Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1764/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(063)-2/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 051R********** saylı kredit razılaşması üzrə 19125,59 USD məbləğində kredit borcu, 8423,62 USD məbləğində faiz borcu və 19099,7 USD məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46648,91 USD məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin birinci, üçüncü, dördüncü və beşinci cavabdehlərin Ucar şəhəri, Şirvan küçəsində ümumi mülkiyyətindəki 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə 46648,91 USD məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Ucar şəhəri, Şirvan küçəsində yerləşən birinci, üçüncü, dördüncü və beşinci cavabdehlərin ümumi mülkiyyətində olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibrarət 15 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra birinci, üçüncü, dördüncü və beşinci cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 15 fevral 2021-ci il tarixli, 2(063)- 2/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 051R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 19125.59 (on doqquz min yüz iyirmi beş, əlli doqquz) USD, faiz borcuna görə 8423.62 (səkkiz min dörd yüz iyirmi üç, altmış iki) USD, dəbbə puluna görə 500 (beş yüz) USD, cəmi 28049,21 (iyirmi səkkiz min qırx doqquz, iyirmi bir) USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və xidmət haqqına görə 20 (iyirmi) manat, ümumilikdə 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Ucar şəhəri, Şirvan küçəsində Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və X2 ümumi mülkiyyətində olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibrarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə açıq hərracda satılsın, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi və torpaq sahəsi boşaldılması, satışdan əldə edilən məbləğ İddiaçı QSC-nin tələbindən artıq olarsa, artıq məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və X3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 150 (bir yüz əlli) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və 200 (iki yüz) manat "xxxx" MMC-nin (h/h:AZ66AİİB********************, kod:200093, VÖEN:**********, SWİFT:AİİBAZ2X, m/h:AZ37NABZ********************) xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, birinci cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 noyabr 2018-ci il tarixə 638 gün üçün hesablanmış faiz borcu 8423,62 USD təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 01 noyabr 2018-ci il tarixə 638 gün üçün hesablanmış cərimə 19099,7 USD təşkil edir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə birinci, üçüncü, dördüncü və beşinci cavabdehlər-ipoteka verənlər iddiaçı ilə bağladığı 04 oktyabr 2011-ci il tarixli, 26M000000128 nömrəli ipoteka müqaviləsi (Ucar rayon dövlət notariat kontorunun dövlət notarisu E.Ə.Cəlalov tərəfindən təsdiq edilmişdir) əsasında Ucar şəhəri, Şirvan küçəsində ümumi mülkiyyətdə olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibrarət 15 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmış və seriya RX, ******* nömrəli çıxarışa əsasən birinci, üçüncü, dördüncü və beşinci cavabdehlərin Ucar şəhəri, Şirvan küçəsində ümumi mülkiyyətində olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibrarət 15 nömrəli fərdi yaşayış evinin birinci cavabdehin kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan-iddiaçı tərəfindən ipoteka qoyanlar-birinci, üçüncü, dördüncü və beşinci cavabdehlərə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 01 noyabr 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 09 noyabr 2017-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 14 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə ikinci, üçüncü, dördüncü və beşinci cavabdehlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında birinci cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Birinci cavabdeh 01 noyabr 2018-ci il tarixdən sonra ümumilikdə cəmi 2048.79 USD ödəniş etmiş, həmin ödənişlər 051R********** saylı kredit razılaşması üzrə əsas borca silinmiş, hazırda onun 051R********** saylı kredit razılaşması üzrə 19125.59 USD əsas borcu, 8423.62 USD məbləğində faiz borcu və 19099.7 USD məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46648.91 USD məbləğində borcu qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ucar rayon məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız ədalətsiz hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi faiz borcu İddiaçı QSC tərəfindən düzgün hesablanmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil, faiz və cərimədən silinmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin mühasibatlıq ekspertizasının rəyi kifayət qədər aydın deyil, ekspert qoyulmuş sualları tam həll etməmişdir. Rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli olduğu halda məhkəmə əlavə məhkəmə ekspertizası təyin etməmişdir. Bundan başqa ipoteka predmeti olan Ucar şəhəri, Şirvan küçəsində ümumi mülkiyyətdə olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 62000 manat müəyyən edilmişdir. Halbu ki, Ucar şəhəri, Şirvan küçəsində ümumi mülkiyyətdə olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 120000 manatdır. Belə olan halda hesab edir ki, ipoteka predmeti olan əmlak digər müstəqil qiymətləndiriciyə həvalə edilməklə yenidən qiymətləndirilməli və Ucar şəhəri, Şirvan küçəsində ümumi mülkiyyətdə olan 0,055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81,8 kv.m yaşayış, 162,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən edilməli idi. Qeyd edilənlərə əsasən Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(063)-2/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o bu gün də bankın pulunu ödəməkdən yayınmır, sadəcə pulu birdəfəyə ödəməyə imkanı yoxdur. Apellyasiya şikayətini verməkdə əsas məqsədi vaxt udmaqdır. Ona görə də pulun ödənilməsi üçün ona əlavə vaxt verilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçınının nümayəndəsi A.Osmanlı məhkəməyə teleqram ünvanlayaraq işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(063)-2/2021 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(063)-2/2021 nömrəli qətnaməsi ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: 04 oktyabr 2011-ci il tarixli, 26L000000482 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı-bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana-birinci cavabdehə 100.000 USD məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 04 oktyabr 2011-ci il tarixli, 26L000000482 nömrəli kredit xətti müqaviləsi üzrə 051R********** nömrəli, 01 sentyabr 2015-ci il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı-bank, məbləği 27000 USD olan krediti aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla 30 ay müddətinə kredit alana-birinci cavabdehə verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdələrinə götürmüşlər. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 23 fevral 2016-cı il tarixli, 051R**********S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 04 oktyabr 2011-ci il tarixli, 26L000000482 nömrəli kredit xətti müqaviləsi üzrə 01 sentyabr 2015-ci il tarixdə bağlanmış 051R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 23 fevral 2016-cı il tarixdən aylıq 1.6667 faiz dərəcəsi ilə faizlər hesablanır, kredit alan bu sazişə əlavə olunan 23 fevral 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 iyul 2016-cı il tarixli, 051R**********SA nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 04 oktyabr 2011-ci il tarixli, 26L000000482 nömrəli kredit xətti müqaviləsi üzrə 01 sentyabr 2015-ci il tarixdə bağlanmış 051R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 23 fevral 2016-cı il tarixdən aylıq 1.6667 faiz dərəcəsi ilə faizlər hesablanır, kredit alan bu sazişə əlavə olunan 18 iyul 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. 04 oktyabr 2011-ci il tarixli, 26S000000882 nömrəli zaminlik müqaviləsindən görünür ki, 04 oktyabr 2011-ci il tarixdə iddiaçı ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 04 oktyabr 2011-ci il tarixli, 26S000000877 nömrəli zaminlik müqaviləsindən görünür ki, 04 oktyabr 2011-ci il tarixdə iddiaçı ilə üçüncü cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 04 oktyabr 2011-ci il tarixli, 26S000000880 nömrəli zaminlik müqaviləsindən görünür ki, 04 oktyabr 2011-ci il tarixdə iddiaçı ilə dördüncü cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 04 oktyabr 2011-ci il tarixli, 26S000000881 nömrəli zaminlik müqaviləsindən görünür ki, 04 oktyabr 2011-ci il tarixdə iddiaçı ilə beşinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 04 oktyabr 2011-ci il tarixli, 26M000000128 nömrəli ipoteka müqaviləsindən görünür ki, 04 oktyabr 2011-ci il tarixdə iddiaçı ilə brinci, üçüncü, dördüncü və beşinci cavabdehlər arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanlar-həmin cavabdehlər borclunun ipoteka saxlayan qarşısında öhdəliklərini icrasını təmin etmək üçün Ucar şəhəri, Şirvan küçəsində mülkiyyətlərində olan 0.055 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81.8 kv.metr yayayış, 162.1 kv.metr köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 15108 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, Şirvan küçəsində 0.055 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 15 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində 21 sentyabr 2017-ci ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2018-ci il tarixli, 9486 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, birinci cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kreditin statusu” vərəqəsi məlumatları, ödəniş qəbzləri: 01 sentyabr 2015-ci il tarixli, 051R********** saylı kredit razılaşması, 23 fevral 2016-cı il tarixli “Saziş” və 18 iyul 2016-cı il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq birinci cavabdehin 24 noyabr 2017-ci il tarixə (sualda qeyd edilən tarixə) banka olan borcu 27.094,65 USD məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə-22.149,32 USD, faiz borcu üzrə-4.945,33 USD. "xxxx" MMC-nin 02 mart 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Ucar şəhəri, Şirvan küçəsində, ümumi mülkiyyətdə olan 0,055 ha torpaq sahəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin hazırkı dövrə olan bazar qiyməti 51000 (əlli bir min) manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə 25 iyun 2018-ci il tarixli hesabatından görünür ki, Ucar şəhəri, Şirvan küçəsi, 15-də yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 120 000 manat təşkil edir. "xxxx" MMC-nin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə 21 sentyabr 2018-ci il tarixli hesabatından görünür ki, birinci, üçüncü, dördüncü və beşinci cavabdehlərin mülkiyyətində olan Ucar şəhəri, Şirvan küçəsində 0,055 ha torpaq sahəsində yerləşən 15 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 120.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş fərdi yaşayış evinin qiymələndirilməsinə dair 13 oktyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Ucar şəhəri, Şirvan küçəsində, ümumi birgə mülkiyyətdə olan 0.055 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 243.9 kv.m ümumi, 81.8 kv.m yaşayış, 162.1 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin hazırda orta bazar qiyməti 62000 (altmış iki min) manat, likvid qiyməti 55000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 iyul 2016-cı il tarixli, 051R**********SA nömrəli sazişin və 04 oktyabr 2011-ci il tarixli, 26M000000128 nömrəli ipoteka müqaviləsi qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə birinci cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit xətti müqaviləsi və kredit razılaşması, habelə iddiaçı ilə birinci, üçüncü, dördüncü və beşinci cavabdehlər arasında kredit xətti müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmış və birinci cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apellyator) faiz və cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, Cavabdeh1 özü şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etməklə bank tərəfindən ona 30 ay müddətinə aylıq 1.8333 faiz dərəcəsi ilə 27000 ABŞ dollarının verildiyini etiraf etmiş, lakin maddi imkanın pisləşməsi səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini, bu səbəbdən də hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında həmçinin faiz və əsas borcu mübahisələndirmədiyini, dəbbə pulunun isə azaldılmasını xahiş etmişdir. Göründüyü ki, birinci instansiya məhkəməsi tərəfindən də dəbbə pulu kifayət qədər azaldılmışdır. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, apellyasiya şikayətində faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Çünki hazırki işin icraatı birinci instansiya məhkəməsinin icraatı zamanı kifayət qədər çox uzanmışdır. Beşinci, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin dəyərinin “lkin satış qiyməti kimi” göstərilməsinə münasibət bildirərək qeyd edir ki, sonuncu qiymətləndiricinin rəyinə əsasən ilkin satış qiyməti 62000 manat, likvid dəyəri isə 55000 manat göstərilmişdir. Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilən zaman tərəflər həmin məbləği mübahisələndirməmiş, əlavə olaraq Bank tərəfindən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, nə qədər ki, iddiaçı Bank ipoteka predmeti olan əmlakın likvid dəyərini mübahisələndirməyib, apellyasiya şikayətini isə cavabdeh verib, onda likvid dəyəri 55000 manat məbləğində müəyyən etmək cavabdehin ziyanı ilə nəticələnəcək. Bu baxımdan kolegiya ipoteka predmetinin dəyərinə toxunmağı məqsədə müvafiq hesab etmir. Kollegiya sonda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırki apellyasiya şikayətini verməkdə əsas məqsədi işi yenidən süni şəkildə uzatmaq məqsədi daşıyır. Bu cür hallar isə yolverilməz olmaqla, kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(063)-2/2021 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1764/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1764/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver