Məhkəmə qərarları › İş №2(107)-1765/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1765/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1765/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” təlbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 2(024)-245/2021 saylı, 27 may 2021-ci il tаrixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 1,430.55 (bir min dörd yüz otuz manat, 55 qəpik) manat- bundan 451,43 (dörd yüz əlli bir manat, 43 qəpik) manat əsas, 210.84 (iki yüz on manat, 84 qəpik) manat faiz, 616,36 (altı yüz on altı manat, 36 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 151,92 (bir yüz əlli bir manat, 92 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "Texnikabank” ASC-yə ödənilməsi barəd qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış TB ZAQ 52/12 №-li 23 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 qızma kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 23 yanvar 2012-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 05.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1,430.55 (bir min dörd yüz otuz manat, 55 qəpik) manat təşkil edir. Bundan 451.43 (dörd yüz əlli bir manat, 43 qəpik manat əsas, 210,84 (iki yüz on manat, 84 qəpik) manat faiz, 616,36 (altı yüz on alı manat, 36 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 151.92 (bir yüz əlli bir manat, 92 qəpik) manat faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 2(024)-245/2021 saylı, 27 may 2021-ci il tаrixli qətnaməsi (M. Qarayev) ilə iddia təmin edilməmiş, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış TB ZAQ 52/12 №-li 23 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 qızma kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 23 yanvar 2012-ci il tarixli Zaminlik müqaviləsi. bağlanmışdır. Hazırda bank iddia qaldıraraq Cavabdeh1 05.02.2021-ci il tarixə kredit üzrə banka cəmi borcu 1,430.55 (bir min dörd yüz otuz manat, 55 qəpik) manat borclu olduğunu iddia edir. Lakin cavabdeh tərəf məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin X4 verdiyi 23.12.2013-cü il tarixli 29/483 saylı notarial qaydada təsdiq edilmiş arayışından görünür ki, Cavabdeh1 filiala olan bütün öhdəliklərini tam yerinə yetirmiş və filiala heç bir kredit borcu qalmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliklərini tam yerinə yetirmiş, bu səbəbdən iddia əsassız olduğundan iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci maddələri, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16 bəndi, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün faktları araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin X4 verdiyi 23.12.2013-cü il tarixli, 29/483 nömrəli notarial qaydada təsdiq edilmiş arayışa istinad edərək Cavabdeh1 filiala olan bütün öhdəliklərinin tam yerinə yetirməsini və filiala heç bir kredit borcunun qalmamasını əsas götürmüşdür. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən arayışa istinad edilərkən həqiqətən də onun bank (Filial müdirinin əvəzi X6 mənafeyi baxımından çıxış edib-etməməsi) tərəfindən verilibverilməməsi, saxta olub-olmaması, arayışın hansı şəraitdə alınması və ya tərtib edilməsi, onu verən şəxslərin həmin arayışı imzalamağa səlahiyyətlərinin (etibarnamə və ya protokol) olub-olmaması, daha sonra həmin arayışa imza edən şəxslərin öz iradələri leyhinə imza edib-etməmələri, bir sözlə Cavabdeh1 sözügedən arayışı hansı vasitə ilə alması tam araşdırılmamışdır. Bundan əlavə, "xxxx" ASC-nin X7 tərəfindən verilmiş 23.12.2013-cü il tarixli, 29/483 nömrəli kredit borcunun tam olaraq ödənilməsi barədə arayışın doğruluğunun təsdiqi üçün Cavabdeh1 kredit borcu ödəmələri ilə bağlı “ödəniş qəbzləri məhkəməyə təqdim edilməmiş və təqdim edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. Tərəflərindən Bankın Kredit Şöbəsinə sorğu edilərək götürülmüş **********669015608 hesab nömrəsi, 01.01.2013-14.04.2016-cı il tarixləri əhatə edən Cavabdeh1 kredit borcu üzrə ödənişləri ilə əlaqədar hesabdan çıxarışdan görünür ki, 28.04.2015-ci il tarixdə Cavabdeh1 tərəfindən 100 (bir yüz) manat məbləğində kredit ödənişi edilmişdir. Cavabdeh1 sözügedən arayışın verilmə tarixindən sonrakı ödənişi başa düşülən deyildir, eyni zamanda cavabdehin kredit borcu üzrə etmiş olduğu ödəniş həmin arayışın doğruluğunu və həqiqiliyini şübhə altına alır. Bununla bağlı qeyd eidirlər, Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə əsasən krediti və ona hesablanmış faizləri ödəmə öhdəliyini öz üzərinə götürmüşdür. Buna uyğun olaraq iş materiallarında olan 14.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05.02.2021-ci il tarixinə cəmi 1.430,55 (bir min dörd yüz otuz manat, 55 qəpik) manat - bundan 451,43 manat əsas, 210,84 manat faiz, 616,36 manat cərimə, həmçir n müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.201—:- Plenum qərarına əsasən hesablanmış 151,92 manat faiz borcu vardır. Qeyd etməyi zəruri hesab edirlər ki, Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilərək Cavabdeh1 2000 (iki min) manat məbləğində kredit verilmiş və cavabdeh tərəfindən də kredit müqaviləsi üzrə öhdəliklərin (ödənişlərin) vaxtında və lazımınca yerinə yetirilməsi gözlənilmişdir. Kredit öhdəliklərinin icra sənədi əsasında icra ediləcəyi nəzərdə tutulmamışdır. Daha sonra, FJB**********347 nömrəli kassa mədaxil qəbzinin əslindən görünür ki, Cavabdeh1 həqiqətən də 28.04.2015-ci il tarixdə 100 (bir yüz) manat məbləğində kredit ödənişi etmişdir. Xatırladılır ki, ləğv prosesində olan bank kimi İddiaçı ASC Mərkəzi banka aylıq, rüblük və illik hesabatlar verir ki, bu tip silinmələrin ardıcıllığında və məbləğlərin mütənasib miqdarında hər hansı yanlışlıq olmaması dəfələrlə yoxlanılır, silinmələr zamanı “nisbət xüsusi diqqətdə saxlanılır.Bundan əlavə hesab edirlər ki, məhkəmə hazırda bankın sistemində borc qala-qala filial müdiri əvəzi işləmiş X1 tərəfindən verilmiş arayışa əsasən iddianı təmin etmədiyi təqdirdə həmin vaxtı Filial müdirinin əvəzi işləmiş Nəriman Əfəndiyevin əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə bu iş üzrə xüsusi qərardad qəbul edərək prokurora məlumat verməli və işin halları tam, hərtərəfli, obyektiv araşdırılıb yekun qərar qəbul edilməlidir. Belə ki, Bank kredit müqaviləsi üzrə öhdəsinə düşəni etmiş, kredit məbləğini cavabadehə vermişdir. Lakin, cavabdehin qeyd etdiyi kimi borcu tam ödəməsi halında filial müdirinin əvəzi işləmiş X1 öz mənafeyi naminə qanunsuz fəaliyyətlə məşğul olmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın əmlakını mənimsəmiş, saxtakarlıq etmişdir. Birinci instansiya məhkəməsi ədalətli və qanuni qətnamənin qəbul edilməsinə nail olmaq üçün mübahisələndirilən arayışla bağlı ekspertizalar (məhkəmə-xəttşünaslıq, məhkəmə-mühasibatlıq və s) keçirməli, eyni zamanda İddiaçı ASC-nin “Zaqatala Regional“ Filialının keçmiş müdiri X1 və baş mühasibi X3 arayışı imzalamaları və onu təsdiq etmələri ilə əlaqədar məhkəmə iclasına çağıraraq şahid qismində dindirməli idi. Göründüyü kimi, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmadan hüquq və vəzifələrimizin pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də İddiaçı ASC-nin “Zaqatala Regional“ filialının keçmiş müdiri X1 və baş mühasibi X2 məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmələrinə zərurət vardır. Bütün bunlar bir daha onu göstərir ki, mübahisəsi gedən mülki işin məhkəmədə uzun müddət, yəni 2018-ci ilin dekabr ayından 2021 -ci ilin may ayına kimi davam etməsinə baxmayaraq, məhkəmə mülki işin materiallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, nəticədə isə bankın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran qətnamə qət edərək iddia tələbi rədd edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(024)-245/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(024)-245/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(024)- 245/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış TB ZAQ 52/12 №-li 23 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 23 yanvar 2012-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin X4 verdiyi 23.12.2013-cü il tarixli 29/483 saylı notarial qaydada təsdiq edilmiş arayışından müəyyən edilir ki, Cavabdeh1 filiala olan bütün öhdəliklərini tam yerinə yetirmiş və filiala heç bir kredit borcu qalmamışdır.. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Şikayətdə qeyd edilir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən arayışa istinad edilərkən həqiqətən də onun Bank (Filial müdirinin əvəzi X6 mənafeyi baxımından çıxış edib-etməməsi) tərəfindən verilib-verilməməsi, saxta olub-olmaması, arayışın hansı şəraitdə alınması və ya tərtib edilməsi, onu verən şəxslərin həmin arayışı imzalamağa səlahiyyətlərinin (etibarnamə və ya protokol) olub-olmaması, daha sonra həmin arayışa imza edən şəxslərin öz iradələri leyhinə imza edib-etməmələri, bir sözlə Cavabdeh1 sözügedən arayışı hansı vasitə ilə alması tam araşdırılmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, qeyd edilən halları araşdırmaq məhkəmənin səlhiyyət xaricindədir. Həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni məhkəmələr tərəflərin əvəzindən sübut toplamır. Ona görə də şikayət həmin hissədə əsassızdır. Daha sonra şikayətdə qeyd edilir ki, "xxxx" ASC-nin X7 tərəfindən verilmiş 23.12.2013-cü il tarixli, 29/483 nömrəli kredit borcunun tam olaraq ödənilməsi barədə arayışın doğruluğunun təsdiqi üçün Cavabdeh1 kredit borcu ödəmələri ilə bağlı “ödəniş qəbzləri məhkəməyə təqdim edilməmiş və təqdim edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. Kollegiya bir daha vurğulayır ki, cavabdehin banka borcu olmamasına dair arayışın saxta olmasını sübut etmək həmin arayışı vermiş bankın üzərinə düşür. Ona görə də şikayət həmin hissədə də əsassızdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(024)-245/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(024)-245/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar