Məhkəmə qərarları › İş №2(107)-1737/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1737/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1737/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(024)-310/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 6035.98 (altı min otuz beş manat 98 qəpik) AZN məbləğində əsas borcun, 4240.80 (dörd min iki yüz qırx manat, 80 qəpik) AZN məbləğində faiz borcunun, 16716.85 (on altı min yeddi yüz on altı manat 85 qəpik) AZN məbləğində cərimələrin, cəmi 26993.63 (iyirmi altı min doqquz yüz doxsan üç manat, 63 qəpik) AZN borc məbləğinin və iş üzrə ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 14 iyun 2021-ci il tarixli, 2(024)- 310/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 6035.98 (altı min otuz beş manat 98 qəpik) AZN məbləğində əsas borc, 4240.80 (dörd min iki yüz qırx manat, 80 qəpik) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, cəmi 10376,78 (on min üç yüz yetmiş altı manat, 78 qəpik) AZN borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə Girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh tutulması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh Qax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(024)-310/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.02.2019 tarixində iddiaçı və cavabdeh arasında 002055\19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 34% olmaqla 6330 (altı min üç yüz otuz) AZN məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 24 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi 15.02.2019-cu il tarixli 002055\19\G saylı girov müqaviləsinə əsasən girov müqaviləsinə 1 saylı əlavədə göstərilən qızıl zinət əşyaları girov qoyulmuşdur. Girov Müqaviləsinə 1 saylı əlavəyə əsasən girov qoyulmuş qızıl zinyət əşyaları: Boyunbağ: 1 ədəd 585 əyyarlı 11.3 qram. Boyunbağ: 1 ədəd 585 əyyarlı 19.5 qram Boyunbağ: 1 ədəd 585 əyyarlı 23.1 qram Boyunbağ: 1 ədəd 585 əyyarlı 7.1 qram Boyunbağ: 1 ədəd 585 əyyarlı 3.9 qram Üzük: 1 ədəd 585 əyyarlı 5 qram Üzük: 1 ədəd 585 əyyarlı 23.5 qram Üzük: 1 ədəd 585 əyyarlı 37.5 qram Sırğa: 1 ədəd 585 əyyarlı 12.7 qram Kulon: 1 ədəd 585 əyyarlı 6.2 qram Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Amma Cavabdeh yalnız bir dəfə 16.02.2019 tarixində 300 (üç yüz) manat ödəniş edib. Ödənilən məbləğdən 294.02 (iki yüz doxsan dörd manat 02 qəpik) manat əsas borca, 5.98 (beş manat 98 qəpik) manat faiz borcuna silinmişdir. 16.02.2020-ci il tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə 26.02.2020-ci il tarixində dövlət poçtu vasitəsi ilə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdehin iddiaçıya 11.03.2021 tarixinə olan borcu aşağıdakılardan ibarətdir. Kredit müqaviləsi üzrə əsas məbləğ: 6035.98 (altı min otuz beş manat 98 qəpik) AZN Əsas məbləğə hesablanmış faizlər: 4240.8 (dörd min iki yüz qırx manat, 80 qəpik) AZN Cərimə: 16716.85 (on altı min yeddi yüz on altı manat 85 qəpik) AZN Cəmi: 26993.63 (iyirmi altı min doqquz yüz doxsan üç manat, 63 qəpik) AZN. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Qax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(024)-310/2021 nömrəli qətnaməsi ilə razı deyildir. Ona görə də qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 228 92 44 və 070 332 20 18 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(024)-310/2021 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 15.02.2019-cu il tarixli 002055\19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 34% olmaqla 6330 AZN məbləğində kredit verilmişdir. 15.02.2019-cu il tarixli 002055\19\G saylı girov müqaviləsin və girov müqaviləsinə əlavədən görünür ki, kreditin təminatı kimi Boyunbağ: 1 ədəd 585 əyyarlı 11.3 qram, Boyunbağ: 1 ədəd 585 əyyarlı 19.5 qram, Boyunbağ: 1 ədəd 585 əyyarlı 23.1 qram, Boyunbağ: 1 ədəd 585 əyyarlı 7.1 qram, Boyunbağ: 1 ədəd 585 əyyarlı 3.9 qram, Üzük: 1 ədəd 585 əyyarlı 5 qram, Üzük: 1 ədəd 585 əyyarlı 23.5 qram, Üzük: 1 ədəd 585 əyyarlı 37.5 qram, Sırğa: 1 ədəd 585 əyyarlı 12.7 qram, Kulon: 1 ədəd 585 əyyarlı 6.2 qram olan qızıl zinət əşyaları girov qoyulmuşdur. Maliyyə arayışından görünür ki, cavabdehin 11.03.2021-ci il tarixə İddiaçı BOKT ASC-nə 6035,98 AZN əsas, 4240,80 AZN faiz, 16716,85 AZN dəbbə borcu olmaqla cəmi 26993,63 AZN borcu vardır. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax şəhəri, H.Əliyev prospekti, ev 24, mənzil 2-də qeydiyyatdadır. 17.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 15.02.2019-cu il tarixli 002055\19 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdehnun təşkilata ödənilməmiş borcu qalmışdır. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması və iddianın rədd olunması üçün əsaslı olmasa da, qətnamənin “girov predmeti olan qızıl-zinət əşyalarının aydın şəkildə göstərilməməsi” hissəsində dəyişdirilməsi üçün əsasdır. Əvvəla ona görə ki, cavabdeh (apelyator) qətnamənin düzgün qəbul edilmədiyini bildirsə də, bu dəlillər anlaşılan deyil. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri hüquqi cəhətdən əsaslandırılmamış, cavabdeh yalnız birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğunu bildirmiş, lakin bu narızılığın əsas səbəbləri göstərilməmiş və ya cavabdeh bu səbəbləri göstərə bilməmişdir. Dördüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir Beşincisi, kollegiya belə qənaətə gəlir ki, nə qədər ki, cavabdeh tərəfindən ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərilməmişdir, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz Altıncısı, kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla apellyasiya şikayəti vermək xatirinə və işi süni şəkildə yubatmaq məqsədilə verilən bir şikayətdir. Çünki apelyasiya şikayətində göstərilən dəlillə bağlı cavabdeh hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya sonda qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində girov predmeti olan qızıl-zinət əşyalarını aydın şəkildə göstərməməklə” prosessual pozuntuya yol vermişdir.. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin bu hissəsi Mülki Prosesual Məcəllənin 222-ci maddəsinin tələbindən irəli gələn imperativ normadır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.11.2005-ci il tarixli Qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Həmin Qərarın 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(024)-310/2021 nömrəli qətnaməsi “girov predmeti olan qızıl-zinət əşyalarının açıq şəkildə göstərilməməsi” hissəsində dəyişdirilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(024)-310/2021 nömrəli qətnaməsi “tutmanın iddiaçının xeyrinə Girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi hissəsinə - “boyunbağı: 1 ədəd 585 əyyarlı 11.3 qram, boyunbağı 1 ədəd 585 əyyarlı 19.5 qram,boyunbağı- 1 ədəd 585 əyyarlı 23.1 qram, boyunbağı- 1 ədəd 585 əyyarlı 7.1 qram, boyunbağı 1 ədəd 585 əyyarlı 3.9 qram, üzük- 1 ədəd 585 əyyarlı 5 qram, üzük- 1 ədəd 585 əyyarlı 23.5 qram, üzük-1 ədəd 585 əyyarlı 37.5 qram, sırğa- 1 ədəd 585 əyyarlı 12.7 qram, kulon- 1 ədəd 585 əyyarlı 6.2 qram” cümləsi əlavə edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar