Məhkəmə qərarları › İş №2(107)-1745/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1745/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1745/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh1 və cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cü il tarixli qətnməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28340 manat borcun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28340 manat əsas borc pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Vəndam qəsəbəsində doğulub, orada yaşamışdır, daha sonra qazanc dalınca Rusiya Federasiyasına getmiş, RF-nın vətəndaşlığını qəbul etmiş, hər il vətənə Azərbaycana gəlir, qohumlarına baş çəkir. 2018ci ilin yanvar ayında Vəndam qəsəbəsinə gələn zaman cavabdehin atası, qardaşı Cavabdeh2 Bakı şəhərində mənzil almaq istədiyini, mənzili almaq barədə satıcı ilə razılığa gəldiyini, lakin pulunun çatışmadığını bildirmiş və ondan 28.340,00 (iyirmi səkkiz min üç yüz qırx manat) pul istəmiş, tezliklə qaytaracağını bildirmişdir. Qardaşının xahişini nəzərə alaraq istədiyi məbləği ona vermək qərarına gəlmişdir. Qardaşı Ramil pulu onun oğlu İsmayıla verməyini ondan xahiş etdi. Cavabdehlər bu pulu bir neçə aya ona qaytaracağına söz verdilər. Belə olduğu halda onunla hazırkı cavabdeh İsmayıl arasında qəbz tərtib olundu və qəbzdə adları yazılmış şahidlərin iştirakı ilə 28.340,00 manat nəğd pulu xx.xx.2018-ci il taixdə sayıb İsmayıla təhvil verdi. 2018-ci ilin axırlarınadək cavabdehlər tərəfindən borcun qaytarılmasını gözləsə də onlar borcun qaytarılmaq istəməsi barədə bildirməmişlər. 2018-ci ilin axırlarından başlayaraq ondan aldığı pulu cavabdehlərdən tələb etməyə başlamışdır. Cavabdehlər ondan aldığı pulu qaytarmağa bir neçə dəfə söz versələr də, sonradan qaytarmaqdan boyun qaçırmışlar. Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun verdiyi pulu da əlavə edərək cavabdehlərin aldığı Bakı şəhərindəki mənzilin ünvanını bilmir. Bu səbəbdən verdiyi pulla alınmış mənzilə aid olan sübutu məhkəməyə təqdim etmək imkanında deyil. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıdan həmin pulu borc adı ilə almamışdır. 28430 manat pul mağaza ilə bağlı hesabat puludur. Onun və oğlu İsmayılın Bakı şəhərində evi yoxdur. İddiaçı ona zəng edərək Şahidin mağazanı əlindən almaq istədiyini bildirmişdir. İlham ondan mağazanı işlətməyi xahiş etmiş, o, isə işlətmək istəmədiyini, işlərinin çox olduğunu bildirmişdir. Həmçinin də həmin vaxt mağazanın külli miqdarda borcu var imiş. Daha sonra isə o, mağazanı təhvil almış və İlham bəhs olunan pul məbləğini ona məhz mağaza ilə bağlı vermişdir, yəni 28340 manat pul ona borc olaraq verilməmişdir. Mağazanı təhvil alan zaman orada iddiaçının 2200 manatlıq malı qalmışdır. Oğluna toy edən zaman toydan yığılan puldan 2720 manat İlhama pul vermişdir. Həmçinin o, İlhamdan mağazanı təhvil götürməsini istəmişdir. Daha sonra isə onlar öz aralarında mağaza ilə bağlı hesablaşma aparıblar. Onun 28430 manat borcu yoxdur. Həmin pulu mağaza təhvil təslim olunarkən oğlu İsmayıl İlhamdan almışdır. Yəni təhvil təslim olunarkən İlhamın onlara borcu yaranmışdır, bu səbəbdən İlham 28340 manatı onlara vermişdir. Sonda isə, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə Cavabdeh1 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)- 379/2020 nömrəli (sədrlik edən hakim E.Ş.Hüseynov, hakimlər M.M.Hüseynov və M.R.Hüseynov) qətnaməsinə əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)- 379/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3398/2020 nömrəli (sədrlik edən hakim A.Ə.Abbasov, hakimlər İ.K.Dəmirov və V.T.Həsənov) qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayətinin təmin edilməsi, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-379/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması müəyyən edilmişdir. apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, qeyd olunan mübahisənin mahiyyəti borc pul məsələsində yox, Rusiya Federasiyası vətəndaş olan iddiaçının Qəbələ rayonunun Vəndam qəsəbəsinin mərkəzi hissəsində yerləşən “Röya market” kimi tanınan qeyri-yaşayış sahəsi-mağaza ilə əlaqədardır. Belə ki, həmin market əvvəllər rəsmiyyət üzrə Şahid adlı şəxsin adına qeydə alınmış və Şahid həmin obyekti İlhamın vəsaiti hesabına işlətmiş, 2014-cü ilin ortalarında Şahid mağazanı işlətməkdən imtina etmişdir. 2014-cü ildə “Röya market” kimi tanınan həmin mağaza notarial alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçmişdir. Həmin vaxtdan mağazanı İsmayıl və Natiq Rəhimovlar birlikdə işlətməyə başlamış, bir neçə aydan sonra İlhama məxsus olmuş mağazada əvvəldən qalmış 2200 manat dəyərində malın əvəzində İddiaçı 2720 manat nəğd pul verilmişdir. 2018-ci ilin yanvar ayında İddiaçı Rusiya Federasiyasından gəlmiş və onlar mağazanı boşaldaraq iddiaçıya təhvil vermək barədə razılaşdıqdan sonra 23-24-xx xxxxxx 2018-ci il tarixlərdə mağazada qalmış malla əlaqədar hesablama aparılmış və mağazada 28.340.00 manat naturada mal olduğu müəyyən edilmişdir. Mağazanı orada natura şəklində 28.340,70 manat dəyərində olan malla birlikdə İddiaçı təhvil verərkən digər şəxslərin də iştirakı ilə yazılı sənəd tərtib olunmuş, İddiaçı 28.340.00 manat pulu Cavabdeh1 verdiyi və sonuncunun pulu təhvil aldığı orada qeyd olunmuşdur. Bildirir ki, bu məbləğdə pulun Bakıda təcili ev almaq məqsədilə İddiaçı aldıqlarına dair iddiada və qətnamədə qeyd olunanlar tamamilə həqiqətdən uzaq və əsassızdır. Əlavə olaraq bildirirlər ki, qeyd olunan tələbə dair iddia ərizəsi mülki prosessual normaların pozulması və ziddinə olaraq icraat götürülmüş və sonradan da bu hal məhkəmə qeyd olunan halı araşdırılmalı olduğu halda buna heç bir əhəmiyyət verməmişdir. Belə ki, iddia ərizəsindəki imza İddiaçı deyil, Rəhimov azər Vəli oğluna məxsusdur. İddiaçı üç məhkəmə iclasına gəlməməsinə baxmayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair onun mövqeyi nəzərə alınmalı olduğu halda məhkəmə onun prosessual hüquqlarını təmin etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinə dair ərizənin baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 və onun vəkili X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli və iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh2 qarşı borc pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3398/2020 nömrəli (sədrlik edən hakim A.Ə.Abbasov, hakimlər İ.K.Dəmirov və V.T.Həsənov) qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayətinin təmin edilməsi, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-379/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni apellyasiya baxışına qaytarılması üzrə işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, hazırki məhkəmə icraatı üzrə əsl həqiqəti müəyyən etmək üçün xx xxxxxx 2018-ci il tarixli qəbzin tərtib olunmasında iştirak edən şəxslərin, o cümlədən həmin qəbzi bilavasitə imzalamış Natiq Vəlizadə və Əlibaba Qasımovun şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən, işdə iştirak etmiş şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Vüsal Nəsibovun ifadəsi ilə müqayisəli şəkildə tədqiq edib yoxlamadan, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1, 218.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, “Röya market” mağazasının hüquqi statusuna, həmin mağazanın kimə məxsus olmasına, mağazanın və onun içərisində olan əmlakların cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi ilə xx xxxxxx 2018-ci il tarixdə şahidlərin iştirakları ilə tərtib edilib tərəflərin özləri tərəfindən imzalanmış yazılı qəbz arasında hər hansı bağlılığın olubolmamasını araşdırmadan, həmin qəbzin ümumiyyətlə Cavabdeh2 tərəfindən imzalanmamasını nəzərə almadan, iddiaçının iddia etdiyi pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Cavabdeh2 sözügedən qəbzlə üzərinə hər hansı öhdəlik götürməmişdir və həmin qəbz ümumiyyətlə onun tərəfindən imzalanmamışdır və o, iddiaçıdan hər hansı məbləğdə pul almasını nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrində etiraf etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, borcun götürülməsini təsdiq edən qəbzdə olan imza ona məxsusdur. O, İlhamın qardaşı Ramilə borc pul verdiyini təsdiq edir. X1 almışdır. Sonda bu barədə qəbz yazılmış və o, da digər iştirakçılar kimi həmin qəbzi öz imzası ilə təsdiqləmişdir. Pulun nə məqsədlə alındığı barədə məlumatı olmamışdır. Cavabdehin dediyinə görə həmin pula ev almalı idilər. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə İddiaçı X9, X6 və X7 şahidliyi ilə 28340 manat pulu təhvil götürdü. Cavabdeh1, İddiaçı və həmçinin şahidlər X9, X6 və X14 qəbzi imzaları ilə təsdiq etmişlər. Apellyasiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, İddiaçı onun əmisi cavabdeh İsmayıl onu qardaşı, Ramil isə atasıdır. Bildirir ki, mağazanı qardaşı İsmayılla o işlətmişlər. Axırda təhvil verilən zaman malları sayıb akta da imza etmişdir. Qəbz yazılan vaxtı heç bir narazılıq olmadı, sadəcə həmin vaxtı əmisi İlhamla onların arasında münasibətləri biraz soyuq idi. Əmisi onlara demişdir ki, onsuzda mağazada ərzaq satacam qoy mal qalsın, onun pulunu bizə versinlər. Mal sayıldı, onun dəyəri pul bizə verildi. Firmalara onların borcları olub, ancaq camaatdan da alınacaq pulları olub. Firmaya veriləsi və ya camaatdan alınacaq məbləğlər nəqədər olduğunu bilmir. Əmisi Rusiyadan bizə bir neçə dəfə pul göndərib, əmisinin də atasına borcu var idi. Həmin pulun mağazaya aidiyyatı olmayıb. Qəbzdəki imza onun imzasıdır. əmisi İlham ona bildirmişdir ki, mağazanı təhvil alandan sonra onsuz da o, da ərzaq satasıdır. Ərzaqların mağazada qalması müqabilində onun pulunu bizə verdi. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdehlər iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiklərinə görə cavabdehdir və qeyd olunan məbləğdəki pullar onlardan iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbini təmin edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiаçının öz iddiа tələbinin əsаsı kimi istinаd etdiyi sübut işin 47-ci vərəqində olan Cavabdeh1 xx.xx.2018-cı ildə yazdığı, özünün, iddiaçının və şahidlər X10, X6 və X11 imzaladıqları qəbzdir. Həmin şəxslərin imzaladığı qəbzin məzmunu bəzi qrаmmаtik və оrfоqrаfik səhvlər istisnа оlmаqlа аşаğıdаkı kimidir: Mən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə İddiaçı X9, X6 və X7 şahidliyi ilə 28 min 340 manat pulu təhvil götürdüm. Cavabdeh1 həmin qəbzi imzаlаdığını inkаr etməsə də, iddiaçı həmin pulu “borc” kimi deyil, mağazada olan malların dəyəri kimi verdiyini bildirmişdir. Cavabdeh2 həmin qəbzə imza etməmiş, iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, o cümlədən məhkəmə prosesləri zamanı iddianı etiraf etməmişdir. İddiaçı isə həmin pulu cavbdehlərə ev almaq üçün borc verdiyini bəyan edir. Birinci instаnsiyа məhkəməsi isə həmin qəbzi bоrc sənədi kimi qiymətləndirərək, hesаb etmişdir ki, həmin sənəd bоrcun mövcud оlmаsını təsdiq edir. Məhkəmə kоllegiyаsı bununlа rаzılаşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsində göstərilmişdir ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sözügedən qəbzin məzmunu, mahiyyəti, mənası və verilmə məqsədi həmin qəbzin borc sənədi olması qənaətinə gəlməyə əsas verir. Belə olan olan halda birinci instansiya məhkəməsi həmin qəbzi iddianın təmin edilməsi üçün əsas kimi qəbul etməklə qəbzin həqiqi məzmununa uyğun olan nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı 28340 manat borcun qaytarılmasını mübahisələndirmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Vəndam qəsəbəsində doğulub, orada yaşamışdır, daha sonra qazanc dalınca Rusiya Federasiyasına getmiş, həmin ölkənin vətəndaşlığını qəbul etmişdir, hər il vətənə- Azərbaycana gəlir, qohumlarına baş çəkir. 2018-ci ilin yanvar ayında Vəndam qəsəbəsinə gələn zaman cavabdehin atası, qardaşı Cavabdeh2 Bakı şəhərində mənzil almaq istədiyini, mənzili almaq barədə satıcı ilə razılığa gəldiyini, lakin pulunun çatışmadığını bildirmiş və ondan 28.340,00 (iyirmi səkkiz min üç yüz qırx manat) pul istəmiş, tezliklə qaytaracağını bildirmişdir. Qardaşının xahişini nəzərə alaraq istədiyi məbləği ona vermək qərarına gəlmişdir. Qardaşı Ramil pulu onun oğlu İsmayıla verməyini ondan xahiş etmişdir. Cavabdehlər bu pulu bir neçə aya ona qaytaracağına söz vermişlər. Belə olduğu halda onunla hazırkı cavabdeh İsmayıl arasında qəbz tərtib olunmuş və qəbzdə adları yazılmış şahidlərin iştirakı ilə 28.340,00 manat nəğd pulu xx.xx.2018-ci il taixdə sayıb İsmayıla təhvil vermişdir. 2018-ci ilin axırlarınadək cavabdehlər tərəfindən borcun qaytarılmasını gözləsə də, onlar borcun qaytarılmaq istəməsi barədə bildirməmişlər. 2018-ci ilin axırlarından başlayaraq ondan aldığı pulu cavabdehlərdən tələb etməyə başlamışdır. Cavabdehlər ondan aldığı pulu qaytarmağa bir neçə dəfə söz versələr də, sonradan qaytarmaqdan boyun qaçırmışlar. Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər isə iddiaçıdan borc almadıqlarını, həmin pulun özlərinin işlətdikləri cavabdehə məxsus mağazada olan qalıq malların pulu olduğunu, ididdiaçıdan həmin malların dəyərini aldıqlarını bildirmişlər. Yəni, cavabdehlər mağazada qalıq qalan malları iddiaçıya nağd qiymətə satdıqlarını bildirirlər. Lakin bu barədə təftiş aktı, və ya təhvil-təslim aktı, yaxud alqı-satqı aktını, malların çeşidləri, növləri, kəmiyyət və keyfiyyəti, qarantiya müddəti, o cümlədən qiyməti barədə məlumatları məhkəmələrə təqdim etməmişlər. (edə bilməmişlər) Cavabdehlər məhkəmə kollegiyasının iclasında göstərmişlər ki, 28340 mаnаt pulu оnа görə iddiаçıdаn аlmışlar ki, ərzаq mаğаzаsındаkı mаllаr müxtəlif şirkətlərə məxsus idi. Onlar mаğаzаnı bоşаltmаmаq üçün həmin mаllаrı hesаblаyıb pulunu iddiаçıdаn аlmış, mаllаr isə mаğаzаdа qаlmışlar. Eyni zаmаndа nisyə sаtdıqları mаllаrdаn dа аlаcаqları vаr idi və həmin pullаrı аlmаğı iddiаçıyа həvаlə etmişlər. Mаğаzаdаkı mаllаrın sаyılаrаq təhvil-təslim оlunmаsındа mаllаrı аldıqları firmаlаrın nümаyəndələri iştirаk etməyb. Məhkəmə kollegiyası cavbdehlərin həmin izahatına da tənqidi yanaşaraq qeyd edir ki, cavabdehlərin də vurğuladığı kimi, mağazada qalıq malın sahibi sonuncular deyil, paylayıcı firmalardır (şirkətlərdir). Belə olan halda mağazadakı malların sayılaraq təhvil-təhslim olunmasında həmin malların sahibi olan firmaların nümayəndələrinin iştirak etməməsi inandırıcı və ağlabatan deyildir. Eyni zamanda məntiqi bir sual yaranır ki, iddiaçı nə üçün firmalara məxsus malların pulunu həmin firmalara deyil, cavabdehlərə ödəmişdir? Göründüyü kimi, firmalar mağazaya malları nisyə (dəyəri ödənilmədən) vermiş, cavabdehlər isə həmin malları sataraq pulunu firmalara ödədikləri halda, iddiaçının sözügedən malların bütün dəyərini qabaqcadan ödəməsi barədə dəlilləri də heç bir məntiqə sığmır. Digər tərəfdən, mağazadakı mallar ərzaq malları olduğundan onların yararlıq və saxlama müddəti də olmuşdur. Formalaşmış işgüzar adətlərə görə, vaxtında satılmamış və yararlıq müddəti keçmiş mallar həmin malı firmalar tərəfində geri alınır (qaytarılır). Bu baxımdan da məhkəmə kollegiyası qeyd edir ki, malların çeşidi, növü, kəmiyyət və keyfiyyəti, qarantiya və yaralıq müddəti və s. barədə məlumatı olmadan iddiaçının firmalara məxsus malların dəyərini cavabdehlərə ödəməsi ağlabatan deyildir. Çünki, iddiaçı mağazadakı malların dəyərini ödəmək fikrinə düşsəydi, həmin pulu cavabdehlərə deyil, həmin malların sahibi olan firmalara ödəyərdi. Bu baş verməmişdir. Bundan əlavə cavabdehin həmçinin nisyə satılmış malların pulunun, alıcılardan alınmadan hesablanaraq İddiaçı tərəfindən onlara verilməsi barədə izahatı da inandırıcı hesab etmir və subut növü kimi qəbul etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülahizələri həqiqəti əks etdirmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 Rəhim oğluna 28340 manat pul borc vermiş, bu barədə Cavabdeh1 tərəfindən iddiaçıya yazılı surətdə qəbz verilmişdir. Cavabdeh tərəf həmin qəbzin ona məxsus olmasını təsdiq etmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-c maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində göstərilmişdir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edən Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Göstərilən norma öhdəliyin icrası ilə əlaqədar tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Normaya görə kreditor tərəfindən verilmiş pul məbləğini qaytararkən borclu kreditordan borcun qaytarılmasını təsdiq edən sənədin verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə qismən razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında onların öhdəliklərini dəqiq müəyyən edən xx.xx.2018-ci il tarixli qəbz belə bir nəticəyə gəlməyə əsas verir ki, müqavilənin predmeti olan 28340 manat pul məbləği Cavabdeh1 оğluna verilmişdir. Əks təqdirdə o, qəbzi imzalamazdı. Digər Cavabdeh2 ilə iddiaçı arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə də iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. Birinci instansiya məhkəməsi qətnaməsi həmin hissədə ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü Cavabdeh1 üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28340 manat borcun tutularaq İddiaçı ödənilməsi barədə gəldiyi nəticə Cavabdeh2 münasibətdə yanlış olmuş, ona görə də ona aid hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Ona görə də apelyasiya məhkəməsinin qənaətincə birincin instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh2 qarşı borc pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, qətnamənin Cavabdeh1 28340 manat borc tutularaq İddiaçı verilməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh2 qarşı borc pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamənin Cavabdeh1 28340 manat borc tutularaq İddiaçı verilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim : Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar