Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1766/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-378/2020 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-378/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmiş, cavabdeh X1 1800 (bir min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 (bir min səkkiz yüz otuz) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək X1 (bundan sonra cavabdeh) 1800 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, cavabdeh bacanağıdır. O, 2006-cı ildən cavabdehin həyat yoldaşının adına olan İsmayıllı rayon Aşağı Zərnava kəndi ərazisində yerləşən 1,43 hektar icarəyə götürərək əkib becərmiş və hər il icarə haqqını ödəmişdir. 2015-ci ildə cavabdeh və yoldaşı onlara gəlmiş və həmin torpaq sahəsinin satmaq istədiklərini bildirmişlər. O, həmin torpaq sahəsini almaq qərarına gəlmiş və cavabdehlə 1600 manat pula razılaşmışdır. Cavabdeh torpaq sahəsinin sənədlərini ona vermiş və o həmin torpağı almaq üçün cavabdehə ümumilikdə 1800 manat pul vermişdir. O cavabdehlə qohum olduğu üçün torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirməyə tələsməmişdir. 2019-cu ilin dekabr ayında cavabdeh torpağın sənədlərinin əslinin ona qısa müddətə lazım olduğunu bildirərək sənədləri istəmişdir. O da cavabdehin sözünə inanaraq sənədləri vermişdir. Sonradan o, cavabdehə həmin torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirmək istədiyini bildirmişdir. Bu barədə onun cavabdehlə çoxlu telefon danışıqları olmuşdur. Cavabdeh həmin danışıqlarda da ondan pul almasını etiraf etmiş və yaxın günlərdə alğı-satqı müqaviləsinin rəsmiləşdirəcəyini bildirmişdir. Sonradan cavabdeh müxtəlif bəhanələr gətirərək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən imtina etmiş, torpaq sahəsini onun məlumatı olmadan başqa şəxsə satmışdır. Cavabdehin ona satdığı torpaq sahəsinin hazırda bazar qiymətləri ilə dəyəri daha yüksək olsa da o, cavabdehlə qohum olduqları üçün torpağın hazırki dəyərini tələb etmir, verdiyi pulun geri qaytarılmasını istəyir. Cavabdehdən torpağın alınmasına görə verdiyi 1800 manat pulu və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2006-cı ildə həyat yoldaşının adına olan 1,43 hektar torpaq sahəsini iddiaçıya icarəyə vermişdir. İddiaçı həmin torpaq sahəsini əkib becərərək ona ildə 200 manat pul verəcəyini bildirmişdir. Lakin bir ildən sonra bol məhsul olmadığından ona 50 manat pul vermiş, bir müddət sonra isə 100 manat pul, 200 kiloqram buğda və 200 manat subsidiya pulun göndərmişdir. İddiaçı ona icarə haqqı olaraq cəmi 850 manata yaxın pul vermişdir. O, iddiaçıya torpaq sahəsini satmamışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, iddiaçı əridir. Əri cavabdehə mübahisəli torpaq sahəsinin satın alınmasına görə 2 il müddətinə 1800 manat pul vermişdir. Cavabdeh əvvəllər həmin torpaq sahəsini satdığını etiraf etsə də sonradan onları aldadaraq torpaq sahəsinin sənədlərini götürmüş və torpağı digər şəxsə satmışdır. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, cavabdeh əridir. Mübahisəli torpaq sahəsi onun adına olmuşdur. Onlar iddiaçıya güvənərək həmin torpaq sahəsini icarəyə vermişlər. İddiaçı onun ərinə 14 il ərzində cəmi 800 manat icarə haqqı vermişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X5 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh X5 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, 2006-ci ildə həyat yoldaşının adına olan 1.43 hektar torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İddiaçı həmin torpaq sahəsini əkib becərərək ildə ona 200 manat pul verəcəyini bildirmişdir. Lakin bir ildən sonra isə 100 manat pul, 200 kiloqram buğda və 200 manat subsidiya pulunu göndərmişdir. İddiaçı ona icarə haqqı olaraq ümumilikdə 850 manata yaxın pul vermişdir. O, ona torpaq sahəsini satmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi CD-diskə köçürülmüş audio yazılar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı onun bacanağıdır. Uzun illərdən bəri bitib tükənə bilməyən hikkəsindən və ambisiyasından əl çəkmir. Müxtəlif vaxtlarda səsləndirdiyi sözlər müxtəlif üsullarla audio yazıları əldə edərək CD-diskə köçürmüş və şər-böhtan atmaqla ona qarşı iddia irəli sürmüşdür. Ona qarşı gizli işlər planlaşdırır və bu gündə əməllərindən əl çəkmir. Halbuki, İddiaçı ona qarşı irəli sürdüyü iddiasi tam əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-378/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiası təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edira. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, İddiaçı icarəyə verdiyi, həyat yoldaşının adına olan, 1,43 ha torpaq sahəsinə görə ondan cəmi 5800 manat almalı olduğu halda Kamal üst-üstə cəmi 1400 manat pulu ona vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-378/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, topaq alqı-satqısı ilə bağlı 1,43 ha torpağa görə bacanağı olan cavabdeh X3 əlbəəl 1400 manat və iki dəfə ayrı-ayrı vasitələrlə, hər dəfəsindən 200 manat olmaqla cəmi 1800 manat pul vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)- 378/2020 nömrəli qətnaməsi qismən-cavabdeh X1 1800 (bir min səkkiz yüz) manat borc məbləğinin alınaraq İddiaçı ödənilməsi hissəsinin 400 (dörd yüz) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı cavabdeh X3 qarşı 1800 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsi tələbinə dair iddiasının 400 (dörd yüz) manatına aid hissəsi rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi CD-diskə köçürülmüş audio yazılara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, telefon əlaqəsi zamanı iddiaçı torpaq alğı-satqısına görə cavabdehə 1600 manat pul verdiyini, cavabdeh isə torpağa görə 1400 manat aldığını və yaxın zamanlarda ailə üzvləri ilə birlikdə gəlib alğı-satqı müqaviləsini rəsmiləşdirəcəyini bildirir. Cavabdeh eyni zamanda iddiaçıdan torpaq sənədinin əsillərinin müvəqqəti olaraq ona qaytarılmasını xahiş edir, iddiaçı da həmin sənədləri Sərraf adlı şəxsə verəcəyini və ondan götürməsini bildirir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinəistinad etmişdir. Həmin maddənin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin satın alınmasına görə cavabdehə ümumilikdə 1800 manat pul vermişdir. Cavabdeh iddia tələbini etiraf etmir, iddiaçıya torpaq sahəsini satmadığını və ona cəmi 850 manata yaxın icarə haqqını verdiyini bildirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının göstərdiyi faktlar məhkəmə iclasında sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 400 manatına aid hissəsində gəldiyi qənaəti düzgün deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1,43 ha torpaq sahəsinin alqı-satqısı məqsədi ilə X3 verdiyi 1800 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 1,43 ha torpaq sahəsini İddiaçı 2006-cı ildən hər il 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verdiyini, İddiaçı ona icarə haqqı kimi 5800 manat ödəməli olduğu halda cəmi 1400 manat ödədiyini, qalan pulu isə ödəmədiyini bildirmişdir. İddiaçı tələb etdiyi 1800 manat pulun 1400 manatını X3 verdiyini X2 həmin məbləğdə pulu almasını etiraf etməsi səbəbindən sübut edə bilmişdir. Onun tələb etdiyi 400 manatla bağlı iddiasını təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Cavabdeh X5 1,43 ha torpaq sahəsini İddiaçı 2006-cı ildən hər il 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verməsini və icarə puluna görə İddiaçı ona 5800 manat ödəməli olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına qismən uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. İddiaçının iddia tələbi işin faktiki halları ilə tam təsdiq edilmədiyindən tam inandırıcı deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı tam təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-378/2020 nömrəli qətnaməsi qismən-cavabdeh X1 1800 (bir min səkkiz yüz) manat borc məbləğinin alınaraq İddiaçı ödənilməsi hissəsinin 400 (dörd yüz) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı cavabdeh X3 qarşı 1800 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsi tələbinə dair iddiasının 400 (dörd yüz) manatına aid hissəsi rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-378/2020 nömrəli qətnaməsi qismən-cavabdeh X1 1800 (bir min səkkiz yüz) manat borc məbləğinin alınaraq İddiaçı ödənilməsi hissəsinin 400 (dörd yüz) manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X3 qarşı 1800 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsi tələbinə dair iddiasının 400 (dörd yüz) manatına aid hissəsi təmin edilməsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1766/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1766/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver