Məhkəmə qərarları › İş №2(107)-172/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-172/2023

11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-172/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası barədə mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(035)-606/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı və Cavabdeh xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından bir uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarındakı nikahın pozulması, uşağın -Rüfət iddiaçının (ananın) himayəsində saxlanılması qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hazırki cavabdehdən Rüfətin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment tutulması qət edilmişdir. Hazırda alimentin miqdarının artırılaraq hər ay 200 manat müəyyən edilməsi tələb edilir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi - vəkil X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından bir uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarındakı nikahın pozulması, uşağın -Rüfət iddiaçının (ananın) himayəsində saxlanılması qət edilmişdir. Həmin məhkəmənin 2(035)- xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hazırki cavabdehdən Rüfətin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment tutulması qət edilmişdir. Cavabdeh qət edilmiş 130 manat alimenti ödəsə də, həmin məbləğlə hazırda uşağın ehtiyaclarını tam ödəmək mümkün deyildir. İddiaçı məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, cavabdeh müdiasiya prosesində iştirak etməmişdir. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh uşağın saxlanılması üçün hər ay 130 manat aliment ödəyir. Cavabdeh heç bir yerdə işləmir. Hazırda cavabdeh Rusiyadadır, maddi imkanı olmadığı üçün heç geri qayıda bilmir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hazırkı Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat aliment tutularaq hazırkı iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı qət edilən miqdarda alimentin tutulmasının davam etməsinin uşağın saxlanmasında yetərli olmadığını iddia edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə araşdırması zamanı iddiaçı alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməsə də, məhkəmə belə nəticəyə gəlir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın mənafeyinə uyğun deyildir.

7. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı cavabdehin geniş maddi imkana malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

8. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı mənafeyi naminə iddia qaldırılan uşağın mənafeyi üstün tutmalı, onun hüququnun təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır.

9. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır.

10. Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(035)-606/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin olunmuş, Zərdab Rayon Məhkəməsinin 2(035)-934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin tutularaq İddiaçı verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1 və 112.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, hazırki Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat aliment tutularaq hazirki iddiaçiya verilməsi qət edilmişdir.

13. İşdə olan mediator Z.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞİH- 18792 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

14. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X7 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zərdab rayonunda daimi yaşayış yeri olmadığı üçün hazırda övladıyla bərabər Bakı şəhərində kirayədə yaşayır. Hər ay 450 manat kirayə haqqı ödəyir. Övladını saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Uzun müddətdir ki, övladını çox böyük çətinliklə saxlayır. Hazırki iş üzrə cavabdeh və yaxınları nikah pozulduqdan sonra bir dəfə belə olsun uşaqla maraqlanmamışdır. Uşağın saxlanılması üçün təyin edilmiş 130 manat aliment isə bu günki yaşayış minumumları ilə heç cür uzlaşmır. Bundan başqa övladı həmin vaxtdan bəri böyümüş, artıq məktəbli oğlandır. Uşağın məktəbə getməsi ilə xərcləri də artmışdır. Hazırda o övladının düzgün təhsil alması üçün gecə gendüz işləyərək bütün gücüylə çalışır. Övladı Rüfətin hər ay 80 manat - ingilis dili hazırlığı, 30 manat - gimnastika, 40 manat - azərbaycan dili hazırlığı, 40 manat - riyaziyyat hazırlığı, 25 manat - üzgüçülük olmaqla dərsdən kənar fərdi məşğuliyyətlərinə pul xərcləyir. Bu gün övlad böyüdən hər bir nümunəvi valideyn kimi o da uşağını atasızlığı hiss eləmədən layiqli vətəndaş kimi böyütmək arzusundadır. Lakin hər gün artan yaşayış minimumları ilə uzlaşmayan 130 manat aliment ona bu arzunu yerinə yetirməyə heç cür kömək etmir. Cavabdehin qazancı kifayət qədər yüksəkdir. X2 ticarətlə məşğuldur. Öz kefinə, həyatını əyləncələrə sərf edərək zəngin və rahat bir həyat yaşayır. Valideynlərinə etdiyi maddi köməklə Zərdab rayonu, Məmmədqasımlı kəndində xeyli mal-qara saxladır və bununla özünə hazırki işindən əlavə artan kapital yaradır.

16. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(035)- 606/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(035)-606/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İddiaçı X7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyaısna teleqram göndərərək işə onun iştirakı olmadanbaxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(035)- 606/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin olunmuş hissəsində qətnamənin niyə ləğv olunmalı olması barədə heç bir sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində əsaslılığını yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmamış hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 15-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 5-9-cu bəndlərində qeyd olunmuş əsaslarla iddianı qismən təmin edərək hər ay 130 manat müəyyən olunmuş alimentin artırılaraq hər ay 150 manat təyin edilməsini qət edərkən haqlı olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində göstərdiyi – cavabdehin qazancının yuxarı olması, “zəngin həyat yaşaması” hallarını və göstərilən qazancın mənbəyini təsdiq edən sübut və ya dəlilləri nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmamış hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(035)-606/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(035)-606/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar