Məhkəmə qərarları › İş №2(107)-173/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-173/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-173/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun tutulması barədə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kreditin, ona hesablanmış faiz borcunun tutulması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun tutulması barədə” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-178/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4925 manat məbləğində əsas borcun, 3386.02 manat məbləğində faiz borcunun cəmi 8311.02 manat borcun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir və ona görə də İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4925 manat məbləğində əsas borcun, 3386.02 manat məbləğində faiz borcunun cəmi 8311.02 manat borcun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qətnaməsi (hakim M.Qarayev) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4924.34 manat əsas borc, 2818.91 manat faiz borcu və 122.42 manat illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 7865.67 manat və 104 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir və ona görə də İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh 4924.34 manat əsas borc, 2818.91 manat faiz borcu və 122.42 manat illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 7865.67 manat borcu olduğu müəyyən edilmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4924.34 manat əsas borc, 2818.91 manat faiz borcu və 122.42 manat illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 7865.67 manat və 104 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448 və 449.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı ASC-nin ona qarşı “kreditin, ona hesablanmış faiz borcunun tutulması barədə” iddiası üzrə Qax Rayon Məhkəməsi iddiaçının iddiasının təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməni prosessual hüquq normalarını pozmaqla çıxarmışdır. Belə ki, həmin mülki işə baxılarkən məhkəmənin iclaslarının vaxtı barədə ona lazımi qaydada xəbərdar edilməmişdir. O rayon məhkəməsinə dəfələrlə Qaşqaçay kəndində faktiki qeydiyyattda olmağına baxmayaraq Əmbərçay kəndində yaşamağını bildirsə də, məhkəmə tərəfindən ona iclasının vaxtı barədə bildiriş qeydiyyatda olduğu ünvüna göndərib. Buna görə də bəzi iclaslardan tamamilə təsadüfən xəbəri olsa da onun üçün daha əhəmiyyətli olan ekspertizanın rəyin müzakirəsində iclaslarda iştirak etməyindən və öz dəllillərini gətirməkdən məhrum olmuşdur. O hesab edir ki, ekspertizanın gəldiyi nəticə tamamilə səhv nəticədir. Onun banka olan borcu o qədər deyildir. Bununla da o, öz hüquqlarını müdafiə etməkdən məhrum olmuşdur. Onun işlə bağlı vəsatətləri vardır. O hesab edir ki, məhkəmə çəkişmə prinsipini pozaraq qətnamə qəbul etmişdir. Bildirişləri almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmədiyindən sübutları təqdim etməkdən məhrum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq o, Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının 19 yanvar 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (cavabdeh)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə cavabdehdan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə cavabdehdur. Cavabdehnun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehnun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, cavabdeh Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq eskpertizası təyin etmiş həmin qərardadı surəti Cavabdeh göndərilməsi barədə həmin tarixli məktub mövcud olsa da, lakin həmin zərf “Bu ünvanda yaşamır” kimi qeyd olunaraq geri qayıtmışdır. Daha sonra Qax Rayon Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qərardadı ilə mülki işin icaatı təzələnərək 9 sentyabr 2022-ci il tarixə saat 10:00 təyin edilmişdir. Cavabdeh zərfi geri qaytarılmışdır. Qax Rayon Məhkəməsi 9 sentyabr 2022-ci il tarixdə iclası təxirə salaraq 28 sentyabr 2022-ci il tarixə, saat 15:20 təyin edilmişdir. Lakin həmin zərf “Bu ünvanda yaşamır” kimi qeyd olunaraq geri qayıtmışdır. Nəticədə 28 sentyabr 2022-ci ildə yekun məhkəmə baxışı keçirilmiş və cаvаbdehin məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, bəzi iclaslardan tamamilə təsadüfən xəbəri olsa da onun üçün daha əhəmiyyətli olan ekspertizanın rəyin müzakirəsində iclaslarda iştirak etməyindən və öz dəllillərini gətirməkdən məhrum olmuşdur. O hesab edir ki, ekspertizanın gəldiyi nəticə tamamilə səhv nəticədir. Onun Banka olan borcu o qədər deyildir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq təyin edilmiş, ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3378 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka əsas borcu 4.924,34 manat, faiz borcu 2.818,91 manat təşkil edir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas, faiz borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri bu hissədə əsassızıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində ançaq Cavabdeh İddiaçı ASCnin xeyrinə 4925 manat məbləğində əsas borcun, 3386.02 manat məbləğində faiz borcunun cəmi 8311.02 manat borcun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq cavabdehdən 122.42 manat illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Bununlada birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-178/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-178/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 4924.34 manat əsas borc, 2818.91 manat faiz borcu, cəmi 7743,25 manat və 104 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı ASC-dən alınaraq büdcə təsnifatının kodu-210005, büdcə səviyyəsinin kodu-14595, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar