Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1722/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manatın, Şəki Rayon Məhkəməsinin 2(075)- 463/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən X4 verilməli olan 1009 manatın və 25 manat dövlət rüsumunun, ümumilikdə 2064 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh səhlənkarlığı nəticəsində ona məxsus 1000 manat dəyərində inək naxırdan qayıdarkən X4 məxsus avtomobillə vurulmuşdur. İnək təxminən 3-5 gün sonra ölmüşdür. Bundan başqa Cavabdeh səhlənkarlığı nəticəsində Göybulaq kənd sakinləri Mirzəxan, Əlican və Namiq adlı şəxslərə də maddi və mənəvi zərər dəymişdir. Şəki Rayon Məhkəməsinin icraatında Mingəçevir şəhər sakini X3 da iddiası olmuşdur. Cavabdeh iddia ərizəsində göstərdiyi pulu könüllü olaraq ona qaytarmaq istəmir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsi ilə (hakim P. Hacıyev) iddia təmin edilmiş, Cavabdeh iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-463/2021 saylı qətnaməsinə əsasən X4 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə ona məxsus bir baş inəyi naxıra göndərmişdir. Lakin həmin gün inəyi avtomobil vurmuş, aldığı zərbələrdən sonra inəyin vəziyyəti ağırlaşmış və 4-5 gün sonra ölmüşdür. İnəyin ölməsi nəticəsində iddiaçıya 1000 manat maddi ziyan dəymişdir. Həmçinin, məhkəmə qətnaməsi əsasında “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1009 manatın maddi ziyanın malın sahibi İddiaçı alınaraq avtomobilin sahibi X4 verilməsi qət edilmişdir. Həmin gün naxıra nəzarət etmək Cavabdeh tapşırılmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə həmin gün naxıra çıxa bilmədiyini və müəyyən ödəniş əvəzində başqa şəxsin çıxdığını bildirərək iddianı qəbul etmir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 izahatından məlum olmuşdur ki, baytar-həkimdir. İddiaçı və cavabdehin Şəki rayonu Göybulaq kənd sakinləri kimi tanıyır. İddiaçı onu malına baxmaq üçün çağırmışdır. O da vəzifə borcunu yerinə yetirmək üçün inəyə baxmışdır. İnəkdə yırtıq olmuş, iddiaçıya inəyin vəziyyətinin yaxşı olmadığını, yırtığın genişlənərək inəyin nə vaxtsa öləcəyini bildirmişdir. Lakin iddiaçıya inəyi kəsməyi və ya satmağı barədə fikir bildirməmişdir. Bundan başqa inəyi yoxlamış, boğaz olmadığını demişdir. Danışdıqlarından başqa heç nə bilmir. Sonradan inəyin öldüyünü eşitmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 izahatından məlum olmuşdur ki, iddiaçı onun kürəkənidir. Cavabdehi isə hələ Dağıstanda olarkən tanımışdır. Hazırda sözügedən inəyi də nəvəsinə hədiyyə etmişdir. Mahiyyəti üzrə bildirdi ki, kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020ci il tarixdə naxıra nəzarət etmək Cavabdeh həvalə edilmişdir. Bildirdi ki, o, cavabdehdən yaşca böyük olsa da, öz növbəsində naxıra özü gedir. Cavabdeh və kənddə bir-iki nəfər var ki, öz növbələrində pul verib naxıra çıxmırlar. Onların əvəzinə çıxanlar da səhlənkarlıq edirlər. 19 noyabr 2020-ci il tarixdə dörd nəfərin – onun, Namiqin, Mirzəxanın və Elburusun inəyi yoxa çıxmışdır. Namiqin inəyini canavar parçalamış, Elburusun inəyini isə maşın vurmuşdur. O biri inəkləri isə gedib özləri axtarıb tapmışlar. Elburusun inəyinin maşın vurulan gün vəziyyəti yaxşı olmadığından baytar həkim gətirmişlər. Baytar inəyə baxıb çox qalmayacağını demişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 izahatından məlum olmuşdur ki, iddiaçı onun qohumudur. Cavabdeh isə hələ Dağıstanda qonşusu olmuşdur. 19 noyabr 2020-ci il tarixdə Cavabdeh naxıra nəzarət etməli olsa da, etmədiyindən ona məxsus inək itmişdir. İnəyi səhəri gün gedib özü tapmışdır. Bundan başqa həmin gün naxırda Elburusa məxsus inəyi maşın vurduğunu eşitmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı özünə məxsus bir baş inəyi cavabdehə həvalə edilmiş naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını üçüncü şəxsə vermiş və nəticədə inəyi maşın vurmuşdur. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. İddiaçıya dəymiş ziyan "xxxx" Qiymətləndirmə MMC tərəfindən 1000 manat müəyyən edilmişdir. Buna görə də Cavabdeh törətmiş olduğu mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı vurulmuş zərərin əvəzi, yəni 1000 manat onun tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)-463/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X3 xeyrinə ona məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1009 manat maddi ziyan və 25 manat dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir ki, həmin maddi ziyan Cavabdeh səhlənkarlığı nəticəsində baş vermişdir. Odur ki, Cavabdeh vurduğu zərərin əvəzini X4 ödəməli olan İddiaçı cavabdehdən ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-463/2021 saylı qətnaməsinə əsasən X4 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manat alınaraq İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 777.1-ci, 777.2-ci, 779.1-ci, 780.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1097.3-cü, 1114.1-ci, maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin fatiki hallarını diqqətə almamış, əsaslı və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, o, Şəki rayonu Göybulaq kəndində yaşayır və məktəb direktoru işləyir. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçıya 30 manat pul verərək onu əvəz etməsini xahiş etmişdir. Sonradan həmin gün naxırda bir heyvanı maşın vurduğunu, bir heyvanın isə öldüyünü eşitmişdir. Həmin gün naxırda olmadığından hesab etmişdir ki, onun heç bir təqsiri yoxdur. Hətta inək maşın vurduqdan bir həftəyə yaxın müddət ərzində sağ olmuş, sonradan ölmüşdür. Bundan başqa kənd camaatı arasında olan qayda qanunlara əsasən mal naxırdan qayıtdıqdan sonra ağacın yanına qədər müşayiət olunur, ondan sonrası üçün naxırçı cavabdeh deyildir. Sözügedən ağacla inəyin vurulduğu yer yaxın-yaxınadır. Əgər inək həmin yerə gəlməsə idi, maşın necə vurardı. Həmçinin, o özü şəxsən naxıra getmədiyi halda hansı əsasla dəymiş zərər qarşısında öhdəliyi yarana bilər. Bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Onun başqa bir naxırçıya 30 manat verərək onu naxıra göndərməyi hazırki iş üzrə iddiaçı qarşısında öhdəlik götürməyi üçün əsas ola bilməz. Çünki, həmin gün naxıra göndərilən heyvanları o qəbul etməmiş, ona naxıra göndərilən heyvanlar təhvil verilməmiş və həmin heyvanların sağ qayıdıb- qayıtmaması ilə bağlı üzərinə hər hansı bir şəkildə öhdəlik götütməmişdir. Belə olduğu halda onun heç bir məsuliyyəti yaranmamışdır. O məktəb direktorudur və yalnız kömək məqsədi ilə naxıra getmək üün naxırçı tapmışdır və ona 30 manat pul vermişdir. Özü naxıra getmədiyi halda hansı əsasla məsuliyyət daşıdığı da əsaslı hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyası iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı X9 məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən, əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə ona məxsus bir baş inəyi naxıra göndərmişdir. Lakin həmin gün inəyi avtomobil vurmuş, aldığı zərbələrdən sonra inəyin vəziyyəti ağırlaşmış və 4-5 gün sonra ölmüşdür. İnəyin ölməsi nəticəsində iddiaçıya 1000 manat maddi ziyan dəymişdir. Həmçinin, məhkəmə qətnaməsi əsasında “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1009 manatın maddi ziyanın malın sahibi İddiaçı alınaraq avtomobilin sahibi X4 verilməsi qət edilmişdir. Həmin gün naxıra nəzarət etmək Cavabdeh tapşırılmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə həmin gün naxıra çıxa bilmədiyini və müəyyən ödəniş əvəzində başqa şəxsin çıxdığını bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək cavabdehə həvalə edilmişdir. Ancaq cavabdeh mal qaranı otarmaq vəzifəsini kənd sakini olan X2 30 manat əvəzində tapşırmışdır. Lakin cavabdeh öhtəliyi yerinə yetirməmiş, iddiaçıya məxsus inək tələf olmuşdur. Nəticədə iddiaçıya 1000manat ziyan dəymişdir. Bundan başqa məhkəmə qətnaməsi əsasında “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1009 manatın maddi ziyanın malın sahibi İddiaçı alınaraq avtomobilin sahibi X4 verilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 2(075)- 685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-685/2021 saylı, 11 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1722/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1722/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver