Məhkəmə qərarları › İş №2(107)-1752/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1752/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1752/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(039)-982/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq 15.500 ABŞ dollarının manata məzənnədə 22.100 manatın, çəkisi orta hesabla 800 kq olan 20 baş iri buynuzlu erkək cöngənin satış qiyməti olan(orta hesabla hər kq 8 manatdan hesablanmaqla) 128.000 manatın və əldən çıxmış faydaya görə 195.000 manatın cavabdehlərdən müştərək olaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 08 iyun 2021-ci il tarixli, 2(039)- 982/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, 15.500 (on beş min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnə nisbətində manatla və 128.000 (bir yüz iyirmi səkkiz min ) manat pul Cavabdeh3 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun kəsir hissəsi olan 20 manat Cavabdeh3 dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin ortalarında hazırkı iş üzrə cavabdeh olan Tahirlə tanış olmuşdur. Tahir ona bildirmişdir ki, Rusiya Federasiyasına gedərək mal alıb gətirsin, həmin malları Azərbaycanda sataraq pul qazansınlar, malların saxlanılması üçün Yevlax rayonunda hər bir şəraiti-ferması var. O, da Tahirlə razılaşaraq bildirmişdir ki, Rusiyadan malları gətirir və hissə-hissə satır, əldə olunan gəlirin 20%-ni Tahirə verir. Rusiyadan mal gətirmək məqsədilə dostu Faiqdən 40.000 ABŞ dolları borc götürmüşdür. 2016-cı ilin oktyabr ayında diri çəkisi ***-**** kq arasında olan 42 baş iribuynuzlu erkək cöngəni Rusiya Federasiyasının Omsk vilayətindən Azərbaycana gətirmişdir. Həmin cöngələri 1 ay müddətində baxmaq üçün Tahir və Sabir qardaşlarına vermişdir. Bir ay müddətində, yəni cöngələr hissə-hissə satılana qədər yemlənməsi üçün 1.300 manat pulu Sabir və Tahirə vermişdir. Rusiya Federasiyasına getməzdən əvvəl Faiqdən aldığı 40.000 ABŞ dollarından 30.000 ABŞ dollarını sonradan ona göndərməsi üçün Tahirə vermiş, həmin puldan 4.500 ABŞ dollarını Sirac və Tahir, 10.000 ABŞ dollarını isə oğlu Əmrah vasitəsilə ona göndərmişlər. Qalan 15.500 ABŞ dollar pul isə Sirac və Tahirdə qalmışdır. 42 baş cöngəni Tahirgilə təhvil verdikdən sonra ona məlum olmuşdur ki, cavabdehlər 20 baş cöngəni satıblar. Qalan 22 baş malı isə özü fermadan götürərək Bakı şəhərində satmışdır. Satılmış 20 baş cöngənin pulunu cavabdehlərdən istəyəndə 10-15 günə qaytaracaqlarına söz versələr də, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışlar. Cavabdehlərin hərəkətləri ilə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı pul tələbi ilə bağlı iddia irəli sürür. Cavabdeh isə yəni, o bu halı mübahisələndirir. Belə bir məbləğin olmadığını bildirir. Belə olan halda iddiaçı ən əvvəl həmin pulu ona verməsini təsdiq etməlidir. Ona qarşı 15.500 ABŞ dollarını Azərbaycan məzənnəsi ilə üzərinə bu pulun alınmasını qoyur. Ancaq istinad etdiyi halı heç bir halda sübüt etmir. Belə olan halda iddiaçı öz tələbini sübüt edə bilmirsə, o cavabdeh olaraq iddiaçının tələbini rədd edən halı sübüt etməlidirmi? iddiaçı qəbzi polis şöbəsinə verdiyini bildirir. Bu halı təsdiq edən meyarlar, nə çıxarılmış qərarlarda öz təsdiqini tapır, nədə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardə qeyd olunan hallar öz təsdiqini tapır. Bütün bunlar tam yalan informasiyalardır. Göründüyü kimi iddiaçı istinad etdiyi halı sübüta yetirə bilmdiyini, məhkəmə gördüyü halda iddiaçının tələbini təmin edərkən onun həmin pulu qaytardığını sübuta yetirmədiyini bildirir. Əcaba, o bu pulu götürmüşdür ki, qaytardığınıda sübut etsin. Belə çıxır ki, iddiaçı iddiasında 100.000 manat tələb etsəydi məhkəmə həmin məbləği onun qaytardığını sübut etmədiyi üçün təmin etməli idi. O bu şəkildə qəbul edilmiş qətnaməni rədd edir. İddiaçı bu həddə məbləği ona qəbzlə, bank ödənişi ilə yaxud səsli telefonla verdiyini nə üçün sübuta yetirmir? Ona görə ki, belə bir məbləğ, ödəmə olmamışdır. Şəxs yalan danışır, yalan informasiya verir, bununla da məhkəməni aldadır. Burada söhbət pulun ona verilməsindən gedirsə o bu halı rədd edir. Bu halı mübahisələndirir. Əsassız, yalan olduğunu biİdirir. Burada sübut etmə yükü iddiaçının üzərinə düşür. Bu hallarıda sübut etmək iddiaçının vəzifəsidir. İddiaçının izahat və fikirləri öz-özlüyündə həmin faktın təsdiq olunması nəticəsinə məhkəmənin gəlməsinə heç bir halda yol verə bilməz. Həmin izahatlar və ifadələr o zaman mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin məlumatlar işdə digər sübutlarla təsdiq olunsun. Ona görə də o iddianın 15.500 ABŞ dolları hisəssi ilə bağlı tələbi tam olaraq rədd edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf apellyasiya şikayəti verməklə işi süni şəkildə yubatmağa çalışır. Onun əvvəllər cavabdehlərlə heç bir tanışlığı olmamışdır. Bütün münasibətlər bu işlərdən sonra, Cavabdeh1 vasitəçiliyi ilə yaranmışdır. Düzdür, o 30000 ABŞ dollar pulu cavabdehlərə verəndə heç bir rəsmiləşdirmə aparmamış, həmin pulu şahidlərin yanında vermişdir. Lakin cavabdeh tərəf göstərilən bu etimaddan sui-istifadə edərək, ona xeyli məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin cavabdehin vəkili məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(039)-982/2021 nömrəli qətnaməsini tam ləğv edilməsini xahiş etsə də apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Cavabdeh qətnamənin tam ləğvini tələb etsə də, bu anlaşılan deyil, çünki apellyasiya şikayətinin dəlillərində iddianın təmin olunmayan hissəsi ilə bağlı dəlillər göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(039)-982/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilərək, əvvəlki və apellyasiya icraatı zamanı əldə olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş; X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. 2016-cı ilin ortalarında o, Əfqanın Tahir və Sirac adlı şəxslə razılığa gələrək iş qurmaq istədiyini bilmişdir. Razılaşmaya əsasən Əfqan öz vəsaiti hesabına Rusiyadan iri buynuzlu mal-qara alıb gətirməli və saxlaması üçün Tahirə verməli, Tahir də həmin malları Yevlax rayonunda yerləşən fermasında saxlamalı idi. Bu məqsədlə o, Əfqanla birlikdə Bakı şəhərindən Yevlax rayonuna gəlmiş və Tahirə məxsus fermanın şəraiti ilə tanış olmuşdur. Bu zaman Sirac da onlarla birlikdə olmuş və Tahirə vasitəçilik etmişdir. O, Əfqanın bu işinə razılıq verməsə də, ondan inciməməsi üçün ona borc pul verəcəyini, işləri yaxşı gedərsə gələcəkdə onun da şərik olaraq işə qoşulacağını bildirmişdir. 2016-ci ildə Əfqan Rusiyaya getməzdən əvvəl o, Əfqana 40.000 ABŞ dolları pul vermişdir. Həmin pulun 30.000 ABŞ dollarını Əfqan onun yanında Tahirə vermişdir. Əfqan cöngələri alıb gətirdikdən sonra o eşitmişdir ki, Tahir 20 baş cöngəni Əfqana xəbər vermədən satıb. Şahid qismində dindirilmiş X1 və X4 şahid X6 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarına əlavə edilmiş və kollegiya tərəfindən təqdim edilmiş; "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli arayışdan görünür ki, çəkisi 800 kq olan iribuynuzlu erkək cöngənin 04.06.2021-ci il tarixə real bazar dəyəri 6800 manat təşkil edir. Apellyasiya icraatı zamanı əldə olunmuş; AR KTN X11 İnkişaf Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 21/296 nömrəli məktubdan müəyyən edilir ki, diri çəkisi 800 kq olan iribuynuzlu heyvanın (çöngənin) hazırki bazar dəyəri aşağıdakı kimidir. Yüksək köklükdə-3600 manat, orta köklükdə-3200 manat, aşağı köklükdə-2700 manat. Şəki-Bazar ASC-nin 01 noyabr 2021-ci tarixli, 39 nömrəli məktubun məzmunundan görünür ki, bir baş diri çəkisi 800 kiloqram olan (rus cinsli) iribuynuzlu heyvanın (çöngənin) orta satış qiyməti 2800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.3-cü maddəsinin tələbinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.

822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsində ləğv edilməsi üçün əsaslı olsa da, iddia tələbinin bu hissədə tam rədd edilməsi üçün əsaslı deyil. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. Birincisi, kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı bildirir ki, iş materialları, o cümlədən 7 dekabr 2019-cu il tarixli cinayət işinin rədd olunması barədə qərardan görünür ki, cavabdeh Sabir Qəmbərov qardaşı Tahir Qəmbərovun iribuynuzlu heyvan alqı-satqısı ilə məşğul olduğunu, hazırda Rusiyada yaşadığını bildirərək, 2016-cı ildə Tahirin Bakı şəhərində tanış olduğu Əfqan adlı şəxsin onların məskunlaşdığı fermaya 42 baş iribuynuzlu heyvanın gətirdiyini, Tahirin heyvanların yarısını satdığını, qalan yarısını isə Əfqan tərəfindən aparıldığını etiraf etmişdir. İkincisi, işin faktiki halından göründüyü kimi cavabdeh tərəf iddiaçıdan nəqd şəklində pul almadığını bildirsə də, iddiaçı tərəfindən 42 baş iribuynuzlu heyvanın onların fermasında saxlanıldığını və cavabdeh Tahir Qəmbərov tərəfindən həmin heyvanların yarısının nisyə qaydada qəssablara satıldığını etiraf etmişdir. Üçüncüsü, iddiaçı diri çəkisi ***-**** kq olan 42 baş iribuynuzlu heyvanın cavabdeh tərəfə verildiyini bildirsə də, həmin heyvanların sayı, çəkisi və dəyəri ilə bağlı, ümumiyyətlə iddia tələbini dəstəkləyən hər hansı mötəbər sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim etmiş, bunu öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəf 42 baş iribuynuzlu heyvanın onlara verildiyini, həmin heyvanlardan 20 başının Cavabdeh3 tərəfindən satıldlğını və çəkisini mübahisələndirməmişdir. Cavabdeh tərəfin mübahisələndirdiyi hal, əsasən iddiaçının onlara nəqd şəklində pul verməməsi, onların 15 500 ABŞ dollar məbləğində borcunun olmaması, həmçinin satılmış heyvanların dəyərinin 128 000 manat təşkil etməməsi, eləcə də göstərilənlərlə bağlı iddiaçının sübut təqdim etməməsi olmuşdur. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf bununla bağlı sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə həmin heyvanların real bazar dəyərini müəyyən etmək üçün müstəqil qiymətləndiricinin rəyindən istifadə etmişdir ki, bu rəqəmin də, yəni bir baş heyvanın-çöngənin dəyərinin 6800 manat olması əsl həqiqətdə inandırıcı və ağlabatan görünmür. Məhkəmə kollegiyası bu ziddiyyəti aradan qaldırmaq məqsədilə mübahisəli heyvanların dəyərinin müəyyən edilməsi məqsədilə bu sahə ilə məğşul olan təşkilatlara yenidən sorğu vermişdir. Alınmış sorğu nəticəsində müəyyən edilmişdir ki, diri çəkisi 800 kq olan bir baş iribuynuzlu heyvanın (çöngənin) hazırki bazar dəyəri, yüksək köklükdə-3600 manat, orta köklükdə-3200 manat, aşağı köklükdə-2700 manat (AR KTN X11 İnkişaf Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 21/296 nömrəli məktub) və ya bir baş diri çəkisi 800 kiloqram olan (rus cinsli) iribuynuzlu heyvanın (çöngənin) orta satış qiyməti 2800 manat təşkil edir (Şəki-Bazar ASC-nin 01 noyabr 2021-ci tarixli, 39 nömrəli məktubu). Göründüyü kimi hər iki sahəvi təşkilat tərəfindən verilmiş məktubda heyvanların dəyəri təxminən eynilik təşkil edir. Dördüncü, Kollegiya apellyasiya şikayətinin digər dəlili, yəni cavabdehlərin nəqd şəklində iddiaçıya 15.500 ABŞ dollar borcunun olub-olmaması ilə bağlı qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan vəziyyədə bu qənaəti əsaslı hesab etmək olarmı, ələbttə ki, açıqlanmamış və əsaslandırılmamış bu qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab etmək olmaz. İş üzrə dindirilmiş şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında birgə fəaliyyət barədə şifahi razılaşma əldə olunmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı öz vəsaiti hesabına Rusiya Federasiyasından iri buynuzlu mal-qara alaraq Azərbaycana gətirməyi, həmin heyvanları cavabdehə məxsus fermada saxlamağı, sonra isə həmin cöngələri sataraq, satışdan əldə etdiyi gəlir hesabına Cavabdeh3 müəyyən faiz ödəməyi, Cavabdeh3 isə iddiaçının gətirdiyi cöngələri, onlar satılanadək Yevlax rayonunda yerləşən fermada saxlamağı və onlara baxmağı öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd olunan razılaşmanın şərtlərinə əməl edərək, 2016-cı ilin oktyabr ayında 42 baş cöngəni Rusiya Federasiyasından gətirmiş və cöngələri satılanadək Cavabdeh3 təhvil vermişdir. Lakin Cavabdeh3 razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, iddiaçıdan təhvil aldığı 42 baş cöngədən 20 başını iddiaçının məlumatı və razılığı olmadan satmış, satışdan əldə etdiyi pulu isə iddiaçıya qaytarmamışdır. Bununla da cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Kollegiyanın qənaətinə görə Cavabdeh3 tərəfindən 20 baş cöngənin özbaşına satışı ilə iddiaçıya vurulan maddi zərərin məbləği iddia ərizəsində qeyd edildiyi kimi və ya birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə deyil, məhz apellyasiya icraatı zamanı əldə olunmuş mütəxəssis qiymətləndirməsi əsas götürülməklə təmin edilməlidir. Çünki apellyasiya icraatı zamanı əldə olunmuş qiymətlər, sahəvi mütəxəssis mövqeyinə əsaslanır. Kollegiya bu halda qeyd etməyi zəruri hesab edir ki, tərəflərdən heç biri mübahisəli heyvanların vəziyyəti (kök, orta və ya arıq olması) barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə orta köklükdə (3200 manat) qiymətləndirilmiş heyvanın dəyərini əsas götürməyi məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində tam ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə qismən, yəni diri çəkisi 800 kq olan, 20 baş iribuynuzlu heyvanın (cöngənin) dəyərinə (hər biri 3200 manat olmaqla, 20x3200=64000 manat) münasibətdə təmin edilməli, iddia qalan hissələrdə sübut olunmadığından rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(039)-982/2021 nömrəli qətnaməsi qismən, yəni “15.500 (on beş min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnə nisbətində manatla və 128.000 (bir yüz iyirmi səkkiz min) manat pul Cavabdeh3 İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilsin. Cavabdeh3 diri çəkisi 800 kq olan, 20 baş iribuynuzlu heyvanın (cöngənin) dəyərinə (hər biri 3200 manat olmaqla, 20x3200=64000 manat) münasibətdə 64000 (altmış dörd min) manat alınaraq İddiaçı verilsin. İddia tələbi 15.500 ABŞ dolların və heyvanların dəyərinin qalan hissəsinin Cavabdeh3 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar