Məhkəmə qərarları › İş №2(107)-1741/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1741/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1741/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dаir mülki iş üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-426/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 200 manat pulun və 20 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-426/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə İddiaçı Cavabdeh 200 manat pulun və 20 manat dövlət rüsumunun alınaq ona verilməsinə dair iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Lahıc qəsəbəsində yaşayır. Cavabdeh yaşadığı ev ona məxsus evin yan tərəfində yerləşir. 2020-ci ilin mayın 6-da gecə evində televizora baxarkən qəfil televizorunun dalğaları və müşahidə kameralarının görüntüsü pozulmuşdur. Həmin vaxt baş vermiş nasazlığı öyrənmək üçün fənərlə həyətə düşərək ətrafı müşahidə etmişdir. Həyətdə olarkən Almazın sakit addımlarla yaşadığı evə qalxdığını, bir nəfərin isə həmin evin giriş-çıxış qapısını açaraq çölə çıxdığını görmüşdür. Gecə olduğundan televizorunda və müşahidə kameralarında yaranmış nasazlığı müəyyən edə bilməmişdir. Səhəri gün oğlu Dəyanətə zəng edərək yaranmış vəziyyətlə bağlı məlumat vermişdir. 2020-ci ilin mayın 7-də oğlu Dəyanətlə birlikdə yaşadığı evə və həyətə baxış keçirərkən evinin Almaza məxsus ev istiqamətində olan hissəsində televizor və müşahidə kameralarına birləşdirilmiş naqillərin kəsilərək yararsız hala salındığını görmüşlər. Almaz əvvəllər də Lahıc qəsəbə sakini Valeh Abdullayevin vasitəsi ilə yaşadığı evə quraşdırılmış televizor və müşahidə kameralarının naqillərini kəsərək yararsız vəziyyətə salmışdır. Televizor və müşahidə kameralarına birləşdirilmiş naqillərin Almaz tərəfindən kəsilməsinə əmin olduqdan sonra bu barədə DİN-nin 102 xidmətinə müraciət edərək məlumat vermişdir. DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında İsmayıllı RPŞdə araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmış, həmçinin ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda ona məxsus kabellərin kəsilərək yararsız hala salınması və bununla da ona 200 manat ziyan dəyməsi qeyd edilmişdir. Cavabdeh ona vurduğu maddi ziyanı ödəmədiyindən məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməyə 20 manat vəsait sərf etmişdir. O, cavabdehdən 200 manat pulun və 20 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, qeyri-obyektiv, qərəzli, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət vermədən, tam araşdırmadan qeyri-obyektiv qənaətə gəlmişdir və hüquqlarını pozan qətnamə çıxarılmışdır. Qətnamədə iddia tələbinin təmin edilməməsinə səbəb kimi, İsmayıllı rayon Polis şöbəsinin xx.xx.2019-cu il tarixli, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı əsas götürülmüşdür. Həmin qərarda ona məxsus evin cavabdehin yaşadığı evi istiqamətdə yan tərəfində quraşdırılmış televizor antenasına və müşahidə kamerasına gələn naqillərin kəsilərək yararsız hala salınması təsdiq edilsə də, lakin həmin hərəkətlərin cavabdeh tərəfindən törədildiyinin guya müəyyən edilmədiyi qeyd edilmişdir.Buna baxmayaraq qərarda ona vurulmuş maddi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hakim tərəfindən həmin naqillərin kəsilməsi faktını müəyyən etmək üçün evinə baxış keçirilməmiş, şahidlər dindirilməmişdir. Bundan başqa hadisənin baş verdiyi yerə gəlmiş və naqillərin kəsildiyini müəyyən etmiş İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları məhkəmə iclasına çağırılıb dindirilməmişdir. Belə ki, həmin polis əməkdaşlarının yanında cavabdeh onu təhqir edərək, əlində balla alətini yuxarı-aşağı endirməklə ona məxsus naqilləri yenə kəsəcəyi ilə hədələmişdir. Bununla da o, hadisənin məhz onun tərəfindən törədildiyini bariz şəkildə nümayiş etdirmişdir. Lakin Almazın bu hərəkətlərini görən polis əməkdaşları onun barəsində heç bir tədbir görməmiş və əksinə Almaza yenidən həmin hərəkətləri törətməyə şərait yaratmaqla onun barəsində əsassız olaraq cinayət işi başlanmasını rədd etmişlər. Qeyd edir ki, buna qədər cavabdeh tərəfindən bir dəfə də belə bir hala yol verilmişdir. Həmin vaxtda o, İsmayıllı rayon Lahıc qəsəbəsində yaşayan X1 vasitəsilə evə gələn kabelləri kəsmişdir. Belə ki, cavabdeh onunla əsassız olaraq ədavət aparmaqla, hər vəcdlə çalışır ki, ona ziyan vursun. Cavabdeh həmin maddi ziyanı könülü olaraq ödəməkdən imtina edir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-426/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-426/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: xx xxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı DİN-nin 102 xidmətinə müraciəti əsasında toplanmış MK- 1/378 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı X3 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı 2020-ci ilin may ayının 6da gecə saat 03:00 radələrində İddiaçı məxsus evin hasarından evə doğru çəkilmiş iki ədəd televizor və müşahidə kameralarının kabellərinin bir yerdən kəsilərək zədələnməsi nəticəsində İddiaçı 150-200 manat məbləğində maddi ziyan dəyilməsi müəyyən edilsə də, həmin ziyan CM-nin 186-cı maddəsinə əsasən 5000 manatdan az olduğundan və naqillərin kim tərəfindən kəsilməsi müəyyən edilmədiyindən toplanmış materiallar üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddianın dəlilləri əsassız olduğundan, başqa sübutlarla təsdiqini tapmadığından iş materialında olan heç bir mötəbər sübutla təsdiq olunmadığından rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İkincisi, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus televizor və müşahidə kameralarına birləşdirilmiş naqillər kəsilərək yararsız hala salınsa da, həmin naqillərin məhz cavabdeh tərəfindən kəsilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-426/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar