddiaçı bildirmişdir ki, cavabdehə borc olaraq vermiş olduğu 16 500 dollar pul vəsaiti cavabdeh tərəfindən ona qaytarılmamışdır. Buna görə də iddianın tam şəkildə təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddiaçıdan hissə-hissə olmaqla cəmi 7500 dollar pul aldığını qeyd etmişdir. Cavabdeh almış olduğu borc məbləğini faizi ilə birlikdə iddiaçıya geri ödəməsini bildirmiş, buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilən hallar təxmini də olsa işdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 24 fevral 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da aydın olur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə 16 500 dollar pul vəsaitini verməsini iddia etsə də o MPM-nin 77-ci maddəsinin tələbləri baxımından bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh iddiaçıdan 7500 dollar pul vəsaitinin almasını etiraf etmişdir. Həmçinin cavabdeh almış olduğu 7500 dolların tam şəkildə iddiaçıya ödəməsini bildirmiş, həmin pulun iddiaçıya geri ödəməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh məhkəməyə iddiaçıya məxsus olan səs yazısını təqdim etmiş və iddiaçı həmin səs yazısında cavabdehin ona 2000 dollar borcunun qaldığını bildirmişdir. İddiaçı səs yazısının ona məxsus olmadığını bildirmiş, buna görə də məhkəmə fonoskopik ekspertiza təyin edərək səs yazısının iddiaçıya aid olmasını müəyyən etmişdir. Cavabdehin özünün də qeyd etdiyi kimi onun iddiaçıdan almış olduğu 7500 dolların iddiaçıya geri qaytarılması barədə hər hansı sübutunun olmamasını nəzərə alaraq iddiaçıya məxsus tədqiq edilən səs yazısında iddiaçının cavabdehin ona 2000 dollar borcunun qalmasını bildirməsini məhkəmə, cavabdeh tərəfindən iddiaçıdan alınan 7500 dolların 5500 dollarının iddiaçıya ödənilməsi kimi, 2000 dolların isə ödənilməməsi kimi qiymətləndirərək hal-hazırda cavabdehin iddiaçıya 2000 ABŞ dolları borcunun qalmasını qəbul edir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh 2000 (iki min) ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi verilmiş pul borcunun qaytarılması ilə bağlı olduğundan bu münasibət mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 24 fevral 2020-ci il tarixli cinayət işinin Başlanılmasının rədd edilməsi barədə qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarı, Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 740-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işə baxılarkən qərəzli münasibət nümayiş etdirməklə qeyri-obyektiv qətnamə qəbul elmişdir. Cavabdeh ondan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu qaytarmadığını, həmçinin sonradan cavabdehin hər-hansı bir yeni obyekt götürmədiyini və oranı təmir etdirmədiyini müəyyən etmişdir. Məhkəmənin qeyd etdiyi məbləği deyil, hansısa səs yazısında deyilən 2.000 ABŞ dollarını əsas götürərək iddianı qismən təmin edərək 2.000 ABŞ dolları vəsaitin Cavabdeh tutularaq ona ödənilməsini qət etməsini ona qarşı qərəzli münasibət olması kimi qiymətləndirir. Cavabdeh ondan 16.500 ABŞ dolları alması və bu vəsaiti ona qaytarmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyi faktiki olaraq məhkəmədə sübut edilmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 2(075)-70/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsini iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəmə proses zamanı o, iddiaçıdan borc kimi aldığı bütün pulları (yəni 7500 ABŞ dollarının) qaytardığını və ona borcu qalmadığını sübut etdiyini, iddiaçının iddiasının tamamilə əssasız olduğunu, yəni borcun əsas hissəsini 5500 (beş min beş yüz) ABŞ dollarının onun tərəfindən İddiaçı ödənilməsini sübut edən əlyazma qeydlərini məhkəməyə təqdim etdiyini, qalan 2000 (iki min) ABŞ dollarının da "Trend" gözəllik salonunun müdiri X4 tərəfindən ödənildiyini bildirmişdir. Bununla əlaqədar olaraq X1 məhkəmə iclasına çağırılıb dindirilməsi barədə vəkilin şifahi vəsatətinin təmin olunmadığını, ona görə X2 məhkəməyə ünvanladığı ərizəni apellyasiya baxışına təqdim edəcəyini bildirmişdir. Beləliklə, onun İddiaçı heç bir borcunun qalma və məhkəmə prosesində bu hal tam sübuta yetirilmişdir. Məhkəmənin iddiaçıya məxsus tədqiq edilən səs yazısında onun iddiaçıya 2000 (iki min) ABŞ dolları borcunun qalmasını bildirməsini, cavabdeh tərəfindən iddiaçıdan alınan 7500 (yeddi min beş yüz) ABŞ dolların 5500 (beş min beş yüz) dollarının iddiaçıya ödənilməsi kimi, 2000 ABŞ dolların isə ödənilməməsi kimi qiymətləndirərək, yanlış nəticəyə gəlmiş və onun iddiaçıya 2000 (iki min) ABŞ dolları borcunun qalması qənaətinə gələrək səhvə yol verdiyini bildirmişdir. Məhkəmənin yalnız səs yazısını əsas götürdüyünü, digər sübutları nəzərə almadığını bildirmişdir. İşə baxan məhkəmənin bütün sübutları obyektiv hərtərəfli araşdırıb, tədqiq edib mülki prosesual qanunvericiliyin tələbinə uyğun olaraq sübutlara məcmu halında qiymət verməli olduğu halda, bunu etməməsini və bununla da kobud prosessual pozuntuya yol verdiyini, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəldiyini və iddianı qismən təmin etdiyini bildirmişdir. İddiaçı ona 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayı da daxil olmaqla ümumilikdə 7.500 (yeddi min beş yüz) ABÇ dolları məbləğində pul vəsaitini faizli olaraq borc verdiyini, lakin Şəki Rayon Məhkəməsinin qətnaməsində səhv olaraq pulun faizsiz verildiyini, pul vəsaitinin tam qaytarılmadığını məhkəmədə sübut etmək vəzifəsinin iddiaçının üzərinə düşdüyünu, əksinə olaraq onun iddiaçıya olan borcunun onun tərəfindən tam şəkildə ödənildiyini sübut etdiyini, məhkəmənin isə bunu nəzərə almadığını bildirmişdir. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsini tamamilə ləğv edib iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh İddiaçı heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 2(075)-70/202l saylı 07 iyun 2021-ci il tarixli qətnaməsini iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyаsiyа şikаyətindən görünür ki, cavabdeh iddianın təmin edilmiş hissəsini mübahisələndirərək Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsini tamamilə ləğv edib iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı, cavabdehə 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayı da daxil olmaqla ümumilikdə 7500 dollar pul vəsaiti borc vermişdir. Cavabdeh almış olduğu borc məbləğinin 5500 dollarını iddiaçıya qaytarmışdır. Qalan 2000 dollarını isə qaytarmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni iddiaçı tərəf qeyd edilən normaların tələblərinə riayət etməmişdir. Bununla belə kollegiya qeyd edir ki, cavabdeh tərəf iddiaçıdan 7500 ABŞ dollarını aldığını etiraf etmişdir. Kollegiya şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi səs yazısında deyilən 2.000 ABŞ dollarını əsas götürərkən haqlı olmuşdur. Belə ki, apelyator cavabdehin etirafından başqa məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Ekspertizaya təqdim edilmiş iddiaçının səs yazısı sübut növlərindən biridir. Ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi əsaslı olaraq cavabdehin iddiaçıya olan borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş iddiaçıya məxsus səs yazısı əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsassızdır. Cavabdeh apellyаsiyа şikаyətində qeyd edir ki, iddiaçıdan borc kimi aldığı bütün pulları (yəni 7500 ABŞ dollarının) qaytarmışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Qalan 2000 (iki min) ABŞ dollarının "Trend" gözəllik salonunun müdiri X4 tərəfindən ödənildiyinə gəldikdə isə, kollegiya qeyd edir ki, cavabdeh işin bu halını sübuta yetirə bilməmişdir. X1 şahid kimi məhkəməyə dəvət edilməsi barədə şifahi vəsatət verilməsi barədə dəlili isə məhkəmə iclas protokolu ilə təkzib olunur. Ona görə də apelyasiya şikayəti əsassızdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, qanunverici hazırkı halda qətnaməni iddiaçı tərəfindən mübahisələndirmək hüququnu tanımışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli, 2(075)-70/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, tərəf rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar