Məhkəmə qərarları › İş №2(107)-1735/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1735/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1735/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(039)-835/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 11900 manat və 1340 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehdən 11150 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 25 may 2021-ci il tarixli, 2(039)- 835/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 11150 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 iyun 2019-cu il tarixdə onunla Cavabdeh arasında notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəfindən 11900 manat pul cavabdehə 05 sentyabr 2019-cu il tarixədək borc olaraq verilmişdir. Cavabdeh borcun qaytarılmasını öhdəsinə götürsə də, müqavilə şərtlərinə əməl etməmişdir. Həmin puldan 500 ABŞ dolları ödəniş etdiyindən hazırda 11150 manat məbləğində pul tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamışdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla hüququn tətbiqində səhv edərək düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(039)-835/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həqiqətən də onunla cavabdeh rasında kredit müqaviləsi bağlanmışdır. Lakin o cavabdehdən almış olduğu pulu özü mənimsəməmiş, Türkiyədə Karabük Universitetinə bağış kimi köçürülmüşdür. Lakin sonradan cavabdeh tərəf oğlunun İstanbulda oxumaq istədiyi bildirərək həmin Universitetdən imtina etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçılardan almış olduğu pulu təyinatı üzrə Universitetə ödəmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qərar qəbul edərkən tam araşdırma aparmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar pulu cavbabdehə borc olaraq vermişlər. Əgər cavabdeh onların oğlunu Türkiyədə Universitetə düzəldə bilsəydi, onlar da pulu geri tələb etməyəcəkdilər. Lakin sonradan məlum olmuşdur ki, oğlu Universitetə daxil olmayıb, bütün işlər saxtadır. Cavabdehin onlara verdiyi kodu yoxladıqda isə “ərəb dilində” yazılar çıxmışdır. Hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən lazımınca araşdırılmış və tərəflər arasındakı münasibətə düzgün qiymət verilmişdir. Cavabdehin apellyasiya şikayəti verməsi hazırki mübahisəni süni şəkildə uzatmaq məqsədi daşıyır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 12 iyun 2019-cu il tarixli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh 12 iyun 2019-cu il tarixdə İddiaçı 11900 manat borc almışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti 05.09.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh 27 dekabr 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, İ.Bayramov küçəsi mənzil 8-də qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və İddiaçı Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, 12 iyun 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 12 iyun 2019-cu il tarixdə İddiaçı 11900 manat borc almışdır. Cavabdeh borcunu 05 sentyabr 2019-cu il tarixədək qaytarmalı olduğu halda müqavilə şərtlərinə əməl etməmişdir. Cavabdeh həmin puldan iddiaçıya 500 ABŞ dolları ödəniş etmişdir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, cavabdeh kredit müqaviləsi üzrə verilmiş pulun böyük bir hissəsini ödəməsini bildirsə də, bu məbləğin konkret olaraq nə qədər olmasını, eləcə də ödəməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təqdim etdiyi sənədlərin isə təyinatı barədə düzgün açıqlama verə bilməmiş, həmin sənədlərin gah Universitetə qəbul məqəsdilə, gah da “bağış” məqəsədilə ödənildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh “bağış” sözünün mənasını əvvəlcədən ödənilən ianə kimi cavablandırmış və Türkiyə Universitetlərində belə bir qaydadnın olduğunu bildirmişdir. Lakin cavabdeh həmin ianənin nə məqsədlə, hansı təşkilata ödəməsini, bu kimi ödəmələrin qəbula nə aidiyyətinin olmasını tam açıqlaya bilməmiş, lakin sonda qətnamənin ləğv olunmasını və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İkincisi, kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız notarial qaydada bağlanmış, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları kredit müqaviləsi üzrə pulun qaytarılması tələbidir.. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını bildirir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Üçüncüsü, kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Dördüncüsü, məhkəmə kollegiyası 12.06.2019-cu il tarixli kredit müqaviləsinə həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Bu zaman cavabdehin iradəsinin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməsi halına dair hər hansı sübut isə təqdim edilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə yaxud həmin müqavilədən əvvəl qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını və ya faizlə verildiyini sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(075)-502/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar