Məhkəmə qərarları › İş №2(107)-172/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-172/2024

22.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-172/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə gediş-gəliş yolunun açılması, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2016-cı il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı2 mülkiyyətində olan 0.6208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2016-cı il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi –xx.xx.2018-ci il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı4 mülkiyyətində olan 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedişgəlişi təmin edən yolun qarşısında cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın sökülməsi və həmin yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini belə əsaslandırmışdır ki, DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat xx.xx.2016-cı il tarixli RX ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı1 ümumi birgə mülkiyyətində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı2 mülkiyyətində 0.6208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı3 ümumi birgə mülkiyyətində 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı4 mülkiyyətində 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə gediş-gəlişi təmin edən yol qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən zəbt edilmiş, Cavabdeh həmin yolun qarşısında dəmir darvaza quraşdırmış, bununla da həmin yoldan digər mülkiyyətçilərin istifadəsinə məhdudiyyət yaratmışdır. Dəmir darvazanın sökülüb, yolun əvvəlki vəziyyətinə qaytarılmasına cavabdeh imkan vermir. Bu barədə mərhum İddiaçı1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuşdur. Müraciətə baxılmış, yolun Cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmiş, lakin heç bir tədbir görülməmişdir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbi təmin edilmiş, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı4 oğlunun mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı2 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı3 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən dəmir qapı ilə bağlanılmaqla istifadə edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddiası təmin edilməli, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı4 oğlunun mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı2 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu açılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı3 ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci maddələri, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 1119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini iddianın təmin edilən hissəsində qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi, məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən dəmir qapı ilə bağlanılmaqla istifadə edilir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, həmin mübahisəli yol iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 istifadəsində olan torpaq sahəsinin yanından keçir, yolun uzantısı onun mülkiyyətində olan torpaq sahəsinə kimi davam edir, yol onun torpaq sahəsində başa çatır, ondan sonra uzantısı yoxdur. Bundan başqa İddiaçı1 cavadeh Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-100/2017 saylı qətnaməsindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən İddiaçı1, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə gedən ümumi yolun açılması tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən ümumi yolu zəbt edilməmiş və ümumi gediş-gəliş yolunda heç bir maneə olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə düzgün baxılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 hüquqi varisi İddiaçı3 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 sayı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı4 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar gələ bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf xəstə olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübüt növü təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı4 və Cavabdeh iştirakları olmadan baxılması mümkün hesab edilsin. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci mаddəsinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci mаdəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən dəmir qapı ilə bağlanılmaqla istifadə edilir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini iddianın təmin edilən hissəsində qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, mübahisəli yol iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 istifadəsində olan torpaq sahəsinin yanından keçir, yolun uzantısı onun mülkiyyətində olan torpaq sahəsinə kimi davam edir, yol onun torpaq sahəsində başa çatır, ondan sonra uzantısı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, ekspert rəyi alınmış, eyni zamanda maddi, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2722 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ağsu Layihə-Tədqiqat İdarəsi mütəxəssis rəyinə əsasən, Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən **********57 qeydiyyat nömrələri çıxarışla İddiaçı3 mülkiyyətinə verilmiş 0.1034 ha, **********35 qeydiyyat nömrələri çıxarışla İddiaçı1nin mülkiyyətinə verilmiş 0.72 ha, **********20 qeydiyyat nömrələri çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş 0.1034 ha, **********84 qeydiyyat nömrələri çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.6208 ha torpaq sahələrinə gedən baza məlumatlarında və naturada mövcud yol Cavabdeh tərəfindən dəmir qapı ilə bağlanmışdır. Mütəxəssis rəyinə əsasən, **********57 qeydiyyat nömrələri çıxarışla İddiaçı3 mülkiyyətinə verilmiş 0.1034 ha, **********35 qeydiyyat nömrələri çıxarışla İddiaçı1nin mülkiyyətinə verilmiş 0.72 ha, **********20 qeydiyyat nömrələri çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş 0.1034 ha, **********84 qeydiyyat nömrələri çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.6208 ha torpaq sahələrinə gedən yol Cavabdeh tərəfindən naturada istifadə edilir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilməsi bu torpaq sahəsinə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona gərə də kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, İddiaçı1 cavadeh Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-100/2017 nömrəli qətnaməsindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən İddiaçı1, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə gedən ümumi yolun açılması tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən ümumi yolu zəbt edilməmiş və ümumi gediş-gəliş yolunda heç bir maneə olmamışdır. Göründüyü kimi, eyni tərəf, eyni predmet və eyni əsaslarla iddia qaldırılmışdır. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-100/2017 saylı qətnaməsindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə gedən ümumi yolun açılması tələbinin rədd edilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən həmin zaman Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə gedən yolun tutulmaması, gələcəkdə yenidən cavabdehin iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun tutulmamamsının təminatı kimi çıxış edə bilməz. Eyni zamanda əvvəlki tələbdən görünür ki, İddiaçı1 mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə gedən ümumi yolun cavabdeh tərəfindən açılması olmuşdur. İndiki tələbdən görünür ki, iddiaçıların kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəlişi təmin edən yolun qarşısında cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın sökülməsi tələbidir. Əlavə olaraq, İddiaçı1 başqa iddiaçılar kimi İddiaçı2, İddiaçı4 və İddiaçı3 çıxış edirlər. Kollegiya hesab edir ki, hazırkı tələbi eyni tərəf, eyni predmet və eyni əsas kimi qəbul etmək olmaz və hazırkı iddia tərəflər arasında yaranmış yeni münasibət kimi qiymətləndirilməlidir. Kollegiyanın qənaətinə görə işin bu halı iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə, yəni iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar